Qərb Dünyasına Məxsus Olan Ənənələrin Yəhudi-Xristian mənbələri

0
8

Qərb dünyası öz ənənələrinin əsaslarını iki başlıca qaynağa istinad edərək qoymuşdur: 1)Yəhudi-Xristian; 2)Yunan-Roma və ya başqa sözlə, klassik mənbələr adı altında elmə daxil olan mənbələri qeyd etmək mümkündür. Lakin çox keçmədən tarixçilər bu iki təməl qaynağa daha birini, almanca olanını da əlavə etmək niyyətində oldular. IV əsrin əvvəllərindən etibarən Qərbi işğal edən cahil qövmlərin – Roma imperatorluğunun hüdudlarını aşan barbarların artıq ərazidə mövcud olan ənənələrin dərinliyi və qalıcılığı səbəbinə görə bölgədə yaşıllaşan mədəniyyətin üzərində müdafiə oluna biləcək bir xüsusiyyətdə iz buraxmış olmaları mümkün deyildir. Məhz Qərb ənənələrindəki Yəhudi-Xristian və Yunan-Roma ünsürlərinin dərinliyi və özünün qoruyucu xarakter alması Qərb dünyasında davam edən düşüncə və davranış vərdişlərinin bu gün belə 1500,3000 il əvvəl ölən insanların intellektual kəşflərinin və ruhani dünyagörüşünün təsiri altında olmasına səbəb olmuşdur. Bu bölmədə antik çağdan başlayaraq Qərb ənənələrinin iki böyük dini, yəni Yəhudilik-Xristianlıq ilə Yunan-Roma mədəniyyətlərinin mədəni, fəlsəfi və siyasi anlayışlarının əlaqələri təsvir edilir.

Dinin qədim zamanlardan başlayaraq insanlar üçün təməl bir mənəvi ehtiyac olaraq təzahür etdiyi məlumdur. Bu dövrlərdə çoxsaylı dinlərə ibadət edilməsi və batil inancla okültizm qarışığı kimi nüanslara rast gəlinməsi ilə yanaşı oda, Günəşə, heyvanlara ibadət etmə və bunlara müəyyən bir təriqət quruluşu qazandırmaq səyləri də ümdə məsələlərdən birinə çevrilmişdir.

Qərbdə bu iki dindən başqa yəni, yəhudilik və xristianlıqdan başqa heç bir məzhəbə sitayiş edilməmişdir. Xristianlıq ilk anlardan etibarən Yəhudiliklə sıx əlaqədə formalaşmışdır. Belə ki, xristianlar Xristianlığın yeni bir vəhy olduğuna inanmaqla bərabər, həm də bu məzhəbin İsrail oğullarının (Suriyanın cənubunda yaşayan yəhudilərin) dininin davamı olduğunu bildirirdilər. Hz. İsanın (Qərbin düşüncələrinə əsaslanan mətnlərdə xristian peyğəmbərinin adının qarşısında “Həzrət” sözü yoxdur, tərcümə türk dilli mənbədən edildiyi üçün burada türk oxucusunun hissləri nəzərə alınaraq “həzrət” sözü müəllif tərəfindən əlavə edilmişdir) gəlişinin İsrailli kahinlər tərəfindən yüzlərlə il əvvəl xəbər verildiyinə və onun Hz.İbrahimin Kalde sivilizasiyasının Ur şəhərində etdiyi çağırışla başlayan Tanrı təzahürünün bir zirvəsi olduğuna inandılar.

 

İndi isə  bu məqaləmizdəki yazıları daha müfəssəl şəkildə başa düşmək üçün bu mənbələrin hər birinə ayrı-ayrılıqda müraciət edək.

