Roma məktəbi və Plotin

Post date:

Author:

Category:

Roma məktəbinin və ümumiyyətlə, yeni-platonçuluğun ilk filosofu Ammonius Sakkas (lat. Ammonius Saccas; e.ə 175—242) hesab edilir. O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur.
Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlar. Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər. Ammonius və onun öyrənciləri ilk dəfə “Teosofiya” sözünü işlətməyə başlamış və bu anlayışı təlim halına gətirmişdirlər. Bu təlimin vasitəsi ilə Ammonius bütün dinlər və inancları birləşdirmək istəmişdir.

Ammoniusun öyrəncisi Plotin (e.ə. 205 – 270) yeni platoçuluğun nəzəri əsaslarını qoymuşdur. Ona görə də Plotinə “İkinci Platonda deyirlər.
Plotin Misirdə anadan olmuş, gəncliyini o dövrün mədəni mərkəzi olan İskəndəriyyədə keçirmiş və orada Ammonius Sakkasın öyrəncisi olmuşdur. Təxminən 40 yaşında Plotin Romaya köçmüşdür. O vaxtlar Roma imperiyasını dərin siyasi-ictimai böhran bürümüşdür. Fars və hind dünyagörüşü ilə yaxından tanış olmaq istəyən Plotin, imperator III Qordianusun (lat. Gordianus) İrana qarşı hərbi yürüşündə iştirak etmişdir.

Ancaq, yürüş Roma ordusunun yenilməsi ilə başa çatmışdır. Plotin isə yalnız təsadüf nəticəsində sağ qalmışdır. 244-cü ildə Romaya qayıtdıqdan sonra Plotin orada məktəb yaratmış və 25 ilə yaxın müddətdə ona başçılıq
etmişdir. Bu məktəbdə müxtəlif ictimai təbəqə vəmillətlərin nümayəndələri oxuyurdular. Əvvəllər Plotin öz təlimini yalnız şifahi olaraq tədris etmiş, daha sonra isə onu yazmağa başlamışdır. Plotinin öyrəncisi Porfirius isə onun əsərlərini yığmış, redaktə etmiş, altı fəsilə ayırmış və yayımlamışdır.

Bu fəsillər isə öz növbəsində, doqquz hissədən ibarət olmuşdur. Buna görə də həmin əsər “Enneadalar” (yun.-doqquzluq) adlanır. Əslində Enneada qədim Misir əsatirlərində Heliopolis şəhərinin doqquz tanrısının ümumiləşmiş adıdır. Enneada tanrıları Misirin ilk kralları hesab olunurdular. Misirin digər şəhərlərinin isə öz tanrı doqquzluqları var idi.

Plotin bütün varlığı vahidlikdə görürdü, yəni onun dünyagörüşünün əsasını monizm təşkil edirdi. Plotinin Vahidi tanrıdır. Məsələyə bu cür yanaşılırsa, onda dünyada olan çoxluq və müxtəlifliyi izah etmək lazım olur.

Yəni, əgər bütün varlıq Vahidin törəməsidirsə və onunla vəhdət təşkil edirsə, onda o digər varlıqlarla eyniləşməli, bərabərləşməli, qarışmalı yoxsa öz fərdiliyini saxlamalıdırmı?

Bu suala cavab verən Plotin Vahidi fərdiləşdirmiş, onu bütün digər şeylərdən ayıraraq üstün tutmuşdur. Ancaq belə olduqda Vahid dərk olunmaz, duyulmaz və görünməzdir. Hətta, onun var olması belə sual altına qoyulur. Bu da Plotinin fikrincə təbiidir, çünki Vahidin var olması iddiası onu müəyyən çərçivəyə salınması, zaman və məkanda təsəvvür edilməsi deməkdir. Beləliklə, Vahiddən hər şey törənir, ancaq o özü hansısa forma ya da çərçivə anlayışlarına sığmır. Çünki O, bütün varlıqlardan və təfəkkürdən daha üstündü, dərk olunmazdır.

Eyni zamanda, Plotin Vahidi günəşin, işığın, istinin, xeyrin mənbəyi hesab edirdi. Hər bir anlayışdan uca olan Vahiddən hər bir şey törənir, doğulur. Monoteizmdə olan Tanrıdan fərqli olaraq Vahidin heç bir istək və iradəsi yoxdur. Dünyanın doğuşu (törəməsi) prosesi obyektiv bir hadisədir, kiminsə iradəsindən asılı deyildir. Bu törəmə emanasiya (axma,
tökülmə) adlandırılır. Emanasiyanı Plotin Vahiddən ayrılan ışıq (nur) şəklində təsəvvür edirdi. İşıq mənbəyinə yaxın olduqca parlaqlaşır, ondan ayrıldıqca isə tədricən sönür və qaranlığa çevrilir.

Vahiddən törənən çoxluq heç də onun azalmasına və ya kiçilməsinə dəlalət etmir. O olduğu kimi bir ideal olaraq qalır. Emanasiya nəticəsində Vahiddən daha iki substansiya (hipostasis) yaranır.

