Qızılca xəstəliyi nədir?/ Ensiklopedik Bilgi

Hesabata görə, bütün dünyada qızılca xəstəliyi bu ilin ilk 3 ayında keçən illə müqayisədə 4 dəfə artıb. Və hazırda dünyanın bir çox ölkələrində qızılca sürətlə yayılır. Bəs qızılca xəstəliyi nədir və necə yayılır?

Qızılca-virus mənşəli kəskin antroponoz infeksion xəstəlik olub, əsas etibarilə uşaq yaşlarda, xüsusilə də 1 yaşdan 5 yaşa qədər uşaqlarda inkişaf edir. Digər yaşlarda isə az rast gəlinir. Böyük yaşlarda xəstəlik daha ağır keçir. Anadan keçən passiv immunitetlə əlaqədar 3 aya qədər uşaqlarda qızılca baş vermir. Bu xəstəliyin əsas xarakter klinik və morfoloji əlamətlərinə kataral, kataral-irinli, yaxud da irinli-nekrotik rinit, laringit, traxeit, bronxit, konyunktivit, o cümlədən də ümumi intoksikasiya, öskürək, zökəm, qızdırma, enantema və ekzantemalar aiddirlər. Dəridə olan səpgilərə ekzantema, selikli qişalarda olan səpgilərə isə enantema deyilir (yunanca: anthco – “çiçəklənmək”).

Qızılca xəstəliyi Paramiksoviruslar ailəsindən olan Morbili viruslar cinsinə məxsus RNT-tərkibli iri ölçülü viruslar tərəfindən törədilir. Müxtəlif ştamlara malik olsalar da antigen quruluşlarına görə bir-birindən fərqlənmirlər. Keçirilmiş xəstəlikdən sonra ömürlük möhkəm immunitet yaranır. Viruslar sağlam şəxslərə yalnız xəstə şəxslərdən və hava-damcı üsulu ilə (aerogen yolla) keçir, ilk giriş qapısı rolunu yuxan tənəffüs yollarının selikli qişaları oynayır. Lakin bəzi qrup alimlər tərəfindən bu virusların orqanizmə məhz konyunktiva vasitəsilə daxil olma variantı da göstərilir.

Bu selikli qişaların epitellərində, limfoid və histiositar hüceyrələrində artıb çoxalan (replikasiya) və distrofik dəyişikliklər törədən viruslar əvvəlcə selikaltı qata, sonra isə regionar limfa düyünlərinə keçir, təkrarən artıb çoxalır və onların böyüməsinə səbəb olur. Inkubasiya dövrünün təxminən 3-5-ci günlə­rində viruslar regionar limfa düyünlərindən qana keçir, ilkin və qısamüddətli virusemiyaya səbəb olurlar. Qanla bütün üzv və toxumalara yayılan viruslar leykositlərin bilavasitə iştirakı ilə monositar makrofaqlara və limfoid hüceyrə­lərə (B və T-limfositlərə) daxil olur. Bu zaman orqanizmin immun sistemində paralel olaraq müvafiq immunomorfoloji dəyişikliklər gedir. Humoral tipli immun reaksiya kimi B-limfositlər hazırlanır və plazmositlərə transformasiya edərək spesifik antitellər yaradılır; hüceyrə tipli immun reaksiya kimi spesifik T- limfositlər hazırlanır.

Bu spesifik və həmçinin də qeyri-spesifik immun amillərin təsiri ilə daxil­lərində qızılca virusları olan hüceyrələr parçalanıb dağıdılır. Onların içərisində olan külli miqdarda viruslar qana tökülərək ikinci dəfə, yəni təkrari virusemiyaya səbəb olurlar. Öz spesifik tropizmlik xüsusiyyətləri ilə əlaqədar viruslar yuxarı tənəffüs yollarının selikli qişalarında lokalizə olunur və onların kataral iltihablarını törədir. Bununla da klinikada xəstəliyin inkubasiya dövrü başa çatır və prodromal kataral dövr başlanır.