                        YƏHUDİLƏR

Yəhudilərin mənşəyi tam olaraq elmə bəlli deyildir. Eramızdan əvvəl 1400 ilə 1200 arasında davam edən müvafiq bir tarixdə bir qrup köçəri tayfalar Suriyanın cənubuna Kənan torpaqları adlanan bölgəyə köç etdilər. Özlərini (Hz.) İbrahimin nəvəsi olan ataları İsrailin (Yaqubun) adı ilə tanıdaraq onun 12 oğlunun sülbündən olduğunu iddia etdilər. Vaxt getdikcə ünsiyyət saxladıqları xalqlar onları İsrailin 12 oğlundan biri olan Yahudadan törəyən və ya Yəhudi deyə səsləməyə başladılar. Yəhudilər özləri ilə bərabər Kənan torpaqlarına Misirdə bir neçə əsr yaşamış olduqlarını izah edən bir ənənə də gətirmişdilər. Qədim əfsanələrin bəzilərində onların Tanrının möcüzəvi müdaxiləsi sayəsində Misirdən çıxdıqları və Tanrının Kənan torpaqlarını Hz. İbrahimə və onun qanuni soyundan gələnlərə ana yurdu olaraq şəxsən vəd etdiyi barəsində məlumatlar öz əksini tapmışdır. Kənan torpaqlarında, Qüdsün ətrafındakı dağlıq bölgələrdə məskən salan yəhudilər e.ə 1000-ci illərin əvvəllərindən etibarən zəngin və qüdrətli bir dövlət halına gəlməyə başladılar. Kralları Davud və Solomonun (Hz. Süleyman) rəhbərlik etdiyi dövrlərdə onlar qonşu dövlətlərin zəif olmasından və Finikiyalıların Aralıq dənizi sahilindəki zəngin ticarət imkanlarından geniş surətdə yararlanmağa başladılar. E.ə təxminən IX və VIII əsrlərdə Orta Şərqin böyük gücləri arasında yenidən başlayan mübarizədə yəhudilər özlərini Mesopotamiyanın babilliləri və assurları ilə Nil vadisinin misirli əhalisi arasında sıxışıb qalmış bir vəziyyətdə tapdılar. Sözügedən güclü dövlətlər aralarındakı bölgənin nəzarətini öz əllərinə almaqdan ötrü mübarizə aparmaqda idilər və yəhudilərin özlərinə ana yurdu olaraq seçdikləri Kənan torpaqları da məhz bu mübarizə meydanına çevrilən bölgənin bir hissəsini təşkil edirdi. Orta Şərq siyasətinin çətin bir dolaşıqlıq dövrünü yaşadığı müddətdə öz ərazi problemlərini həll etməyə çalışan yəhudilər zaman-zaman Fələstin uğrunda mübarizə aparan tərəflərlə yaranan şəraitdən asılı olaraq ittifaq yaratmağa can atırdılar.

Solomondan sonra yəhudilərin dövləti şimalda İsrail krallığı, cənubda isə ərazi baxımından daha kiçik olan Yəhuda krallığı olmaqla iki yerə ayrıldı və beləliklə, bu ərazilər də çox vaxt bir-birindən asılı olmayan, tamamilə müstəqil bir siyasət yürütməyi özləri üçün başlıca vəzifə hesab etməyə başladılar. Bu cür vəziyyət bizim eradan əvvəl 722-ci ildə assurlar İsraili, b.e.ə. 586-cı ildə isə babillilər Yəhuda krallığını ələ keçirənə qədər artan bir tezliklə davam etdi və son olaraq şimaldakı İsrail krallığında yəhudi əhalisinin tarixdən silinməsi ilə nəticələndi. Cənubda mövcud olan Yəhuda krallığına gəldikdə isə qeyd edə bilərik ki, bu krallığın əhalisinin bir qismi b.e.ə.539-cu ildə farsların Babili fəth etməsi ilə Fələstin ərazisində məskunlaşmağa məcbur oldu. Ancaq  öz müstəqilliklərini davam etdirmək onlara o qədər də asan olmadı. Belə ki, bu xalq farslardan yunanlara (e. ə. 333-63) və romalılara (e.ə.63-eramızın 70-ci ili) qədər bir sıra böyük güclərə itaət etmək məcburiyyətində qaldı və beləliklə, Yəhudilik tarixi b.e.ə. ikinci əsrin ortalarından makabilərin rəhbərliyi altındakı qısa bir müddət istisna olmaqla, demək olar ki, tamamilə asılı və xərac verən bir xalqın tarixindən ibarət ağır bir dönəmə çevrildi. Nəticə etibarilə, antik Yəhudi dövlətinə eramızın 70-ci ilində Qüdsdəki böyük məbədi yerlə yeksan edən romalılar tərəfindən son qoyulmuş oldu.

