Romantizm Cərəyanının Öncülü: Viktor Hüqo

0
9

Romantizm cərəyanının ən önəmli nümayəndələrindən olan Viktor Hüqo (fr. Victor Hugo) 1802-ci ildə Fransada ailəsinin üçüncü uşağı olaraq dünyaya göz açdı. O, uşaq olarkən atası yüksək rütbəli bir zabit olduğu üçün tez-tez köçmək məcburiyyətində qalırdı. Hüqo bu uzun səyahətlər ərzində gördüyü şəhərlərə və təbiətə dair çox şey öyrəndi və bu öyrəndikləri əsərlərini yazarkən ona xeyli kömək oldu.

Uşaqlıq dönəmində şeirə maraq göstərməyə başlayan Hüqo 15 yaşında ikən Fransız Akademiyasının təşkil etdiyi bir şeir müsabiqəsinin qalibi oldu. Bir sonrakı ildə isə Jeux Floraux Akademiyasının təşkil etdiyi bir yarışmada birinci oldu. Hələ erkən yaşda məşhur olmağa başladığı bu illərdə fransız ədəbiyyatının önəmli nümayəndəsi və romantizm cərəyanının məşhur təmsilçisi Fransua Rene de Şatobriandan (fr. François Réne de Chateaubriand) təsirləndi. Hüquq təhsilini bitirdiyi bu dövrdə hüquq sahəsində işləməyi heç düşünmədi və ədəbi karyera qurmağı hədəf seçdi.

1822-ci ildə ilk şeirlər toplusu olan “Odes Et Poesies Diverses” yayımlandı. Bu əsəri sayəsində ona krallıq maaşı bağlandı. Bu toplusundakı şeirləri böyük təriflər alsa da, əsas 4 il sonra yayımlanacaq şeir kitabı “Odes Et Ballades” onun şairliyini, sözlərdən istifadə etməkdə nə qədər bacarıqlı olduğunu sübut etməsinə imkan yaratdı və ədəbiyyat dünyasında romantizm cərəyanının davamçısı olan bir yazıçı kimi tanındı.

Hüqonun ilk dəfə yetkin deyə biləcəyimiz bədii əsəri 1829-da nəşr olundu. “Edam məhkumunun son günü” əsərində ictimai vicdanı kəskin bir şəkildə analiz etdi. Bu roman Alber Kamü (fr. Albert Camus) Çarlz Dikkens (ing. Charles Dickens) və Dostoyevski (rus. Фёдор Миха́йлович Достое́вский) kimi önəmli yazıçılara dərindən təsir göstərmişdir.
1830-ların əvvəlində cəmiyyətdəki səfalət və ədalətsizliklə bağlı böyük bir əsər üzərində işləməyə başladı. “Səfillər”i tamamlaması 17 il çəkdi və bu roman 1862-ci ildə yayımlandı. Roman fransız xalqına dərindən təsir etdi. Kitabda bəhs edilən sosial problemlər Fransa Milli Məclisinin gündəminə gələcək qədər populyar oldu. Fransız xalqı ilə yanaşı, ümumilikdə, bütün dünyada da böyük maraq görən bu əsər kino və teatr səhnəsində də öz yerini tapdı.

“Tərəzinin bir gözü ağır olacaqsa, bu ağırlıq uzun müddətdir əzab çəkən xalqdan yana olmalıdır.”

Viktor Hüqonun həyatından danışarkən ədəbiyyatçı şəxsiyyəti ilə yanaşı, siyasətçi kimliyini də bilmək lazımdır. Təsirində qaldığı Şatobrian kimi siyasətə daxil olmaq istəmiş və 1841-ci ildə uzun məşəqqətlər nəticəsində Fransız Akademiyasına daxil olmuşdur. Cümhuriyyətçi hökumətin dəstəkçisi olmuş, hüquq məhkəməsi və qanunvericilik məclisinə qədər yüksəlmişdir.
1891-ci ildə hərbi çevriliş edən III Napaleonu vətənə xəyanətdə günahlandırdığı üçün ölkədən sürgün edildi və əvvəlcə Brüsseldə, sonra Cersidə (Jersey), daha sonra isə Saint Peter Portda yaşadı. Sürgündə olduğu müddətdə Genuya, Portuqaliya və Kolumbiyada ölüm cəzasının konstitusiyadan çıxarılmasına nail oldu və dünya sülhünə önəmli dərəcədə təsir göstərdi.

1870-c ildə III Napaleonun taxtdan endirilməsi ilə ölkəsinə döndü və Milli Məclisə seçildi. Bu dönəmdə qızı ruhi xəstəxanaya yerləşdirildi, 2 oğlu öldü və özü də yüngül bir iflic keçirdi. Çətin keçən həyatına baxmayaraq, siyasətdən ayrılmadı. Lakin siyasi karyerasının son dönəmi uğursuzluqlarla keçdi.

Viktor Hüqo 22 may 1885-ci ildə sətəlcəm xəstəliyindən öldü. O, təkcə böyük bir ədəbiyyatçı deyil, həm də insanların bərabərliyinə və ədalətə önəm verən yaxşı bir dövlət adamı idi. Yas mərasimində 2 milyondan çox insan iştirak etdi. Bir çox yerə onun adı verildi və fikirləri hələ də aktuallığını qoruyur.

“Kasıblar üçün 50000 frank pul ayırıram. Qəbiristanlığa onlara məxsus bir cənazə maşını ilə yerləşdirilmək istəyirəm. Heç bir kilsənin mənim üçün mərasim keçirməsini istəmirəm. Bütün ruhlardan mənim üçün dua etmələrini xahiş edirəm. Tanrıya inanıram.”

Viktor Hüqonun cənazəsi, cəsədi Panteona daşınarkən. Paris, 1 iyun, 1885.

 

Mənbə: https://www.wannart.com/romantik-akimin-oncusu-victor-hugo/

Redaktə etdi: Fatimə Əliyeva

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here