Sürgündəki rəssam: Jak İhmalyan

Post date:

Author:

Category:

“ Jak İhmalyan rəssam idi, şair idi, bir sözlə sənətkar idi, amma hər şeydən əvvəl insan idi. Mənə elə gəlir ki, böyük, irəli düşünən sənətkar pis insan ola bilməz. Ancaq bu mübahisəli məsələdir, böyük hərflərlə tarixə yazılan şəxs mütləq böyük sənətkar olacaq deyə bir qayda varmı? Qardaşım qədər çox sevdiyim və dostum kimi gördüyüm Jak İhmalyan, bir şeir sətri yazıb-yazmadığını bilməsəm də, mənim üçün ilkin şairlərdən idi. Onu Türkiyədə, ikinci dünya müharibəsi illərində dünyanın ən gözəl şəhərlərindən birində, suları qovun iyi verən adalarda tanıdım və o gündən bu günə nə zaman burnuma bir şam ağacı qoxusu, qulağıma bir dəniz xışıltısı gəlsə xatirələrimdə sanki onun da dənizin bir parçasıymış, bir şam ağacıymış kimi gözlərimin önünə gəldiyini hiss etdim.”

Yazıçı Keğam Sevan bu sözləri 1979-cu ildə Moskvada nəşr olunan kataloqun ön sözündə Jak İhmalyan üçün sərf etmişdi. Rəssamlığı ilə yanaşı şairliyi ilə də bilinən Jak İhmalyan, İstanbulda doğularaq ömrünün ən gözəl illərini burada keçirsə də, siyasi ideologiyası uğruna çox sevdiyi məmləkətindən ayrı qalmağa məcbur edilmişdi.

Əslən Türkiyə ermənilərindən olan rəssam 1922-ci ilin 30 iyulunda Konyalı Gabislə Kayserili Verkinin oğlu olaraq dünyaya gəlib. Uşaqlığından etibarən incəsənətə böyük marağı olduğu bilinən Jak-ın rəsmlə ilk tanışlığı 14 yaşında Abidin Dino ilə birlikdə olmuşdur. Abidin Dino onu rəsmə yönləndirməklə yanaşı Jak ilə güclü dostluğun da təməlini qoymuşdur.

1936-cı ildə özəl Katolik məktəbini bitirən Jak fransız liseyində oxumağa başlayır, daha sonra isə türk liseyindən məzun olur. 1939-cu ildən inqilabi hərəkata aktiv olaraq qoşulur və TKP-yə (Türkiyə Kommunist Partiyası) üzv olur. 1942-ci ildə İstanbul Rəssamlıq Akademiyasında rəssamlığı Bədri Rəhmi atelyesində oxuyur. Akademiyada sadəcə bir imtahan ilə birinci kursu keçmişdi. 1944-cü ildə İstanbul Rəssamlıq Akademiyasının diplom kursu tələbəsi olarkən həbs olunur.

1944-cü ildə Sansaryan Xan həbsxanasının zirzəmisindəki hücrələrin birində onu ziyarətə gələn atasına qırıq saatı verən Jak onu təmir etməsini istəyir. Atası saatı təmir üçün aparanda saatçı: “Bu saatı dənizə atmısan? Dəhşət paslıdır”, – deyir.

Bu cümlə Sansaryan Xanın zirzəmisindəki rütubətin sübutudur. Rütubətli mühitdən əziyyət çəkən Jak ancaq Çində olarkən dərman müalicəsi ilə uzun illər sonra bağırsaq xəstəliklərindən xilas ola bilir. Bu Jak-in ilk dəfə həbsxanaya düşməyi idi. 1946-cı ildə o ikinci dəfə həbsxanaya düşür və 3 il həbs yatır. Harbiye Hərbi Həbsxanasına göndərilən İhmalyan burada yaxın dostu Əziz Nesin (Aziz Nesin) ilə tanış olur.

Sansaryan Xan Polis İdarəsinin nəzarət otaqlarının birində Jak’ın qardaşı yazıçı Vartan İhmalyan ilə görüşən Nesinin qeydləri arasında İhmalyan qardaşları haqqında maraqlı bir fakt var idi: “Polislər ən çox bu qardaşları incidirlər, çünki onlar kommunist olmaqları ilə yanaşı həm də erməni idilər”.

Jak İhmalyan üçün onun incəsənəti onun haqsızlığa qarşı olan səsi idi. Özünü rəsmləri, şeirləri ilə ifadə edən İhmalyan:

“Özümü tanıdığım gündən bəri sadəcə hər hansısa bir cəmiyyətdə deyil, hətta ailə içərisində şiddətə, haqsızlığa qarşı dözə bilməmişəm. Sırf buna görə də sevdiyim və qorumaq istədiyim insanların, müdafiəsiz canlıların rəsmini çəkirəm. Natürmort belə çəkməli olsam kristal vazlarda bahalı görünən meyvələri çəkməyə əlim gəlməz. Fırçam təvəzökar və yarı xoşbəxt insanların süfrələrini rəsm edər”, – deyirdi.

Eyni zamanda rəssamlığı belə qiymətləndirirdi:

“Hər sənət kimi rəngkarlığın da öz dili və oxunuşu var. Bu dili ədəbiyyatdan uzaqlaşa biləcəyim qədər uzaq və musiqiyə yaxın ola biləcəyim qədər yaxın görürəm. Müvəffəqiyyətli bir rəsm ilk baxışda görünüşü ilə; qara boya, açıq kölgə və rənglərlə tamaşaçını özünə hipnoz edir. Lakin daha sonra özünü böyük bir səmimiyyətlə yalansız tamaşaçısına biruzə verir və sözlərsiz danışaraq asanlıqla həzm olunur”.

