Populyasiyanın genetik sturukturuna mutasiyanın və seçmənin təsiri

Post date:

Author:

Category:

Əgər genlər mutasiyaya uğramırsa, populyasiyada onların tezliyinin nisbi olaraq daimi qalması mümkündür. Lakin təkamüldə irsi dəyişkənliyin ilkin mənbəyini mutasiyalar təşkil edir.

Doğrudur, gen təbiətdə nadir hallarda mutasiyaya uğrayır, lakin genofondda çoxlu miqdarda mutasiyalar baş verə bilər. Yeni mutant genin meydana gəlməsi başlanğıc genin tezliyini dəyişir. Məs., A geni mutasiyaya uğrayaraq a geninə çevrilə bilər (A→a). Bu qayda üzrə baş verən hər yeni mutasiya nəticəsində populyasiya öz sabitliyini saxlaya bilmir. Mutant genlər orqanizmə müxtəlif təsir bağışlaya bilər, onlar faydalı, zərərli (letal) və yaxud neytral ola bilər. Mutant genin populyasiyada nə dərəcədə faydalı və yaxud zərərli olmasını seçmə müəyyən edir. Bu nəticəni təbiətdə təbii seçmə, seleksiya işində süni seçmə müəyyən edir.

Dəyişmiş geni daşıyan fərdlər populyasiyada həm arta, həm də azala bilər. Müxtəlif mutant genlərin kompleks halda təsiri də orqanizmlərin uyğunlaşma dərəcəsinə təsir edir. N.P.Dubinin (1934-1937) göstərmişdir ki, mutasiya prosesi və orqanizmlərin mutasiya qabiliyyəti populyasiya üçün adaptiv əhəmiyyət kəsb edir. Müxtəlif genlərin mutasiya tezliyi müxtəlifdir. Bəzi genlərin tezliyi 102 -yə çatır, yəni hər 100 qametdən birində mutasiya baş verir. Genetik təzyiq. Gizli resessiv genlərin populyasiyada yayılması genetik təzyiqə gətirir. Belə hal bir tərəfdən mühitə uyğunlaşmaq üçün genetik dəyişkənliyin gizli mənbəyi kimi istifadə olunur, digər tərəfdən mənfi allellərin meydana gəlməsi fərdlərin həyat qabiliyyətinə və döllülüyünə təsir edərək adların mühitə uyğunlaşmasını aşağı salır və populyasiyaların sayını azaldır.

Genetik təzyiq üç cür olur: mutasion, tarazlaşdırılmış və keçid. Mutasion təzyiq dominant allelin (A) resessiv allelə (a) dəyişilməsi nəticəsində əmələ gəlir, yəni A→a. Bu prosess nə qədər çox baş verirsə, bir o qədər populyasiya a alleli ilə zənginləşir. Seçmə,mühitə uyğunlaşa bilməyən homoziqot genotipləri aa çıxdaş edərək, populyasiyanın resessiv allellərlə zənginləşməsinin qarşısını alır. Ümumi genetik təzyiq ayrı-ayrı lokuslarınn genetik təzyiqinin cəmi əsasında yaranır. Tarazlaşdırılmış genetik təzyiq əsasən heteroziqot genotiplərin saxlanılması (AB>AA vəBB) və bir də yüksək dominantlıqla (Aa>AA) şərtləşir. Beləliklə, tarazlaşdırılmış genetik təzyiq AB və Aa genotiplərində heteroziqot fərdlər mühit şəraitinə yüksək uyğunlaşma nümayiş edərək fərdlərin həyat qabiliyyətini artırırlar. Keçid genetik təzyiq-müəyyən şəraitdə adaptiv allel öz uyğunlaşma xüsusiyyətlərini zəiflətmiş olur, lakin yeni allelin uyğunlaşma xüsusiyyəti hələ adaptiv səviyyəyə çatmamış olur. Bu zaman genetik təzyiq başlanğıc allelin hesabına yaradılır. Süni seçmədə genetik təzyiq müsbət rol oynaya bilər, çünki o, genetik dəyişkənliyin mənbəyi kimi mühitin yeni faktorlarına daha da yaxşı uyğunlaşdığına görə genotiplərin toplanmasına imkan verir.

Genlərin dreyfi.

Təsadüfi faktorların təsiri nəticəsində genlərin sıxlığının dəyişilməsi hadisəsi genetik dreyf adlanır. Bu xüsusi bir proses olaraq fərdlərin sayı məhdud olan təcrid olunmuş populyasiyada müşahidə olunur. Populyasiyanın ölçüsü nə qədər böyük olarsa, resessiv homoziqotların üzə çıxması ehtimalı da bir o qədər az olur. Həmçinin populyasiyanın ölçüsü kiçildikcə heteroziqotların görüşmə ehtimalı və homoziqot resessiv formaların artması çoxalır. Kiçik populyasiyalarda təsadüfi olaraq seçmə ziyanlı genləri daha tez çıxdaş edərək, faydalı genləri toplayır. Həmçinin kiçik populyasiyalarda təsadüfi olaraq ayrı-ayrı genotiplərin artması ehtimalı inbridinqin nəticəsində çoxalır. Buna görə kiçik populyasiyalarda seçmə işləri apararaq genlərin dreyfi mənfi təsir göstərə bilər. Bu hadisəni seleksiya işində nəzərə almaq lazımdır.