İndi isə yunanların müqəddəs saydıqları mətnlərdə yaradılışın nə zamandan başlaması və necə təsvir olunması ilə bağlı aşağıdakı məlumata müraciət edək.

1. İnsan oğlu və dərdləri və ya hər şey nə zamandan etibarən öz mövcudluğuna qovuşmuş oldu?

Kitabi-Müqəddəsin (Bibliyanın) Əhti-Ətiq (Öncəki Sözləşmə: Tövrat və Zəbur) olaraq bilinən ilk bölməsindəki sənədlərində yəhudilərin müqəddəs yazıları öz əksini tapmışdır. Belə ki, qədim vəsiyyətnamədə onların və eləcə də, bütün digər insanların mövcudluğunun yəhudilərin tanrısı ilə əlaqəli bir şəkildə təzahür etməsi ilə bağlı məlumatlara yer verilmiş və beləliklə, bu müqəddəs kitabın ilk bölmələri – Yaradılış (Genezis) insan oğlunun beynini hər bir çağda məşğul edən suallara cavab vermək mahiyyəti daşımışdır.

Yaradılış (Genezis)

Burada bildirilir ki, başlanğıcda Tanrı yeri və göyü yaratdı. Yer boş idi, heç bir yer üzü şəkillərinə rast gəlinmirdi, hər tərəf əngin qaranlıqlarla örtülmüşdü. Tanrının ruhu suların üzərində hərəkət edirdi. O, “İşıq olsun” – deyə buyurdu və işıq oldu. Beləliklə, Tanrı işığı qaranlıqdan ayırdı. İşığa “gündüz”, qaranlığa isə “gecə” adını verdi. Bununla da, axşam oldu, sabah oldu və ilk gün formalaşmış oldu. Daha sonra Tanrı: “Suların ortasında bir qübbə yaransın və suları bir-birindən ayırsın” – deyə buyurdu və beləliklə, göy qübbəsini yaratdı. Qübbənin altındakı suları üstündəki sulardan ayırdı, qübbəyə isə “göy” adını verdi. Beləliklə də, yenə axşam oldu, sabah oldu və nəticədə, ikinci gün yaranmış oldu. Bundan sonra Tanrı: “Göyün altındakı sular bir yerə toplansın, quru torpaq görünsün” – deyə əmr etdi. Quru sahəni “torpaq”, toplanan suları isə “dəniz” adlandırdı. Ardınca Yer üzünü bitkilər, toxum verən otlar, toxumu meyvəsində olan meyvə ağacları ilə zənginləşdirdi. Beləliklə də, üçüncü gün meydana gəlmiş oldu.
Zaman-zaman göy qübbəsində Tanrı gündüzü gecədən ayıran, Yer üzünü nura qərq edən işıqları var etməyə başladı ki, məhz bu əlamətlərə istinad edərək fəsillər, günlər, illər öz mövcudluğuna qovuşmuş olsun. Növbəti gün Yer üzünü aydınlaşdırmaq, gündüzə və gecəyə dominant olmaq, işığı qaranlıqdan ayırmaq üçün ulduzları yaradaraq onları göy qübbəsinə yerləşdirdi. Tanrı: “Sular canlı varlıqlarla dolub daşsın, səmada quşlar uçuşmağa başlasın” – deyə Yer üzünə hökm etdi. Beləliklə də, O, böyük dəniz canavarlarını, sulara hakim kəsilən canlıları və müxtəlif növ uçan varlıqları Yer üzünə bəxş etmiş oldu. Bütün bunların əsasında beşinci gün formalaşmış oldu. Davamında isə cürbəcür ev heyvanları, vəhşi heyvanlar, sürünənlər törədərək ətrafı canlı aləmlə əhatələnmiş bir sferaya bürüdü. Tanrı bu dəfə isə: “Dənizdəki balıqlara, səmadakı quşlara, ev heyvanlarına, sürünənlərə – bütün Yer üzündə yaşayan varlıqlara dominantlıq edə biləcək, özümüzə bənzər insan yaradaq” – deyə əmr etdi və öz surətində insan yaratdı. Onları kişi və qadın olaraq xəlq etdi və: “Məhsuldar olun, çoxalın, Yer üzünü öz nəzarətinizə alın” – deyə buyurdu. Toxum verən hər otu, toxumu meyvəsində tapılan hər meyvə ağacını insanlara qida mənbəyi olaraq verdi. Vəhşi heyvanlara, səmadakı quşlara, sürünənlərə, nəfəs alıb verən bütün heyvanlara isə yaşıl otları qida olaraq müəyyənləşdirdi. Nəticədə, altıncı gün meydana gəldi.
Beləliklə, Yer və göy bütün elementləri ilə hazırlanaraq tamamlanmış oldu. Yeddinci günə gəldikdə Tanrı etməkdə olduğu işi bitirərək istirahət etməyə başladı və bu günü müqəddəs bir gün olaraq müəyyən etdi.

