Pol Qogenin məşhur tablosunda şifrələnmiş 15 simvol

Post date:

Author:

Category:

Modern sənətin öncüllərindən sayılan Pol Qogen (Paul Gauguin) 1848-ci ildə Parisdə anadan olmuşdur. Uşaq ikən ailəsi ilə birgə Peruya köçmüş və bir müddət orada yaşamışdır. Müvəffəqiyyətli kariyera və ailə həyatına sahib olan Qogen incəsənətə marağı ilə bağlı olaraq impressionist rəssamların rəsmlərini toplamağa başlamış və sərgilərdə iştirak etmişdir.  Lakin o, bir kolleksioner olmaqla kifayətlənməyərək həftə sonlarında rəsm çəkməklə məşğul olmağa başladı və  bu Pol Qogenin sənət tarixini fəth edişinin ilk kiçik addımları idi.

Bir müddət dəniz donanmasında işlədi  və bank məmuru oldu. Lakin sistemli, hamının pul və sərvət dalınca qaçdığı bu yaşam tərzindən məmnun olmadı və özünü boyalara həsr edərək ailəsi və işindən uzaqlaşdı.

Bir müddət Sezan, Pisarro Van Qoq ilə çalışmışdır. Van Qoq ilə uzun sürən dostluqları Arlda birgə yaşayıb işlədikləri zaman münasibətlərinin gərginləşməsi nəticəsində Qogenin Vincentin yanından köçməsi ilə soyumuşdur.

İlk vaxtlar o uşaq və mənzərə şəkilləri çəkmiş sonradan isə o öz əsərlərində xəyal gücünü gücləndirərək mücərrəd formada  işləməyə başlamışdır.

1897-1898-ci illərdə çəkilən və Zərif Sənətlər Muzeyinin (Boston, ABŞ) kolleksiyasında saxlanılan “Biz haradan gəldik? Biz kimik? Biz hara gedirik?” əsəri Pol Qogenə görə, onun şahəsəri və fikirlərinin qısa məcmusudur. Bu əsər Qogenin həyatın mənası ilə bağlı sorğulamalarını əks etdirir.

Əsərdə yer alan fiqurlar insanın yaradılışı və varoluşu ilə bağlı sualları cavablandırır.  Bu əsərin çox mühüm bir xüsusuiyyəti var: o, sağdan sola “oxunur”.

Qogen kətanın üzərində insan həyatının doğuluşdan ölümədək tarixini təsvir edərək onu əllərini yuxarı qaldırıb yetişmiş meyvələrə uzadan büt heykəlin (idolun) ətrafına yerləşdirib. Sağdan sola baxdıqda rəsmin sağındakı hələ gün işığını təzə görən körpə həyatın başlanğıcını təmsil edir. Ən soldakı – keçmişə hüznlü gözlərlə baxan qocalmış qadın isə ölümə – həyatın sonuna işarə edir. Bu iki əsas fiqur səhnənin iki ucunu müəyyən edir və tabloda bu iki fiqur paralel yerləşdirilmişdir. Səhnənin ortasında yetkinlərin yaşama yanğısı, qorxuları ilə dolu dünyaları təsvir edilib. Tanrı heykəli və yanındakı insan tanrıya olan məhəbbətinin, sarmaş dolaş gəzən iki fiqur isə insanın insana olan sevgisinin növünü göstərir.

Arxası bizə tərəf çevrilmiş cinsiyyəti bəlli olmayan fiqur insanın üz cinsiyyətinin fərqinə varmasını göstərir. Alma toplayan gənc və alma yeyən qız Adəm və Həvvaya işarə edir. Tabloda insanlar, heyvanlar, bitkilər, qayalıqlar, su və səma yer alır. Təməl rənglər mavi, yaşıl və narıncı rənglərdir.

1. Yatmış uşaq – hələ Yer üzünə enməmiş insan ruhunun rəmzidir.

2. İt – insanı yerdə gözləyən bədbəxtliklərin rəmzidir.

3. Üç qadın – insan ruhunun vücudda olduğu andan dünyaya gələnədək olan ilk mərhələyə işarədir.

4. Xeyir və şər ağacından meyvə dərən kişi – insanda dünyanın yaranış sirlərini dərk etmək istəyinin oyanmasının rəmzidir.

5. Əlini başına qoymuş fiqur – həyatın “lənətlənmiş suallar”ına cavab tapa bilməmək, imkansızlıqdan ümidsizliyə qapılan insanın inkişafının ikinci mərhələsini təcəssüm edir.

6. Qırmızı geyimli iki fiqur – insanın təhlil etmək qabiliyyətinə çatdığı ruhi inkişafın üçüncü pilləsinin təcəssümüdür.

7. Quş – Qədim Misir incəsənətindən götürmüş ruhani yolun rəmzidir.

8. Qara geyimli qadın – ruh özünün Yerdəki formasının məğzinə yetdikdən sonra onun ən yüksək inkişaf mərhələsinin rəmzidir. O, ruhun iztirablar içində bərkiməkdə olduğunu bildirir.

9. Su mənbəyi (bulaq) – əbədiyyət rəmzidir.

10. Büt heykəl – azad olmuş ruhun göylərdə yenidən diriləcəyinə ümidi təcəssüm etdirir.

11. Yeniyetmə fiquru – özünü dərk etməyə can atanların, lakin buna yetmədiyindən yalnız mövcudluğa bələd olanların ruhunun hələ rüşeym səviyyəsində olduğunun rəmzidir.

12. Keçi, pişik balası və küçük – Qogenin sözlərinə görə, ruhun axtarış əzablarını bilməyən, maddi təbiətin hökm sürdüyü laqeydliyin mövcudluğunun rəmzidir.

13. Geyimsiz qadın – maddi dünyanın qanunlarına uyğun yaşayan kəslərin arxasınca yüyürdüyü həzzin rəmzidir.

14. Qarı – bədənin ölümə məhkumluğunu simvolizə edir.

15. Caynaqlarında kərtənkələ tutmuş quş – Qogenin sözlərinə görə, əcəlin qaçılmaz olduğunun rəmzidir.

 

Bu tablo Pol Qogenin mənəvi işgəncə illərinin məhsuludur desək yanılmarıq. O artıq itirəcək bir şeyi olmadığını düşünərək rəsmə kobud fırça toxunuşları etmişdir. Simvolizm və modern üslubuna yaxın, postimpressionizmin əsas nümayəndələrindən olan Pol Qogen sintetik ümumiləşdirmələrdən, rəng və xətlərin sadələşdirilməsindən məharətlə istifadə edirdi. O, sağlığında şöhrət tapıb çox məşhur olmasa da, postimpressionizmin tanınmış sənətkarları onu yüksək qiymətləndirirdilər.

İstifadə edilmiş mənbələr:

  1.  Nereden geliyoruz? Neyiz? Nereye gidiyoruz?
  2.  Paul Gaugin ve Tahitili yerliler
  3. Paul Gaugin hayatı ve eserleri

Redaktə etdi: 

Pəri Abbaslı

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.