Qripin əlamətləri, yoluxma yolları və formaları

0
16

Qrip (Grippus; fransızca: grippe – “xəstə olmaq, tutulmaq”) – ən geniş yayılmış xəstəliklərdən olub, kəskin respirator virus infeksiyaları qrupuna (qrip, paraqrip, rinovirus infeksiyası, adenovirus infeksiyaları və respirator-sinsitial infeksiya) daxildir. Buna əvvəllər inflyuensa (latınca: ınfluere – “girmək, daxil olmaq”) da deyilirdi. Ən çox payız və qış aylarında, epidemiya və pandemiyalar şəklində, bəzən isə sporadik şəkildə də baş verir. Qrip epidemiyalarına demək olar ki, hər il rast gəlinir və bu zaman milyonlarla insan qripə yoluxmuş olur. Xəstəlik sağlam şəxslərə xəstə şəxslərdən hava-damcı yolu ilə yoluxur. Bundan başqa qripin bətndaxili – transplasentar keçmə yolu da aydın edilmişdir. Bu isə əksər hallarda bətndaxili uşaq ölümü ilə nəticələnmiş olur.

Qripin törədiciləri ortomiksoviruslar ailəsinə məxsus RNT tərkibli pnevmotrop xüsusiyyətlərə malik viruslardır. Bu virusların antigen xüsusiyyətlərinə görə 3 seroloji variantları vardır: A (A, və A2), B və C variantlar. Qrip virusları mərkəzdə spiralşəkilli ribonükleoproteiddən, periferiyada isə qlikoproteid tər­kibli qılafdan – kapsiddən ibarətdir. Bu qlikoproteidlər isə çox müxtəlif antigen quruluşlara malik və öz zülali quruluşunu, yəni antigenlik xüsusiyyətlərini asanlıqla dəyişə bilən hemaqqlütinin (H) və neyraminidazalardan (N) təşkil olunurlar. Onların bu müxtəlif antigen quruluşlarından da asılı olaraq qrip serovariantlarının, xüsusilə də A variantının çoxlu sayda,  yüzlərlə müxtəlif ştamları ayırd edilir. Məsələn, A2 serovariantının H-N; ştamı. Beləliklə, qripin hər bir ştamı özünəməxsus antigen quruluşa malik olub, sərbəst şəkildə qrip xəstəliyi törətmək qabiliyyətinə malikdir. Keçirilən hər bir qrip xəstəliyindən sonra əksər şəxslərdə məhz həmin ştama qarşı ömürlük postinfeksion ştamospesifik immunitet yaranmış olur. Bu ştamın məxsus olduğu seroloji varianta olan immunitet isə cəmi bir neçə il davam etmiş olur: A variantına 1-3 il, B qriplər zamanı isə 3-6 il. Beləliklə, qrip viruslarının öz antigen quruluşlarını asanlıqla dəyişmək qabiliyyətləri ilə əlaqədar hər qrip epidemiyası zamanı əhali faktiki olaraq qripin tamamilə yeni ştamı ilə üzləşmiş olur və bu ştama qarşı heç bir immunitetə malik olmurlar.

Hava-damcı yolu ilə tənəffüs yollarına daxil olan qrip virusları bronx və alveol epitellərinə adsorbsiya olunur. Bu epitellərə daxil olan viruslar artıb çoxalaraq qana keçir və ilkin virusemiya baş verir. Tənəffüs yollarının epitel­lərinə qarşı tropluq xüsusiyyəti ilə əlaqədar viruslar qanla yenidən tənəffüs yollarına qayıdır, burunun, udlağın, qırtlağın, traxeyanın və bronxların selikli qişa epitellərinə daxil olurlar. Yuxarı tənəffüs yollarının selikli qişalarında kəs­kin kataral ekssudativ iltihab (kataral sindrom) baş verir. Bu selikli qişalarda və selikaltı qatlarda kəskin doluqanlılıq, ödem, limfoleykositar infiltrasiya, diapedez qansızma ocaqları inkişaf edir. 1-2 günlük inkubasiya dövründən sonra ilk klinik əlamət kimi kəskin kataral bronxit və traxeit başlanır. Bəzən inkubasiya dövrü bir neçə saata qədər qısala da bilər.