GÖYÜN VƏ YERİN YARADILIŞ HEKAYƏSİ

Tanrı göyü və yeri yaratdıqda Yer üzündə bir yabanı fidan, bir ot belə bitməmişdi. Çünki o, hələ Yer üzünə yağış göndərməmişdir. Torpaqla məşğul olan bir insan yox idi. Yerdən yüksələn buxar bütün torpaqları sulayırdı. Tanrı Adəmi torpaqdan yaratdı və  burnuna yaşam nəfəsi üfürdü. Beləcə, Adəm canlı bir varlığa çevrildi. Daha sonra Tanrı Şərqdə, Edendə bağça tikdi, yaratdığı Adəmi oraya yerləşdirdi, bağçada növbənöv məhsuldar ağaclar yetişdirdi və bağçanın ortasında dirilik ağacı ilə yaxşı və pisi ayıra bilən yeni ağac növləri yaratdı.

Növbəti mərhələdə Edendən bir çay yaranır və bağçayı sulayıb orada dörd qola ayrılırdı. İlk qolun adı Pişondur. O, qızıl ehtiyatlara malik olan Havila sərhədləri boyunca axır. Burada həm də qatran və oniksə (damarlı əqiq) də rast gəlinir. İkinci qol Gihon adlanır və Quş sərhədlərini əhatə edir. Üçüncü qolun adı Dəclədir, Aşşurun şərqindən axır və nəhayət, dördüncü qol isə Fərat çayıdır.
Tanrı Eden (bəzi mənbələrdə cənnət bağçası kimi də keçir) bağçasına baxması, ona qulluq etməsi üçün Adəmi oraya yerləşdirdi. Ona bağçada istədiyi ağacın meyvəsini yeyə bilmək imkanı verdi. Amma yaxşı və pisi ayıra bilən ağacdan yeməyini qadağan etdi. Çünki əgər bu ağacın meyvəsi ilə qidalansa, həmin gün mütləq öləcəkdi.

Tanrının növbəti addımı Adəmin tək qalmaması üçün ona uyğun bir yardımçını xəlq etməyə qərar verməsi oldu. O, yerdəki bütün heyvanları, səmadakı bütün quşları torpaqdan yaratmışdır. Onlara ad qoymaq üçün hamısını Adəmin yanına gətirdi. Adəm hər birinə nə ad verdisə, o canlı həmin adla anıldı. Amma özü üçün uyğun bir yardımçı tapa bilmədi. Tanrı Adəmə dərin bir yuxu verdi və o yatarkən qabırğa sümüklərindən birini alıb yerini ətlə bürüdü və həmin qabırğa sümüyündən bir qadın yaradaraq onu Adəmin yanına gətirdi. Adəm: “Bu yeni varlıq mənim sümüklərimdən alınmış sümük, ətimdən alınmış ətdir” – dedi və adamdan alındığı üçün ona qadın deyiləcək deyə əlavə etdi. Buna görə də, insan anasını, atasını buraxıb qadınına bağlanacaq, ikisi bütöv bir bədən olacaqdı. Həmin zamanlar Adəm də, onun qadını da çılpaq idilər və hələ ki, utanc hissi nədir bilmirdilər.