Qanda və digər toxumalarda hüceyrələrin parçalanma məhsulları, virus­ların kapsidləri və bu kimi digər yad zülali maddələr, o cümlədən də histamin tipli bioloji aktiv aminlərin təsiri ilə orqanizmdə allergik reaksiyalar başlanır. Bununla əlaqədar hüceyrə və toxumalarda ekssudativ və nekrotik dəyişikliklər, damarların divarlarının zədələnməsi, keçiriciliklərinin pozulması, ödem, səpgi­lər və s. patomorfoloji dəyişikliklər baş verir.

Damarların endotel hüceyrələrinin viruslar tərəfindən zədələnməsi və yuxarıda göstərilən allergik damar dəyişiklikləri ilə əlaqədar xırda kalibrli damarların ətrafında iltihabi ekssudasiya və hüceyrə infiltrasiyası baş verir, perivaskulyar iltihab ocaqları formalaşır. Bununla əlaqədar selikli qişalarda və dəridə xarakter papulyoz qızılca səpgiləri meydana çıxır.

Digər əksər viruslar kimi qızılca viruslarının da mərkəzi sinir sistemi hücey­rələrinə olan tropizmləri ilə əlaqədar xəstələrdə meningit, meninqoensefalit, ensefalit, yaxud da ensefalomielit inkişaf edə bilir. Məhz bu da bəzən xəstələrdə letal nəticələrə gətirib çıxara bilir.

Qızılca virusları orqanizmin immun sisteminin fəaliyyətini zəiflətmək (immununodepressiv), hemaqqlutinasiya edici və hemolitik xüsusiyyətlərə malik­dirlər. Onların təsiri ilə mikrofaqların və bütün leykositlərin faqositar qabiliyyəti, hüceyrə və humoral immun reaksiyalar zəifləyir, antiinfeksion antitellərin titri aşağı düşür. Bununla da orqanizmin immun sistemi anergiya vəziyyətinə düşür və ikincili infeksiyalarla müxtəlif ağırlaşmaların inkişafı üçün əlverişli şərait yaranır. Makrofaqların aktivliyinin kəskin zəifləməsi ilə əlaqədar prodromal dövrdə limfa düyünlərində və limfoid follikullarda, damaq badamcıqlarında və soxulcanabənzər çıxıntıda kompensator olaraq makrofaqların metamorfozu – onların tipik çoxnüvəli giqant hüceyrələrə çevrilməsi prosesi baş verir. Bunlara giqant çoxnüvəli Vortin Finkeldey hüceyrələri də deyilir (A.S.l Varihm, W.l-mkcleday).

Məlum olmuşdur ki, xəstəlik başa çatdıqdan sonra da uzun müddət qızılca virusları orqanizmdə qala bilir. Lakin bu heç də virusgəzdiricilik olmayıb, heç bir yoluxma təhlükəsi olmayan xüsusi bir infeksion vəziyyətdir. Orqanizmdə qalan bu viruslar sonradan, hətta 5 -7 il sonra belə yarımkəskin sklerozlaşdırıcı panensefalitə səbəb ola bilirlər. Qızılca xəstəliyindən sonra bu virusların orqanizmdə uzun müddət qalmalarının (persistensiya) səbəbi və mexanizmi bu günə qədər dəqiq öyrənilməmişdir.

Xarakter klinik xüsusiyyətlərinin inkişafından asılı olaraq klinikada qızılca xəstəliyinin tipik və atipik formaları ayırd edilir. Atipik formalara hemorragik forma, anadangəlmə forma, zəifləmiş qızılca, aktiv və ya passiv immuniteti olan şəxslərdə meydana çıxan qızılca aiddirlər. Klinik əlamətlərinin intensiv­liyindən və ağırlıq dərəcələrindən asılı olaraq isə tipik forma qızılca xəstəliyinin yüngül, orta (az ağır) və ağır formaları ayırd edilir.

Qızılca xəstəliyi öz inkişafında 4 mərhələ (dövr) keçirir: inkubasiya dövrü, prodromal (kataral) dövr, səpgilər dövrü və rekonvalessensiya dövrü.