  • Birincisi Əqldir. Vahiddən fərqli olaraq o artıq mövcuddur. Əql özünü dərk edir. Plotinin Əqli Platonun ideyalar aləminə bənzəyir. O, bütün ideyaların cəmidir.
  • İkinci substansiya isə Ruhdur. Vahiddən ayrılan İşıq bütövlükdə Əql tərəfindən mənimsənilmir. Ona görə İşıq hərəkətini davam edir və bunun nəticəsində Ruh yaranır. Eyni zamanda, onu Əql doğur. Ruh hər şeyin yaradıcısıdır. O bütün canlıları onlara həyat üfürərək yaratmışdır. Ruhdan günəş, göy və başqa kosmik cisimlər yaranmışdır. Eyni zamanda, Ruh hər şeyi hərəkətə gətirir (hərəkətverici qüvvədir). Ruh iki tərkib hissədən ibarətdir. Birincisi səmavidir-əqlə yaxındır və maddi aləmlə əlaqəsi yoxdur. İkincisi isə dünyəvidir-maddi aləmlə əlaqəlidir və təbiətin bütün proseslərini həyata keçirir.
Beləliklə Ruh, səmavi və yüksək qüvvələrlə dünyəvi qüvvələrin əlaqələndiricisidir. Ruhda ideyalar əks olunur. Plotinin təlimində yuxarıda göstərilən üç substansiya (Vahid, Əql və Ruh) hipostasis adlanır.
Yəni hipostasis birliyin üzvlərinin hər birisidir. Vahid tanrı Uran, Ruh tanrı Zeus, Əql isə Kosmosla eyniləşdirilir. Əqldə yaşayan ideyalar da tanrılardır. Təbiətə gəldikdə onun ən yetkin tərəfi Ruhun aşağı təbəqəsidir. Əqldə cəmləşən ideyalar bu təbəqədə konkret şeylərdə təzahür olunur. Əslində isə şeylər ideyaların əks olunmasıdır. Fenomen alaləmdə Ruh hissəciklərə bölünür və hər şeyin əsasını, canını təşkil edir.

Beləliklə,hər şeyin ruhu vardır: o cümlədən planetlərin və yerin. Yerin ruhundan bitkilərin və heyvanların ruhları; eləcə də insan ruhunun aşağı, qaranlıq hissəsi yaranır. Bu hissənin vasitəsi ilə insanlar dünyaya bağlı olurlar, ağırlaşırlar.

Təbiət dünya Ruhunun qaranlıq hissəsidir. Onun ən alçaq hissələri isə materiyadan yaranır. Materiya (maddə) Plotin fəlsəfəsində yoxluqdur. Ancaq materiya mütləq yoxluq deyil, sadəcə var olan şeydən fərqli bir şeydir. Materiya əbədidir, ancaq Vahidlə birlikdə mövcud olan ikinci ilk substansiya deyildir. Buna görə də, Plotinin materiya haqqında fikirləri ziddiyyətlidir. O Vahiddən törənir və ondan ayrılan işığın sönməsinin nəticəsidir.Deməli, materiya zülmətdir (qaranlıqdır) və şərlə, hətta yoxluqla eyniləşir.Vahid isə xeyirdir.

Yuxarıda qeyd edildiyi kimi Plotinin fəlsəfəsində Vahid enərək çoxluğun yaranmasına səbəb olur. Ancaq çoxluq da Vahidə tərəf yönəlir, onunla qovuşmağa can atır. Bu cür yönəlmə insanda daha da çoxtəzahür olunur.
İnsan ruhu dünya Ruhunun hissəciyidir. Onun yüksək və aşağı hissəsi vardır. İnsanların çoxusunda ruhun aşağı hissəsi üstünlük təşkil edir və onlar həddən artıq şərin təcəssümü olan materiyaya bağlanırlar. Ancaq, hər bir insan özündə ruhun yüksək hissələrini duyub inkişaf etdirə bilər. Bu isə ekstaz halında mümkündür. Ekstazda ruh artıq bədənlə özünü eyniləşdirmir və ondan müstəqil şəkildə varlıq qazanır. O Vahidə can atır, onunla qovuşur, onda əriyir. Ekstaza çatmaq üçün mənəvi həyat sürmək lazımdır.

Plotin ruhların köçməsinə də inanırdı. Plotinin təlimi sonrakı orta əsr Avropa və Yaxın Şərq fəlsəfi fikrinə çox böyük təsir göstərmişdir. Avqustin, Boesius, Fərabi, İbn Sina kimi filosofların təlimlərindəPlotinin ideyalarından istifadə edilmişdir. Onun varlıq haqqında baxışlarını bu və ya digər dərəcədə ən tanınmış düşünürlər öz təlimlərində tətbiq edib inkişaf etdirmişdirlər. Başqa tərəfdən Plotinin təlimi sonralar müxtəlif dini-mistik təlimlərin yaranmasına təkan vermişdir. Yəhudi (Kabbala), Xristian (İsihazm) və İslam (Təsəvvüf) mistisizmi ondan bəhrələnərək təlim halına gəlmişdirlər.

Mənbə:

Aydın Əlizadə – “Antik fəlsəfə tarixi” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

Müəllif: Nisə Quluzadə

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.