Tanrının yaratdığı vəhşi heyvanlardan ən hiyləgəri ilan idi. Belə ki, o, qadına: “Həqiqətən, Tanrı bağçadakı ağacların heç birinin meyvəsini yeməyin dedi mi?” – sualını verdi. Qadın: “Bağçadakı ağacların meyvələrindən yeyə bilərik. Tanrı yalnız Bağçanın ortasındakı ağacın meyvəsinə toxunmamağımızı; onu yeməməyimizi və əgər yesək, öləcəyimizi bildirdi” – deyə cavab verdi. Bu zaman ilan: “Qətiyyən ölməzsiniz, çünki Tanrı bilir ki, o ağacın meyvəsini yedikdə gözləriniz açılacaq, yaxşı ilə pisi ayırd edərək ONUN kimi olacaqsınız” – deyə qeyd etdi.

Qadın ağacın gözəl meyvəsinin yemək üçün uyğun və çəkici olduğunu görüb onu qoparıb yedi və ərinə də verdi. Beləcə, ikisinin də gözləri açıldı və tamamən çılpaq olduqlarını başa düşdülər. Buna görə də, əncir yarpaqlarını tikib özləri üçün önlük hazırladılar. Elə bu əsnada günün sərinliyində bağçada gəzən Tanrının səsini eşitdilər və qaçıb ağacların arasında gizləndilər. Tanrı Adəmə: “Haradasan?” – deyə səsləndi. Adəm isə Tanrıya: “Bağçada səsini eşitdikdə çox qorxdum. Çünki çılpaq idim. Bu səbəbdən də gizlənmək məcburiyyətində qaldım” – dedi. Tanrı davam edərək: “Çılpaq olduğunu sənə kim söylədi? Sənə meyvəsini yemə dediyim ağacdanmı yedin?” – deyə soruşdu. Adəm: “Yanıma qoyduğun qadın ağacın meyvəsini mənə verdi, mən də yedim” – deyə cavab verdi. Bu dəfə Tanrı qadına: “Niyə belə etdin?” – deyə sual verdi. Qadın isə: “İlan məni aldatdı, ona görə yedim” – deyə qarşılıq verdi. Buna görə də, Tanrı ilanı bütün vəhşi heyvanların ən lənətlisi olaraq seçdi və dedi ki, qarnının üzərində sürünəcək, həyatı boyunca ancaq torpaq yeyəcəkdir. Həmçinin, bildirdi ki, onunla qadını, onun soyu ilə qadının soyunu bir-birlərinə düşmən edəcək və ilan onların torpaqlarına hücum etdikcə onlar ilanın başını əzəcəkdir. Daha sonra Tanrı qadını cəzalandırmaq üçün uşaq dünyaya gətirərkən onu çoxlu ağrılara, əzablara düçar edəcəyini və onun əri tərəfindən idarə ediləcəyini bildirdi. Cəza çəkmə növbəsi Adəmə gəldikdə isə Tanrı arvadının sözünə qulaq asdığı və meyvəsini yemə dediyi ağacdan yediyi üçün Adəmə bundan sonra ömrünün sonuna qədər zəhmət çəkmədən, əmək sərf etmədən torpağın və təbiətin hazır nemətlərindən istifadə edə bilməyəcəyini bildirdi və torpağa dönənə qədər çörəyini alın təri tökərək qazanacağını, torpaqdan yarandığını və sonda yenə də torpağa dönəcəyini qeyd etdi.