  • İnkubasiya dövrü (gizli, latent) adətən 9-11 gün davam edir. Lakin bəzən bu müddət azala, yaxud da 1 aya qədər uzana da bilir.
  • Prodromal mərhələ yuxarı tənəffüs yollarının və konyunktivanın kataral iltihabı, qızdırma və intoksikasiya əlamətləri, bir sözlə asteno-vegetativ sindrom ilə başlanır. Bununla əlaqədar da  bu mərhələdə xarakter olaraq klinik triada – konyunktivit, zökəm və öskürək meydana çıxır. Bu mərhələyə qızılca­nın kataral dövrü də deyilir.
Xəstəliyin ertəsi günündə ağızda, yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində adətən bir-birləri ilə birləşməyən ağımtıl rəngdə ləkələr mey­dana çıxır. Buna Filatov-Koplik ləkələri (Kophk’s spots) deyilir. Qızılca xəstə­liyinin erkən və dəqiq diaqnostikasında çox mühüm əhəmiyyətə malik olan bu ləkələr selikli qişadan bir qədər qabarmış və ətrafdan qırmızı haşiyə ilə əhatə olunmuş şəkildə görünürlər. Təxminən 2-3 gün qaldıqdan sonra, yəni dəri səpgiləri başlanarkən (3-cü mərhələ) Filatov-Koplik ləkələri yox olur, onların yerində müəyyən müddət məxməri xarakterli iz qalır. Filatov-Koplik ləkələrin­dən başqa prodromal dövrün sonuna yaxın əsnəkdə, damaq badamcıqlarında və sərt damaqda da qırmızı rəngli, qeyri-müəyyən formalı, iri ölçülü səpgilər – enantemalar görmək olur.

Burunun, əsnəyin, qırtlağın, traxeya və bronxların, konyunktivanın selikli qişalarında kataral və ya kataral-irinli ekssudativ iltihab başlanır. Selikli qişa şişkinləşir, doluqanlı və ödemli olur, limfo-histiositar elementlərlə zəif dərəcədə infiltrasiya olunur, çoxlu seroz-selikli ekssudat ifraz olunur. Epitellərdə hidropik distrofiya, onların nekrozlaşması və deskvamasiyası baş verir.

Prodromal dövr 3-4 gün davam edir və klinikada qızdırmanın enməsi, hətta normallaşması ilə müşaiyət olunur.

Səpgilər mərhələsi xəstəliyin 5-ci günü, orqanizmin ümumi intoksikasiyası nəticəsində başlanır. Temperatur yenidən yüksəlir, prodromal döv­rün bütün əlamətləri yenidən, lakin daha kəskin şəkildə başlanır və dəridə xarakter qızılca səpgiləri – ekzantema meydana çıxır. Əvvəlcə qulaq seyva­nının arxasında və üzdə iri ləkələr şəklində meydana çıxan bu xarakter papulyoz qızılca səpgiləri bir sutka ərzində boyuna və döş qəfəsinin yuxarı hissəsinə, ertəsi gün əllərə, gövdəyə və budlara, 3-cü gün isə baldır vəayaqlara yayılır.

Bu ərəfədə, yəni 3 gün sonra üzdə olan səpgilər artıq solğunlaşır, avazıyır və yox olmağa başlayır. Səpgilərin yox olması da həmin ardıcıllıqla baş verir və 3 gün çəkir. Səpgi yox olduqca onların yerində təxmi­nən 10-20 gün müddətində davam edən və zəif kəpəklənmə və ya qabıqlanma verən qəhvəyimtil rəngli piqment ləkələri – piqmentasiya qalır. Mikroskopik müayinə zamanı səpgilər nahiyəsində xüsusi dərinin məməcikli qatında ekssudativ damar reaksiyası (doluqanlılıq, ödem, perivaskulyar diapedez qansızmalar və limfo-hisliositar infiltrasiya), epidermisin hüceyrələrində hidropik distrofiya, vakuolizasiya, nekrobiotik və nekrotik dəyişikliklər, ödem və buynuz distrofiya görünür (natamam buynuzlaşma).

Konyunktivada, burunda, əsnəkdə, qırtlaqda və digər yuxarı tənəffüs yollarının selikli qişalarında hələ prodromal dövrdə başlanan ekssudativ iltihabi və distrofik, xüsusilə də nekrotik dəyişikliklər daha da ağırlaşır və dərinləşir.