Virusların artıb çoxalması bu epitel hüceyrələrinə sitopatik təsir göstərir. Nəticədə yuxarı tənəffüs yollarının, xüsusilə də traxeya və bronxların epitelləri distrofiyaya və nekroza uğrayır, deskvamasiyaya məruz qalaraq qopub tökülürlər. Bazal membranların keçiriciliyi və tamlıqları pozulur. Vəzli strukturlar genişlənir və hipersekresiya vəziyyətində olurlar. Yuxarı tənəffüs yollarının selikli qişalarında epitelial baryerin tamlığının pozulması ilə əlaqədar virusların təkrarən qana keçməsi – ikincili virusemiya, həmçinin də toksemiya baş verir. Bu virusların vazoparalitik təsirləri ilə əlaqədar bütün üzv və toxumalarda damar keçiricilikləri pozulur, doluqanlılıq, ödem, diapedez qansızmalar və digər dissirkulyator pozğunluqlar baş verir. Immundepressiv təsirləri ilə əlaqədar orqanizmin immun sistemi zəifləyir və ikincili infeksiyanın qoşulması üçün əlverişli şərait yaranmış olur.

Qrip xəstəliyi ayrı-ayrı epidemiyalar zamanı, o cümlədən də ayrı-ayrı xəstələrdə istər klinik, istərsə də patomorfoloji xüsusiyyətlərinə görə müxtəlif əlamətlər və ağırlıq dərəcələri ilə müşaiyət oluna bilir. Bu klinik-morfoloji müx­təliflik xəstəliyi törədən qrip viruslarının seroloji variantlarından və ştamından, insan orqanizminin hazırki sinir və immunoloji vəziyyətindən, ikincili infeksiyanın qoşulmasından və s. bu kimi amillərdən çox asılıdır.

Ağırlıq dərəcəsindən asılı olaraq qripin 3 forması ayırd edilir: yüngül, orta ağır və ağır formalar. Bundan başqa klinik əlamətlərinin xüsusiyyətlərindən asılı olaraq tipik və atipik gedişli qriplər də ayırd edilir. Bəzi ədəbiyyatlarda isə ağır formadan başqa qripin çox ağır, yaxud da ildırımvari və ya hipertoksiki forması da qeyd edilir.

Qripin yüngül forması. Buna ambulator qrip də deyilir. Qripin ən çox rast gəlinən formasıdır. Bu zaman proses yuxarı tənəffüs yollarının selikli qişa­larında lokalizə olunur, 5-6 gün davam edir və tam sağalma ilə nəticələnir. Intoksikasiya əlamətləri çox zəif inkişaf edir, subfebril temperaturla müşaiyət olunur. Kəskin kataral rinit, laringit, faringit, traxeit və bronxit inkişaf edir. Bu selikli qişalarda kəskin doluqanlılıq, ödem, şişkinləşmə, limfohistiositar infiltrasiya, xırda ocaqlı qansızmalar baş verir. Bütün vəzli strukturların hipersekresiyası nəticəsində çoxlu seroz maye və selik ifraz olunur. Örtük və vəz epitellərində hidropik distrofiya, nekrotik dəyişikliklər və deskvamasiya baş verir.Qripin bütün formalarında, o cümlədən də yüngül formada xəstəliyin ilk dövrlərindən etibarən yuxarı tənəffüs yollarının selikli qişa epitellərində 2 növ spesifik sitoplazmatik substansiyalar (yığıntılar) əmələ gəlir.

  • Oksifil və ya fuksinofil substansiyalar epitel hüceyrələrinin sitoplazmatik fokal destruksiya məhsulları olub, qrip viruslarının sitopatik təsirləri nəticəsində baş verir;
  • Bazofil substansiyalar isə epitel hüceyrələrin sitoplazmalarında qrip viruslarının mikrokoloniyalarıdır. Bu mikrokoloniyalar müvafiq antitellərdən isti­fadə edilməklə immun-flüoressent mikroskopiya yolu ilə dəqiq təyin edilir. Adi işıq mikroskopunda isə bu bazofil yığıntılar epitel hüceyrələrin sitoplazmalarında çəhrayı rəngli dənəvər strukturlar şəklində görünürlər. Həm oksifil, həm də bazofil sitoplazmatik yığıntıların aşkar edilməsi qripin erkən morfoloji diaqnostikasında çox mühüm əhəmiyyət kəsb edə bilir.