Bütün bu hadisələrin fonunda Adəm qadınına Həvva adını verdi. Çünki o bütün insanların anası idi. Tanrı Adəmlə Həvva üçün dəridən geyimlər hazırladı və onları geydirdi. Sonra isə: “Adəm yaxşı ilə pisi ayıra bilməklə bizlərdən biri oldu” – deyə fikirləşərək Tanrı artıq onun həyat ağacına uzanıb meyvə yeyərək ölümsüz olmasına izin vermədi. Beləcə, Tanrı Adəmi yaradılmış olduğu torpağı əkib-becərməsi üçün Eden bağçasından qovdu və Həyat ağacının yoluna nəzarət etmək üçün Eden bağçasının şərqinə iki keruv və o cümlədən, alov saçan yanar qılınclar yerləşdirdi.

2. Yəhudilərin Tanrı ilə əlaqələrinin təməlində nə dayanırdı?

Yaradılış kitabı Tanrının Hz.İbrahimə Mesopotomiyada-Kalde mədəniyyətinin Ur şəhərində səslənərək uzaq bir diyara gəlmələrini buyurduğunu və bunu edərkən quluna sadəcə bir yurdu doğma torpaqları olaraq vəd etməklə qalmayıb güclü bir soy da vəd etdiyini söylədi. Vəd edilən, onların ana yurdları olaraq bilinən bölgə isə daha öncə də qeyd etdiyimiz kimi, Kənan torpaqları olmuşdur. Hz.İbrahim zamanı gələndə uşaqları və qohumları ilə birlikdə buraya gələcəkdi. Ancaq hələ ki, qanuni həyat yoldaşı Saradan doğulan bir oğlan (nəzərinizə çatdıraq ki, İbrahimin Saradan başqa Həcər və Hettura adlı arvadları və çoxsaylı kənizləri də olmuşdur) övladına sahib olmamışdılar və ər-arvad çox yaşlı idilər. Yəhudilər və daha sonra xristianlar Hz.İbrahimin bu hekayəsində Tanrının bütün bəşəriyyəti maraqlandıran ismarıcını qəbul etmək üçün nəyə görə özlərini seçdiklərinin qismən izahını tapırlar.

              Yaradılış (Genezis)

Tanrı Saraya yaxşılıq etmək qərarına gəldi və verdiyi sözə əməl etdi. Sara hamilə qaldı və İbrahimin yaşlılıq dönəmində, yəni Tanrının tam da müəyyənləşdirdiyi bir zamanda ona bir oğlan övladı dünyaya gətirdi. İbrahim Saranın dünyaya gətirdiyi uşağa İshaq adını verdi. İshaq doğuldu İbrahimin yüz yaşı vardı. Uşaq böyüdü və süddən kəsildiyi gün İbrahim böyük bir mərasim keçirmək qərarına gəldi. Daha sonra Tanrı İbrahimi sınadı və İshaqı Moriya bölgəsinə aparıb orada nişan verəcəyi dağda qurban verməsini əmr etdi. Beləcə, İbrahim səhər tezdən qalxdı, uzunqulağına palan vurdu və uşaqlarından ikisini və oğlu İshaqı yanına alıb odun yardıqdan sonra Tanrının göstəriş verdiyi yerə tərəf yola çıxdı. Üçüncü gün gedəcəyi yeri uzaqdan gördü. Uşaqlarına: “Siz burada, uzunqulağın yanında qalın, ibadət etmək üçün oğlumla birlikdə oraya gedib dönəcəyik” – dedi. Yardığı odunları oğlu İshaqa yüklədi, bıçağı isə özü aldı. Birlikdə gedərkən İshaq atasına odunun olmasına baxmayaraq, qurban ediləcək quzunun yoxluğunu bildirir. İbrahim isə qurban veriləcək quzunun Tanrı tərəfindən veriləcəyini qeyd edir. Beləliklə, Tanrının müəyyənləşdirdiyi yerə çatanda İbrahim bir qurbangah düzəldərək üzərinə odun düzdü. Oğlu İshaqı bağlayıb qurbangahdakı odunların üzərinə uzatdı və onu kəsmək üçün bıçağı əlinə aldığı anda Tanrının mələyi səmadan İbrahimi səslədi və uşağa toxunmamağı, Rəbbin doğrudan da ondan qorxub qorxmadığını öyrənmək üçün onu sınağa çəkdiyini bildirdi.

