Sarılıq / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Sarılıq – Qanda bilirubinin qatılığının 1mq%-dən (17,1 mkmol/l)  artıq olması hiperbilirubinemiya adlanır; bilirubinemiyanın səviyyəsi 2mq%-dən (34,1 mkmol/l) artıq olduqda orqanizmin toxumalarına bilirubin toplanır, dəri və selikli qişalar sarı rəngə boyanır. Bununla əlaqədar olan simptomokompleks sarılıq adlanır.

Müxtəlif xəstəliklər zamanı əmələ gələn sarılıqları 3 qrupa bölürlər.

1) qaraciyərdaxili (parenximatoz) sarılıq; 2) qaraciyəraltı (mexaniki sarılıq); 3) qaraciyərüstü (hemolitik sarılıq).

Parenximatoz sarılıq qaraciyər hüceyrələrinin kütləvi şəkildə zədələnməsi ilə əlaqədar olan xəstəliklər ( infeksion virus hepatiti, sarılıqlı leptospiroz, hepatrop zəhərlərlə zədələnmələr) zamanı törənir. Bu zaman qanda birləşmiş (vasitəsiz) bilirubinin miqdarı artdığından asanlıqla aşkara çıxarılır. Bundan əlavə, birləşmiş bilirubin suda yaxşı həll olduğuna görə, böyrək yumaqcıqlarından filtirasiya edir və bu zaman sidiyin tərkibinə bilirubin daxil olur. Zədələnmiş hepatositlərin qanla gətirilən bilirubini tutmaq qabiliyyəti zəiflədiyinə görə, parenximatoz sarılıq zamanı sərbəst bilirubinin də qatılığı artır. Bu zaman bağırsağa tökülən bilirubinin miqdarı azaldığına görə, nəcis və sidiklə nisbətən az sterkobilinogen ifraz edilir; nəcisin rənginin intensivliyi azalır. Sidikdə isə sterkobilinogenin miqdarı azaldığını halda, normal vəziyyətdə böyrək vasitəsilə ifraz edilməyən bilirubindən əlavə, həm də mezobilirubinogen (urobilinogen) aşkar edilir.

Hemolitik sarılıq bilirubinin həddindən artıq çox (qaraciyərin qlükuron turşusu ilə birləşdirə biləcəyindən artıq miqdarda) əmələ gəlməsi nəticəsində törənir. Sarılığın bu növü hemolizlə əlaqədar olduğuna görə hemolitik sarılıq adlanır. Belə hallarda qan serumunda sərbəst bilirubinin miqdarı artır; bilirubinin sərbəst forması serum albumini ilə kompleks şəkildə olduğundan böyrək yumaqcıqlarından filtrasiya edilmir və buna görə də sidiyin tərkibinə keçmir. Yəni hemolitik sarılıq hiperbilirubinemiya ilə müşayiət edilsə də, bilirubinuriya törətmir. Lakin bu zaman ödün tərkibində sekresiya edilən bilirubinin və buna müvafiq olaraq, nəcisdə və sidikdə sterkobilinogenin miqdarı artır.

Mexaniki sarılıq (qaraciyəraltı sarılıq) qaraciyərdənkənar öd yollarında ödün hərəkətinə qarşı hər hansı bir maneə yaranması nəticəsində inkişaf edir. Buna öd yollarının daş və ya yad cisim (məsələn, bağırsaq qurdları) vasitəsilə tutulması, daralması, iltihabi proseslər, şişlər və öd yollarının diskineziyaları səbəb ola bilər. Bu zaman qaraciyərin daxilində yerləşən öd kapilyarlarında təzyiq artır; nəticədə kapilyarların divarları zədələnib, ödü limfa sisteminə və qan kapilyarlarına keçirir. Belə hallarda qana keçən bilirubinin əsas hissəsi diqlükuronid şəklində olur. Birləşmiş bilirubin böyrək yumaqcıqlarından asanlıqla keçdiyinə görə, mexaniki sarılıq zamanı sidikdə bilirubin olur, lakin sterkobilinogen olmur; çünki, sterkobilinogenin əmələ gəlməsi üçün öd piqmentləri bağırsağa keçməlidir. Bu mümkün olmadığına görə, nəcis ağımtıl boz rəngdə görünür (buna axolik nəcis deyilir) və onun tərkibində yağların miqdarı artır (bu əlamət isə steatorreya adlanır). Sarılığın bu növünə xas olan əlamətlərdən biri də qanda qələvi fosfataza fəallığının artmasıdır. Bundan əlavə, mexaniki sarılıq zamanı qana öd turşuları keçir (xolemiya) və dəridə şiddətli qaşınma olur.

Mənbə: İnsan Biokimyasının Əsasları , Tibb Universiteti üçün dərslik. (F.Q.İslamzadə; F.İ.İslamzadə; A.M.Əfəndiyev)

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.