1948-ci ildə həbsinin bitməsindən sonra rəsmlər çəkir və şeirlər yazır. “Bartez” jurnalı üçün (“Uşaq bağçası” mənasını verən bir erməni uşaq jurnalı) rəsmlər çəkir və erməni “Nor ya” (Yeni gün) əsəri üzərində çalışır. 1949-cu ildə Suriya yolu ilə Beyruta pasport olmadan gedir və orada da məskunlaşır. İstanbuldan tanıdığı Mari Abacigil ilə evlənir və oğlu Vaçe dünyaya gəlir. Livanda təxminən yeddi il qalaraq orada bəzi məktəblərdə rəssamlıqdan dərs deyir. Bir müddət Beyrut hava limanında fransız rəssamı Simon Baltax ilə “Xalqların dostluğu” mövzusunda panel hazırlayır.

1956-cı ildə Polşaya köçərək Varşava Radio Komitəsində, sonra isə cizgi film studiyasında işləyir, plakatlar hazırlayır. Nazim Hikmətin “Günəşi içənlərin Türküsü” əsərinin polyak dilindən tərcüməsini rəsm edir. Yaxın dostu Nazım Hikmət şeir kitabını təsvir edən İhmalyanın sənətinə olan heyranlığını “Bir gün şeirlər yazacam ki, rəsmlərinə layiq olsun”, – sözləri ilə ifadə edir. Jak eyni zamanda dostu Nazımı da rəsm etmişdi:

Nazım Hikmet Ran

1959-cu ildə Çinə gedərək ailəsi ilə birlikdə Pekində məskunlaşır. Əsasən radioda işləmiş, eyni zamanda ölkənin ənənəvi və müasir rəssamlığını da öyrənmişdir.

1961-ci ildə Sovet İttifaqına köçür. İlk iki ildə radioda redaktor olaraq işləyir. 1963-cü ildə Moskva Dövlət Universiteti Şərq Dilləri Türkologiyası İnstitutuna müəllim təyin edildiyi zaman dil öyrətməklə yanaşı rəssamlıqla da məşğul olur.

Arbat bölgəsindəki Taniyevih küçəsindəki köhnə binanın alt qatında kiçik bir atelyesi var idi. 1968-1978-ci illər arasında bir neçə sərgi təşkil edir. 1974-cü ildə Sovet Rəssamlar İttifaqının üzvü olur. 1 aprel 1978-ci ildə Moskvada ölür və İrəvanda yandırılır.

Ömrünün sonuna kimi doğulub böyüdüyü torpaqlara həsrət qalan Jak İhmalyanın əsərləri ölümündən 40 il sonra Türkiyədə sərgilənməyə başlayır. Türkiyənin keçmişinə sənətçilərin izləriylə baxmağa başladığımız bir ildə, yəni 2013-cü ildə “Şişmanoğlu Konağı”ndaki sərgi olduqca mənalı idi. “The Salt” Qalereyasında açılan sərgidə 1970-ci illərdə kommunizm təbliğatına görə qadağan olunan əsərlərin 40 ildən sonra yenidən ortaya çıxdığını gördük. Sərgidə 1940-cı illərin Türkiyəsində incəsənət, Jak İhmalyan’ın İstanbuldakı həyatı, həbsxana günləri və sürgün illərindən bəhs edilirdi.

Sadəcə bir ideologiya uğruna həyatını sürgündə keçirmiş Jak-ın hekayəsi bizə sülhün vacibliyindən və radikal milliyətçiliyin fəsadlarından bəhs edir. Baxsaq görərik ki, Jak İhmalyan kimi bir çox incəsənət insanlarının kainata çatdırmaq istədiyi mesaj tək idi: “İncəsənət dinə, irqə, millətə sığmır, çərçivəsizdir. İncəsənət bütün kainatın dilidir”.

Jak erməni olmağı özü seçməmişdi, bu seçim haqqı heç kimə verilmir. Lakin necə insan olacağını özü seçmişdi və onun seçimi “insanlıq” idi. Özünün də qeyd etdiyi kimi o əsərlərində əzilən, şiddətə məruz qalan insanların dilindən danışırdı, onların əziyyətini dünyaya çatdırmaq istəyirdi. Bu gün Jak aramızdan cismən gedəli çox olub. Lakin əsərləri başda Rusiya olmaqla Türkiyə, Livan, Fransa, Almaniya, Polşa, Bolqarıstan, Yunanıstan və Ermənistandakı muzey və kolleksiyalarda onun izlərini daşıyır.

Bəzi rəsmləri:

Müəllif: Məmmədova İsmət

Redaktə etdi: Aysel Əliquliyeva

Mənbə(lər):

https://www.biyografi.net/kisiayrinti.asp?kisiid=956

http://turkrus.com/516913-jak-ihmalyan-2-nazim-hikmet-vakasi-xh.aspx

Jak Ihmalyan

https://www.evrensel.net/haber/57761/jak-ihmalyanin-firca-darbeleri

STAY CONNECTED

20,444FansLike
2,290FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

İsmət Məmmədovahttp://rezonanss.com
Xəzər Universiteti - tərcümə ixtisası, IV kurs. Xəzər Universiteti Multimedia Mərkəzi - Fotoqraf. R.M.C idarə heyyətinin üzvü, eyni zamanda incəsənət və tərcümə işlərində nəzarətçi.

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.