İbrahim ətrafına baxdıqda buynuzları sıx çalılara keçirilmiş bir qoç gördü və gedib onu gətirdi. Beləliklə də, oğlunun yerinə qoçu qurban etdi. Həmin yerə isə “Yahve yire” (“rəbbim verəcəkdir” mənasında işlənir) adını verdi. Elə ona görə də, “Tanrının dağında veriləcəkdir” deyimi bu günə qədər də işlənməkdədir. Nəticədə, Tanrının mələyi oğlunu əsirgəmədiyi üçün, Tanrının sözünü dinlədiyi üçün İbrahimin Tanrı tərəfindən mükafatlandırılacağını, soyunun ulduzların sayı qədər çoxalacağını, şəcərəsinə düşmənlərinin kəndlərini mülk olaraq veriləcəyini bildirir.

3. Tanrı insanlara nəyi buyurur?

Ənənəyə görə, İshaqın oğlu, Hz.İbrahimin nəvəsi Yaqub qıtlıq dövründə Misirə getmək üçün Kənan torpaqlarından ayrılmış, on bir oğlunu da özü ilə aparmışdı. On ikinci oğlu Yusif Misirdə yerləşən hökmdarın hüzurundakı idarəçilərdən biri olaraq sərvət sahibi olmağı bacarmışdır. Lakin Yaqub Misirə çatdıqdan bir az sonra dünyasını dəyişdi. On iki oğlu isə Nil yaxınlarında Yehovanın (qeyd edək ki, Yehova Tövrat, Zəbur və İncil kimi müqəddəs kitablara görə, hər şeyi yaradan Tanrının adıdır) özlərinə və uşaqlarına vəd etdiyi torpaqlardan çox uzaq bir bölgədə yerləşdilər. Tanrılarının söylədiyi kimi Yaqubun soyu burada bir neçə əsr yaşayıb çoxaldı. Lakin az sonra “Yaqubu tanımayan bir kral” ortaya çıxdı və yəhudiləri əzməyə başladı. Buna görə də, Tanrı Hz.Musanı yanına çağırdı və yəhudiləri onun başçılığı ilə Misirin əsarətindən xilas etmiş oldu.

             Misirdən çıxış (Exodus) 

Və beləliklə, Musa Tanrının hüzuruna gəldi və bu əsnada Tanrı dağdan ona səslənərək israilliləri necə xilas etdiyini, onları qartalın qanadları üzərində daşıyaraq necə yanına gətirdiyini və bu səbəbdən də, onlarla razılığa gələrək bundan sonra onların özünün bütün ulusları içərisində kahinlər krallığı, müqəddəs ulus olaraq formalaşacaqları barədə məlumatı onlara çatdırmasını buyurdu. Beləcə, Musa xalqın yanına gedərək Tanrının buyurduğu bütün tapşırıqları onlara izah etdi və xalq bir ağızdan Tanrının dediyi hər şeyə razı olduqlarını bəyan etdi. Musa xalqın cavabını Tanrıya çatdırdı. Bu zaman Tanrı Musaya: “Səninlə danışarkən xalq bunu eşitsin və hər zaman sənə güvənsin deyə yanına qara bir bulud içində gələcəyəm. Odur ki, get bu gün və sabah xalqı bu barədə ətraflı məlumatlandır ki, üçüncü günə hazır olsunlar” – dedi və üçüncü gün bütün xalqın gözləri qarşısında Sina dağına enəcəyini bildirdi. Bu məqsədlə, həmin dağın ətrafında bir sərhəd yaratdı və Musaya  dedi ki, xalqı həmin dağa çıxmağa, onun ətəyinə yaxınlaşmağa qoymasın, əks təqdirdə onlar ya daşlanaraq, ya da oxla vurularaq öləcəklər. Beləliklə, Musa Tanrının dediklərini xalqa çatdıraraq onları üçüncü günə hazırlamış oldu. Nəticədə, üçüncü günün sabahı göy guruldadı, şimşək çaxmağa başladı. Dağın üzərində qara bir bulud var idi və elə bu zaman birdən çox güclü bir nağara səsi eşidilməyə başladı. Musa xalqın Tanrı ilə görüşə bilməsi üçün onların ordugahdan çıxmasına rəhbərlik etdi. Tanrı Sina dağının üzərinə alov içində endi. Nağaranın səsi get-gedə yüksəlməyə başlayanda Musa danışmağa başladı və Tanrı göy gurultuları ilə onu cavablayaraq Sina dağının üzərinə endi. Musanı dağın təpəsinə çağıraraq onu görmələri üçün xalqa sərhədi keçməmələrini, əgər keçərlərsə, fəlakət üz verəcəyini, öləcəklərini bildirməyi tapşırdı. Çox keçmədən Musa dağdan aşağı enib vəziyyəti xalqa izah etdi.

