Qnostisizm nədir?

Post date:

Author:

Category:

Qnostisizm (yun.-həqiqi biləyə yiyələnmək) antik dövrün sonlarında (I-V yüzilliklərdə) yaranmış dualistik dini təlimdir. Bu təlimdə Xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir.

Qnostisizm ezoterik bir təlim idi, onun ardıcılları iddia edirdilər ki, Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir. Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin (şəhər-dövlət) tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, çeşidli mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, cəmiyyətdə axirətin yaxınlaşması inancında və mistik ənənələrin inkişafında görürdülər.

Qnostik cərəyanlar çox olsa da, onların bir-birinə bənzər təlimləri də olmuşdur. Qnostisizmi səciyyələndirən özəlliklər ilk olaraq ezoterizm və dualizmdir. Onlar bütün insanları “maddi” (bədənlə bağlı olanlar), “ruhi” (psixiklər) və “mənəvi” (pnevmatiklər) tiplərə bölürdülər. Onlara görə yalnız “mənəvi” insanlara həqiqi mistik biliyin (qnosisin) mahiyyəti açılırdı. Qnostiklər həm də bütün varlığı ikili şəkildə təsəvvür edir, xeyirlə şəri substansional səviyyədə bir-birinə qarşı qoyurdular.

Onlara görə bütün maddi aləm şərdir, həmçinin o mənəviyyatın zindanıdır. Məqsəd bu zindandan azad olub xeyrə qovuşmaqdır. Bunu isə yalnız İlahi biliyə (qnosisə) yiyələnən insanlar edə bilərlər.


Qnostisizmdə maddi dünya Mütləqin səhvi nəticəsində yaranmışdır. Bu səhv nəticəsində qara qüvvələr işıqlı aləmlərə daxil olmuşdurlar. Bunu da qnostiklər belə təsəvvür edirdilər ki, Tanrı olan doğulmamış Ata özünü “eon” adlandırılan varlıqlarda təzahür edir. Bu eonlar əsasən cütlüklərdən ibarətdir. Eonlar ilahi tamlıq olan pleromanı təşkil edir.

Ancaq, bəzi eonlar bir zaman başqalarının üzərində hakimiyyət əldə etmək istəmiş və pleromadan ayrılmışdırlar. Bundan sonra kosmosun yaranması (kosmogenez) baş vermiş, fərqli aləmlər yaranmışdır. Ən aşağı qatda yerləşən aləm isə bizim yaşadığımız dünyadır.

Qnostiklərin əksəriyyəti eonlara insani xüsusiyyətlər qazandırmış, onlara konkret şəxs kimi baxmışdırlar. Qnostiklərə görə pleroma öz tamlığını bərpa etmək istəyir. Bu isə yeni eonun yaranmasına gətirib çıxardır. Həmin eon İsa və ya İsa ilə Məsihin cütlüyüdür. O, bu dünyaya enir və seçilmiş, mənəvi cəhətdən yüksəlmiş insanlara həqiqi biliyin (qnosisin) nə olduğunu öyrədir.

Beləliklə, qnosisi bilən insanlar İsanın vasitəsi ilə pleromaya qayıdıb maddi aləmdən qurtaracaqlar. Bu yolda isə abid həyatı yaşamaq vacibdir.

Qnostiklər hesab edirdilər ki, Tanrı bu dünyadan çox-çox uzaqlardadır (transsendentdir). Onun təbiəti dərkedilməzdir. Dünya isə arxonlar (yun.-başçı) adlanan ən aşağı qatlarda yaşayan qüvvələr tərəfindən yaradılmışdır. Onlar Tanrı tərəfindən yaradılsa da, onun haqqında bilikləri yoxdur. Ona görə də, bu qüvvələr həqiqi Tanrının dərk edilməsi yolunda bir maneədir.

Bütün kainat arxonlara tabedir. Beləliklə, onlar hesab edirdilər ki, həqiqi Tanrının yalnız bir adı var. Ona aid edilən başqa adlar isə əslində müstəqil fövqəl varlıqlar olan arxonlardır. Dünyanın ətrafında isə bir neçə kosmik qatlar vardır. Onları da arxonlar idarə edir. Dünyanın yaradılmasında axonların ən böyüyünün müstəsna rolu vardır. Onun adı Platonun “Timeus” əsərində olduğu kimi “Demiurqos”dur.

Arxonların zülmlə dolu hakimiyyəti isə “hermarmenus” adlanır. İnsan bədən, mənəviyyat (pnevma) və ruhdan ibarətdir. Bədən və ruh dünyanın tərkib hissəsi olaraq hermarmenusa tabedir. Hermarmenus isə təbiət qanunlarıdır. O həm də Musaya verilmiş yəhudi qanunudur. Ruhun içində yaşayan mənəviyyat isə İlahi işığın hissəciyidir və o zindanda saxlanılır. Əsarətdə olan mənəviyyat pleromadan təcrid olunub və özünü onun hissəsi kimi dərk etmir. Onun dirçəlməsi isə həqiqi bilik (qnosis) vasitəsilə əldə edilə bilər. İnsan yalnız qaranlığı yarıb, işığa doğru yönələrək xilas olur. Ölümdən sonra qnosisə yiyələnmiş ruh həqiqi Tanrı tamlığı olan pleromaya qovuşur.

Bəzi qnostik təriqətlər cəmiyyətdə hökm sürən qanunları, ədəb və əxlaq qaydalarını belə arxonların qoyduğu qayda və qanunları hesab edirdilər. Ona görə də pnevmatiklər onlara riayət etməməli idilər. Onların fikrincə, əgər pnevmatik hermarmenusdan azaddırsa, onda dünyaya bağlı olan və onun reallığını əks etdirən qanunlardan da azad olmalıdırlar.

Qnostisizm antik dünyada Xristianlıqdan öncə yayılmışdır. Ancaq, Xristianlıq yayılmağa başlayanda qnostiklər bu dinin bir çox elementlərini öz təlimlərinə qatmışdırlar. Bunun nəticəsində Xristian qnostisizmi yaranmışdır. Bundan öncə isə qnostisizm Yəhudiliyə də yol tapmışdı. Sonralar isə qnostik ideyaların əlamətləri İslam təriqətlərində də müşahidə edilmişdir.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...