Rentgenoqrafiya nədir? / Ensiklopedik bilgi

0
24

RENTGENOQRAFİYA

Rentgenoqrafiya üsulu müayinə edilən obyektin rentgen şüaları ilə şəklinin çəkilməsinə deyilir. Bu üsulun üstün cəhətlərindən biri odur ki, rentgenoskopiyada görünməyən kiçik və incə dəyişikliklər rentgenoqramda asanlıqla aşkar edilir. Ona görə də rentgenoqrafiyadan sümük-oynaq sistemində, ağciyərin və digər daxili üzvlərin kiçik patoloji hallarında istifadə olunur.

Rentgenoqrafiya obyektiv üsul kimi patoloji proseslərin öyrənilməsində və onların dinamiki gedişinin izlənməsində mühüm rol oynayır.

Bu üsul zəngin təfsilatlı şəkil almaqla yanaşı, müayinə zamanı alınan şüalanmanı da azaldır.

Qeyd edilən rentgenoskopiya və rentgenoqrafiya üsullarının üstün və çatışmayan cəhətlərini nəzərə alaraq, rentgenoloji müayinədə əksər hallarda hər iki üsuldan istifadə edilir. Bu isə düzgün diaqnozun qoyulmasına kömək edir.

 

Rentgenoqrafiya müxtəlif proyeksiyalarda aparılır (üfüqi, şaquli, lateroskop, Trendlenburq və s.). Nəzərə almaq lazımdır ki, rentgenoqrafiya rentgenoskopiya üsulunun neqativ halıdır. Ona görə də, şəffaf zonalar rentgenoqramda tünd rəngdə, kölgəliklər isə şəffaf şəkildə görünür. Rentgenoskopiya və rentgenoqrafiyanın birgə tədbiqi zamanı biri digərinin çatışmayan cəhətlərini aradan qaldıraraq, müayinəni tamamlayır. Rentgenoqrafiya ən yayılan metodlardan hesab olunaraq, təbabətin bütün sahələrində tətbiq edilir. Hər iki metod sadə metodlardan ibarət olub geniş miqdarda işlədilir və daxili xəstəliklərin funksional və patoloji vəziyyətinin öyrənilməsində çox mühüm rol oynayır. Rentgenoqrafiya stasionar, ambulator şəraitdə, palatada, cərrahi əməliyyat otaqlarında, reanimasiya

şöbələrində müvəffəqiyyətlə tətbiq olunur.

Mənbə: Radiodiaqnostika, Həkim və tələbələr üçün dərslik. ( Bahadur Baxşiyev)

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here