Qripin orta-ağır forması. Buna orta-ağır forma da deyilir. Təxminən bir aya yaxın müddətdə davam edir və adətən tam sağalma ilə nəticələnir. Bu zaman iltihabi proses yuxarı tənəffüs yollarından başqa, aşağı tənəffüs yollarınna, o cümlədən alveollara qədər də yayılmış olur. Yəni bütün tənəffüs sistemini əhatə edir. Yuxarı tənəffüs yollarında seroz-hemorragik iltihab inkişaf edir. Bəzi yerlərdə isə bu iltihabi dəyişikliklər fonunda nekrotik traxeit və nekrotik bronxit ocaqları da meydana çıxır. Bronx və ya bronxiolların mənfəzlərinin ekssudat kütlələri ilə tutulması nəticəsində ağciyərdə emfizema ocaqları yaranır. Virusların təsiri ilə ikinci tip alveolositlərdə osmiofıl cisimciklərin destruksiyası və bununla da surfaktantın aktivliyinin aşağı düşməsi ilə əlaqədar ağciyərdə atelektaz ocaqları da meydana çıxır. Alveolların mənfəzində leykosit, eritrosit, alveolyar makrofaqlar, deskvamasiyaya uğramış alveolositlər, tək-tək neytrofillər və ödem mayesi qarışıqlı seroz iltihabi ekssudat görünür. Alveollararası arakəsmələr isə interstitsial iltihabi dəyişikliklər hesa­bına qalınlaşmış olurlar, diffuz interstitsial pnevmoniya inkişaf edir. Uşaqlarda isə bu zaman hialin membranlar da meydana çıxa bilir. Bütün bu dəyişikliklərə qrippoz pnevmoniya deyilir. Qrippoz pnevmoniya zamanı ağciyərdə bu göstərilən iltihabi, deskvamativ və nekrotik toxuma dəyişiklikləri ilə yanaşı həm də bronxlarda və alveollarda regenerator proseslər də qeyd edilir.

Bəzi hallarda ikincili infeksiyanın qoşulması, orqanizmin ümumi müdafiə qabiliyyətinin zəifləməsi və s. bu kimi xüsusi vəziyyətlərdə qripin orta forması daha da ağırlaşaraq qripin ağır forması ilə nəticələnə bilər.

Qripin ağır forması. Kəskin başlanır, yüksək və uzun müddətli tempe­ratur, ağır vəziyyətlə müşaiyət olunur.

Ağır forma 2 variantda inkişaf edə bilir:

  • Orqanizmin ağır ümumi intoksikasiyası nəticəsində.
  • ikincili infeksiyanın qoşulması ilə əlaqədar ağciyər ağırlaşması nəticəsində.

Ümumi intoksikasiya ilə gedən ağır forma qrip viruslarının sitopatik və vazoparalitik təsirləri nəticəsində inkişaf edir. Buna bəzən qripin toksiki forması və yaxud ağır formasının toksiki variantı da deyilir. Bu zaman tənəffüs sistemində, yuxarı tənəffüs yollarında, xırda bronx, bronxiol və alveollarda qripin orta formasında olduğu kimi patomorfoloji dəyişikliklər müşahidə edilir. Xüsusilə də yuxarı tənəffüs yollarında nekrotik dəyişikliklər, ağciyər toxuma­sında isə seroz-hemorragik pnevmoniya ocaqları üstünlük təşkil edir. Virusemiya və qrip viruslarının vazoparalitik təsiri ilə əlaqədar bütün üzv və toxumalarda, o cümlədən baş beyində, selikli və seroz qişalarda və dəridə kəskin doluqanlılıq, damar keçiriciliyinin kəskin şəkildə pozulması, ödem və çoxsaylı diapedez qansızma ocaqları meydana çıxır. Baş beyində həyati vacib mərkəzlər nahiyəsinə baş verən qansızmalar isə ölümlə nəticələnir. Letal nəticə kəskin tənəffüs çatışmazlığından da baş verə bilir.