Qırtlağın selikli qişasında laringitlə əlaqədar səs yarığı daralır və boğulma əlamətləri (yalançı inağ) inkişaf edə bilir. Əksər xəstələrdə kataral-nekrotik traxeo-bronxit baş verir. Patoloji dəyişikliklərin bronxlar boyunca böyük sürətlə yayılması qızılca xəstəliyi üçün tipik əlamətlərdən hesab edilir. Bütün kalibrli bronxların epitellərində distrofik və nekrotik dəyişikliklər baş verir, selikli və selikaltı qatlarda doluqanlılıq, ödem və limfo-histiositar infiltrasiya inkişaf edir.

Tənəffüs yollarının selikli qişalarının epitellərində bu dəyişikliklərdən başqa həm də metaplaziya ocaqları qeyd edilir. Metaplaziya təkqatlı örtük epitelinin yerində çoxqatlı yastı epitelin meydana çıxmasından ibarət olub, hələ xəstəliyin 5-6-cı günlərindən etibarən baş verir. Qızılca xəstəliyi zamanı metaplaziya ocaqlarının inkişafı yerli avitaminoz-A ilə əlaqələndirilir. Metaplaziya ilə əlaqədar tənəffüs yollarının selikli qişa epitellərinin baryer funksiyası daha da zəifləmiş olur. İltihabi prosesin bronxlar boyunca yayılması ilə əlaqədar ağciyərdə alveollararası arakəsmələrdə xırda limfo-histiositar infiltrasiya ocaqları və həmçinin interstitsial pnevmoniya da inkişaf edə bilir. Bu pnevmoniya ocaqlarında çoxlu miqdarda giqant çoxnüvəli Vortin-Finkeldey hüceyrələri olduğu üçün buna giqant hüceyrəli qızılca pnevmorıiyası da deyilir.

Qızılca xəstəliyi öz zəngin ağırlaşmaları ilə xarakterizə olunan xəstə­liklərdən hesab edilir. Qızılca viruslarının orqanizmdə göstərmiş olduqları digər xüsusiyyətlərdən başqa, onların immundepressiv təsirləri immun sistemin kəskin şəkildə zəifləməsinə (xüsusilə də hüceyrə tipli immun reaksiyaların) və ikincili infeksiyanın qoşulması üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır.

Qızılca zamanı ən çox rast gəlinən ağırlaşmalardan nekrotik və ya irinli-nekrotik panbronxiti, peribronxial ocaqlı pnevmoniyanı, kəskin qızılca ensefalitini, kataral-nekrotik və ya fibrinoz-xoralı koliti, sepsisi, nekrotik tonzilliti, otiti və s. göstərmək olar. Son statistik məlumatlara əsasən dünyada hər il təxminən 2 milyondan çox uşaq məhz bu ağırlaşmalarla, xüsusilə də nekrotik panbronxit və pnevmoniya ilə əlaqədar qızılca xəstəliyindən ölür.

Bronxların bütün qatları zədələnməklə əvvəlcə proliferativ qızılca pan­bronxiti baş verir, Sonra isə ikincili bakterial infeksiyanın da qoşulması ilə əlaqədar proses nekrotik xarakter alır, Nekroz prosesi peribronxial sahələrə də keçir. Bu dəyişikliklərlə əlaqədar ağciyərin kəsik səthində sarımtıl-boz rəngdə kiçik miliar düyüncüklər görünür və xarici görünüşünə görə miliar vərəm ocaqlarını xatırladır. Buna psevdotuberkulyoz qızılca pnevmoniyası da deyilir. Lakin bu ocaqların mənfəzində həmişə kiçik bronx mənfəzləri görmək mümkündür Bronx mənfəzlərinin obliterasiyası ilə əlaqədar ağciyərlərdə tez- tez atelektaz və emfizema ocaqları, abses və qanqrenalar, plevranın empieması və s. inkişaf edir.