Popilyasiyanın genetik sturukturuna seçmənin təsiri

Populyasiyanın genetik strukturunun dəyişilməsi, təbii və süni seçmənin təsiri nəticəsində baş verir, bu zaman allellərin və genotiplərin tezliyi dəyişilir və gen tarazlığı pozulur. Seçmənin təsiri ontogenezin müxtəlif mərhələlərində qeyd edirlər. Təbii seçmə xarici mühitin müxtəlif faktorlarının ayrı-ayrı fərdlərə və bütövlükdə populyasiyalara əsas təsiri ondan ibarətdir ki, orqanizmlərin müxtəlif həyat şəraitinə uyğunlaşmasını təmin edir. Təbii seçmənin
növlərin təkamülündə və uyğunlaşmaların formalaşmasında rolunu Ç.Darvin öz tədqiqatlarında göstərmişdir.

Populyasiyanı təşkil edən orqanizmlər bir-birindən irsi xüsusiyyətlərinə görə fərqlənirlər, buna görə də onların xarici mühitin şəraitinə reaksiyası müxtəlifdir. Təbii seçmə bəzi genotipləri saxlayaraq və digərlərini çıxdaş edərək populyasiyada orqanizmlərin müxtəlifliyinə gətirib çıxarır. Təbii seçmənin populyasiyaya təsir intensivliyinin ölçü vahidi orqanizmlərin uyğunlaşmasıdır. Belə hal seçmənin adaptiv və selektiv təsiri adlanır. Uyğunlaşmanın göstəricisi müəyyən genotiplərin çoxalma intensivliyi və sağ qalıb yaşama qabiliyyəti ilə bağlıdır. Müəyyən genotiplərin uyğunlaşması nə qədər yüksəkdirsə, bir o qədər həmin genotipin populyasiyada yayılma tezliyi yüksək olacaq. Uyğunlaşmanın komponentlərinə yaşamanın, döllülüyün, inkişafın sürəti, cütləşmənin effektivliyi, döllülük yaşının davamlılığı kimi göstəricilər aiddir.

Təbii seçmə, təbii populyasiyalarda fərdlərin həyat qabiliyyətinin ən mühüm əlamətlərinə toxunur. Ev heyvanlarını və mədəni bitkiləri çoxaltdıqda onların populyasiyalarının strukturuna süni seçmə – xüsusən insan üçün vacib olan və təsərrüfat nöqteyi nəzərindən böyük əhəmiyyət kəsb edən əlamətlər, məsələn məhsuldarlıq, çoxalma qabiliyyəti, xəstəliklərə qarşı davamlılığı və s. təsir edir. Mutasiyaların populyasiyada rolunu müəyyən etmək üçün yuxarıda qeyd etdiyimiz kimi “populysiyada genotipin adaptiv qiymətliliyi” anlayışından istifadə edirlər. Populyasiyada bir genotipin digər genotipə nisbətən daha yüksək yaşamaq və nəsil vermək qabiliyyəti həmin genotipin adaptasiya qiymətliliyi adlanır. Bu qiymət W=0 olarsa, onda genetik informasiya nəslə ötürülmür. W=1 olduqda genetik informasiya nəslə tam ötürülür. Deməli, genotipin bütün nəsli salamat qalır. Adaptasiyanın qiymətliliyi hər bir allelin seçmədən əvvəl və sonra populyasiyada sıxlığı ilə hesablanır ki, bu da öz növbəsində seçmə əmsalından asılıdır. Seçmə əmsalı S ilə işarə olunur. S-in qiyməti adaptasiya qiymətinin əksinə olur.
S-in qiyməti 1-ə bərabər olduqda W=0 olur. Əgər S=0 olarsa. Deməli, populyasiyada seçmə təsir göstərmir, əgər S=1 olarsa, deməli, nəzərə alınan genotipin nəsli salamat qalmır və ya dölsüz olur.

Bu halda W=0 olur. Seçmə əmsalının qiyməti vahidə yaxınlaşdıqca seçmənin təzyiqi artır. Bəzən normal genlər resessiv istiqamətdə deyil, dominant istiqamətdə mutasiya edir. Belə halda baş verən mutasiya birinci nəsildə genotipcə aşkara çıxır. Əgər dominant mutant gen faydalı olarsa, yəni adaptiv qiymətə maliksə, seçmə onu daşıyan fərdlərin sayını get-gedə artırır. Dominant gen letal xarakter daşıyırsa və ya tam dölsüzlüyə səbəb olursa, onda seçmə onu birinci nəsildə aradan götürə bilər. Resessiv mutasiyaların populysiyada müqəddaratı aşağıdakı kimi olur. Resessiv mutasiyanı daşıyan fərd, məsələn, aa populyasiyada get- gedə heteroziqot vəziyyətə keçir və (Aa)-nın artmasına səbəb olur. Təsəvvür edək ki, populyasiyada resessiv mutant geni daşıyan fərdlər aa tamamilə aradan çıxarılmışdır. Belə hallarda seçmə əmsalı S=1, yəni mutantın adaptiv qiyməti W=0 olur.

Mənbə:

S.Q.Həsənova, A.Q.Qarayeva,
Ə.H.Qədimov, M.R.Şəfiyeva- “Genetika”
(dərs vəsaiti)- 2014

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....