Tanrının dedikləri aşağıdakılardan
ibarət idi:
“Sizləri Misirdən, kölə olduğunuz ölkədən çıxaran Tanrı mənəm. Məndən başqa Tanrınız olmayacaq. Özünüzə yuxarıda göy üzündə, aşağıda yer üzündə ya da yer altındakı sularda yaşayan hər hansı bir canlıya bənzər büt etməyəcəksiniz. Bütlərin qarşısında əyilməyəcəksiniz. Çünki mən qısqanc bir Tanrıyam. Məndən nifrət edənin atasının işlətdiyi günahının hesabını övladlarından, onun davamçılarından soruşaram. Amma məni sevən, buyruqlarıma əməl edən şəxslərə sevgi göstərərəm. Tanrının adını boş yerə ağzınıza almamalısınız. Çünki Tanrı adını boş yerə hallandıran şəxsləri cəzasız qoymayacaqdır. Şənbə gününü müqəddəs bir gün kimi qeyd etməlisiniz. Altı gün çalışacaq, bütün işlərinizi görüb tamamlayacaqsınız. Amma yeddinci gün mənə, Şənbə günü Tanrınıza həsr olunmuşdur. O gün siz, oğlunuz, qızınız, kişilər, qadınlar, nökərləriniz, heyvanlarınız aranızdakı əcnəbilər də daxil olmaqla, heç bir iş görməyəcəksiniz. Çünki mən yeri, göyü, dənizi və bütün canlıları altı gündə yaratdım və yeddinci gündə isə dincəldim. Ona görə də, Şənbə gününü qeyd edərək müqəddəs bir gün kimi müəyyənləşdirdim. Ananıza, atanıza hörmət edin ki, Tanrının sizləri bəxş edəcəyi ölkədə ömrünüz uzun olsun. Adam öldürməyəcəksiniz. Zina etməyəcəksiniz. Oğurluqla məşğul olmayacaqsınız. Qonşuya qarşı yalan yerə ifadə verməyəcəksiniz, onun evinə, həyat yoldaşına, köləsinə, heyvanına göz dikməyəcəksiniz.”

Musa Tanrının dediklərini xəbər verdikdən sonra xalq göy gurultusunu, nağara səsini eşidib şimşəkləri və dağın başındakı dumanı görəndə qorxudan titrəməyə başladı. Lakin Musa xalqı sakitləşdirərək günah işləməmələri üçün Tanrının onları sınağa çəkməyə gəldiyini və buna görə də, Tanrıdan başqa heç bir nəsnədən qorxmamalarını məsləhət gördü. Sonda Tanrı Musaya belə dedi: “İsraillilərə de ki, göylərdən sizinlə danışdığımı gördünüz.(…)”

Onu da qeyd edək ki, müqəddəs kitabın ilk beş bölməsi Tanrının yəhudiləri ona itaət etmələri, inanmaları üçün verdiyi məsləhətləri özündə ehtiva etmişdir. Ortodoks yəhudilər də, həmçinin, bu məsləhətlərdən bəzilərini bu gün də yerinə yetirir.

Mənbə:

Batıya yön veren metinler(1-ci cild)

Tərcüməçi: Aynurə Məmmədova

Redaktə etdi: Fatimə Əliyeva

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here