Əsas ağırlaşmalardan biri kimi xəstələrdə kəskin seroz meningit, ensefalit və ya meninqoensefalit baş verə bilir. Bu zaman ensefalitlər klinik gedişinə görə kəskin və ya xroniki, başlanma müddətlərinə görə isə erkən və gecikmiş olurlar. Erkən meninqoensefalit adətən kəskin xarakterli olur, dəri səpgiləri başlandıqdan 3-6 gün sonra meydana çıxır və bilavasitə virusların özləri tərə­findən törədilir. Gecikmiş ensefalit isə ikincili bakterial infeksiyaların qoşulması ilə əlaqədar meydana çıxır və xroniki gedişli olur. Məsələn: bir neçə il sonra inkişaf edən yarımkəskin sklerozlaşdırıcı panensefalit.

Stomatit qızılca zamanı ən çox rast gəlinən ağırlaşmalardan biri olub, çox vaxt da nekrotik xarakter daşıyır. Bu zaman nekroz prosesi daha da dərin­ləşərsə xəstələrdə noma baş verə bilir. Buna “sulu xərçəng” də deyilir. Bu zaman ağızın selikli qişasında başlanan kollikvasion nekroz daha da dərin­ləşərək yanaq dərisinə qədər çatır, yanağın (sifətin) yumşaq toxumalarının tamamilə nekrozlaşaraq yaş qanqrenaya məruz qalmasına, tökülməsinə və sifətin eybəcərləşməsinə səbəb olur. Nomaya hal-hazırda demək olar ki, rast gəlinmir.

Müalicə və profilaktikası. Qızılcanın xüsusi bir müalicəsi yoxdur. Xəstələrə əsasən yataq istirahəti və dəstəkləyici müalicə üçün qızdırmasalıcı dərmanlar öskürək və bronxaçıcı dərmanlarla bərabər A vitamini də təyin edilir.

Profilaktikası üçün isə xüsusi qızılcaəleyhinə peyvənd vurulmalıdır. Bu peyvənd ölkəmizdə QPM (Qızılca-Parotit-Məxmərək) adı ilə bilinir.

Mənbə:

Z.Ö. Qarayev, A.İ. Qurbanov- Tibbi mikrobiologiya və immunologiya (Tibb Universitetinin tələbələri üçün dərslik)

Müəllif:Aysel Əliquliyeva

Redaktor:Nisə Qulizadə

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Qədim Romada Etrussk mədəniyyəti

Qədim Roma Etrussk mədəniyyəti Antik mədəniyyətin tərkib hissələrindən digərini Roma mədəniyyəti təşkil edir. Əsasən yunan mədəniyyətinə istinad edən bu mədəniyyət dünyaya sırf Roma dövlətinə xas olan...

Aktiv bazar (fəal bazar) nədir? / Ensiklopedik Bilgi

Aktiv bazar (fəal bazar) ( en. Active market (tight market)) - Həyata keçirilən əməliyyatların həcminin böyüklüyü, satış və alış qiymətləri arasındakı spredin kiçikliyi və rəqabətin yüksək...

Ehtimallar və Sonsuz Meymun Teoremi

Bir meymun çap maşını arxasında oturub sonsuza qədər təsadüfi şəkildə çap maşının düymələrinə bassa, nəticə sizcə nə olar? Ortaya çıxan mətn hansısa əsərin bir...

Recent

“Mr. Nobody” filminin analizi

"Mr Nobody" ən anlaşılmaz, beyində cavablanması çətin suallar yaradan, amma bitməsini istəmədiyimiz filmlərdəndir. 2009-cu il istehsalı olan filmin rejissoru Jako Van Dormaldır (ing. Jaco Van...

Absurd nədir? // Fəlsəfə lüğəti

ABSURD [alm. = ing. Absurd; fr. Absurde; osm. tr. abes; ər. عجظ – [avropa mənşəli bu kəlmə dilimzə bizim gündəlik həyatımızda vərdiş etdiyimiz və düzgün təfəkkür...

Anonsları rusca, dili ingiliscə olan Hollivud propaqandası – “Çernobıl” serialı

Hollivud hər nə qədər film sənayesinin “şahı” və ya uğurlu filmmeykerlərin yaradıcılıq meydançası kimi görünsə də, təməl olaraq Amerikan propaqandasının sənayeləşdiyi, yəni propaqanda edərkən...