Ağciyər ağırlaşmaları ilə gedən ağır forma ağciyərdəki dəyişikliklərə ikincili infeksiyanın da qoşulması nəticəsində inkişaf edir. Ağır formanın bu variantı qrip viruslarının immundepressiv təsiri ilə əlaqədar baş verir. Orqa­nizmin immun sisteminin kəskin şəkildə zəifləməsi ilə əlaqədar ağciyərdə bakterial mənşəli (stafilokok, streptokok, göy irin çöpləri, pnevmokok və s.) infeksiyalar da başlanmış olur. Bununla da ağciyərdəki xarakter qrippoz dəyişikliklər öz morfoloji xüsusiyyətlərini demək olar ki, əsaslı şəkildə dəyişmiş olurlar. Traxeyada və bronxlarda başlanan ağır nekrotik dəyişikliklər alveollara doğru yayılır. Fibrinoz-hemorragik iltihabi dəyişikliklər fonunda, nekrozlaşmış selikli qişa elementlərinin qopub ayrılması ilə əlaqədar müxtəlif ölçülü yaralar meydana çıxır. Mikroskopik müayinə zamanı ağciyər toxumasında kəskin doluqanlılıq, ödem, diapedez qansızma ocaqları, neytrofil qarışıqlı limfo- leykositar infiltrasiya, atelektaz və kəskin emfizema ocaqlı (xüsusilə də seqmentar) dəyişikliklər görünür. Belə ağciyər həcmcə böyümüş olur, kəsikdə ala-bəzək görünür. Ona görə də belə ağciyərə ‘ “böyük ala-bəzək qrippoz ağciyər” deyilir. Bəzən prosesə plevra da qoşulmuş olur və bu zaman irinli plevrit – plevranın empieması da inkişaf edir.

Qripin hər iki variantda inkişaf edən ağır formasında orqanizmin bütün üzv və toxumalarında ağır dissirkulyator pozğunluqlar fonunda müxtəlif xarakterli patomorfoloji dəyişikliklər baş verir. Parenximatoz üzvlərdə, xüsusilə də ürək, böyrək və qaraciyərdə ödem, qansızma ocaqları, zülal və piy distrofiyaları, interstitsial iltihab, üzv daxili sinir aparatlarında distrofik və destruktiv dəyişikliklər, damarlarda tromboflebit və tromboarteriit meydana çıxır. Bu dəyişikliklər içərisində mərkəzi və periferik sinir sistemində baş verən patologiyalar xüsusilə mühüm klinik əhəmiyyət kəsb edirlər. Baş beyində seroz-hemorragik xarakterli qrippoz meningit, qrippoz ensefalit, baş beyin maddəsinin ödemi meydana çıxa bilir.

Qrip xəstəliyinin daha bir xarakter xüsusiyyəti də ondan ibarətdir ki, bu xəstəlik özündən sonra müxtəlif ağırlaşmalar verməyə və orqanizmdə olan xroniki xəstəlikləri (xüsusilə də tənəffüs yollarında və ürəkdə) kəskinləşdir­məyə çox meyllidir. Ən çox rast gəlinən və ciddi ağırlaşmalara kəskin və xroniki pnevmoniya, xroniki bronxit və bronxoektaziya xəstəliyi, karnifikasiya, xroniki emfizema, pnevmoskleroz, bundan sonra isə LOR üzvlərinin ağırlaş­maları və serebral ağırlaşmalar aiddirlər.

Qrip xəstəliyi uşaq yaşlarda daha ağır gedişə malik olur, nəinki böyük­lərdə. Belə ki, uşaqlarda ağır formaya daha çox meylli olan qrip xəstəliyi çox vaxt mərkəzi sinir sisteminin zədələnməsi, meningeal əlamətlər, ağciyər ağırlaşmaları, ümumi intoksikasiya, visseral patologiyalarla müşaiyət olunur. Kataral ekssudativ laringit yalançı inağa və asfiksiyaya gətirib çıxarır. Nekrotik traxeit və nekrotik bronxitlər baş verir. Təsadüfi deyildir ki, uşaq yaşlarda başla­nan bronxoektaziya xəstəliyinin çox əksəriyyəti məhz qripin ağırlaşması kimi meydana çıxır.

Mənbə: Ə.B.Həsənov,, Patoloji Anatomiya, Tibb Universiteti üçün dərslik.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here