Sofizm nə deməkdir və sofistlər

Post date:

Author:

Category:

M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir.

Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun.lat. Sophistes – müdriklik ustaları) deyirdilər. Sofistlər bəlağət, natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri inkişaf etdirmişdilər.

Onların hansısa bir ortaq təlimləri olmamışdır, dünyagörüşləri müxtəlif təlimlərin qarışığından (eklektika’dan) ibarət idi.

Sofistlərin bir çoxu öyrəncilərə ödənişlə müdriklik və mübahisədə qalib gəlmək dərslərini keçmişdilər. Ancaq sonralar “sofist” adını həqiqətin nə olduğunu bilmək istəyən adamlara deyil, bir şeyin yanlış olduğunu bilən, buna baxmayaraq onu bilərəkdən formal dəlillərlə əsaslandırmağa çalışan adamlar üçün deyirdilər. Çünki bu kimi adamlar fəlsəfi bilikdən ayrılaraq bütün bacarıqlarını mübahisə etdiyi adamlara qalib gəlməyə yönəltmişdilər.

Bunun üçün onlar mübahisələr zamanı sözbazlığa, söz quraşdırmalara, boşboğazlığa da əl atırdılar. Ona görə də “sofizm” anlayışı yarandı ki (əlavə oxu: Müzakirədə hiylə işlətmək, yoxsa həqiqət axtarışı?), bu da bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlər deməkdir. Sofizmin bir örnəyi: “Oğru pis olan bir şeyi götürmək istəməz,ancaq yaxşı şeyi götürər. Yaxşı şeyin əldə olunması isə yaxşı işdir. Deməli, oğru oğurluq edərkən yaxşı iş görür”.

Mübahisələr zamanı öz sofizmlərini əsaslandırmaq üçün sofistlər ortaya həqiqətin bir deyil, çox olması iddiasını atdılar.

Onların fikrincə hər bir fikir, baxış ya da iddia nisbidir. Ağ olan bir şey başqası üçün qara da ola bilər. Belə olanda hər iki iddiaçı haqlıdır. Nə qədər insan var, o qədər də həqiqət vardır. Daha sonra sofistlər bu nisbiliyi hər şeyə, hətta anlayışlara, əxlaqi qaydalara da aid edirdilər.

Sofistlər əxlaqı insanın maraqları və məqsədlərinə bağlayırdılar. Əslində insanın öz təbiətinə görə əxlaqı, xeyir və şər
məsələləri haqqında təsəvvürləri vardır. Cəmiyyətdə qəbul olunmuş əxlaq isə ona uyğun deyil, onunla ziddiyyət təşkil edir. Ona görə də cəmiyyətdə oturuşan əxlaqi qaydalara yalnız görüntü üçün riayət edilməlidir. Bunu başqa adamların qarşısında cəzalardan və ictimai qınaqdan qorunmaq üçün etmək lazımdır. Əslində isə həyat təbii əxlaqa uyğun yaşanmalıdır. Beləliklə, insanın şəxsi və ictimai həyatı olmalıdır. Sofistləri “böyük” və “kiçiklərə” bölünürlər.
“Böyük”sofistlərin ən görkəmli nümayəndəsi Protaqoras (m. ö. 481 – 411) deyirdi ki: “İnsan hər şeyin ölçüsüdür”.

Protaqoras ( m. ö. 481 – 411)
Leartlı Diogen (3. əsrin 1. yarısı)

Leartlı Diogenə (Diogenes Laertius) görə Protaqoras hər şeyin həqiqət olduğunu və duyğularla bilindiyini iddia edirdi. Eləcə də o deyirdi ki, hər bir irəli sürülən fikrə qarşı ona əks olan fikir yürüdüb, onu əsaslandırmaq
olar (2, 397-398). Deməli Protaqorasa görə obyektiv olan bir şey yoxdur. İnsan bu ya da başqa şeyin nə olduğunu yalnız özü üçün təyin edir. Onun qərarı başqası ilə üst-üstə düşməyə də bilər. Beləliklə, sofistlər subyektiv yanaşmanın və nisbiliyin (relativizmin) əsaslarını qoymuşdular. Protaqorasın təlimi isə Demokrit, Heraklit, Parmenides və Empedoklesin nisbilik nəzəriyyələrindən irəli gəlmişdir. O, materiyanın axıcı və duyğuların nisbi olduğunu iddia edirdi.
Protaqoras başqa sofistlər kimi dinə qarşı da şübhələrlə yanaşırdı, nisbilik nəzəriyyəsini o dinə də aid edirdi. Onun fikrincə tanrıların varlığı haqqında birmənalı heç nə demək olmaz. Bununla o dini müddəalara qarşı aqnostik mövqedə dayanırdı. Ümumiyyətlə,o zaman bir çox sofistləri ateizmdə ittiham etmişdilər.

Qorgias (  təxminən m. ö. 480 – 380)

Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun.təxminən m. ö 480-380) olmuşdur.

O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki hamı üçün bir olan həqiqət yoxdur. İnsan hətta öz yaşadığı anları nisbi olaraq yada salır. Qorgias
“Təbiət ya da mövcud olmayan şey haqqında” əsərində iddia etmişdir ki, “heç nə mövcud deyil; nəsə mövcud olsa belə,onu qavramaq (dərk etmək) olmaz; o şey qavranılsa belə, onu
sözlə ifadə etmək olmaz (10, 235). Bununla da Qorgias aşağıdakıları demək istəyirdi:

1. Əgər varlıq əbədidirsə, onda hüdudsuzdur; hüdudsuzdursa, onda o heç yerdə yoxdur. Əgər varlıq əbədi deyilsə, onda o mövcud olan bir şeydən yaranmalıdır. Bu isə imkansızdır, çünki bu halda varlıq özündən qabaq mövcud olardı. Ya da varlıq yoxluqdan yaranmışdır. Ancaq bu da imkansızdır, çünki yoxluqdan nəsə yarana bilməz. Onda deməli heç nə mövcud deyildir.

2. Varlıq mövcuddursa da, onun barəsində düşünmək olmaz, çünki düşünülənlə gerçəkliyin fərqi vardır. Belə olmasaydı, onda bizim düşüncəmizdə olan hər bir fikir gerçəkləşərdi.

3. Varlıq haqqında düşünülsə belə, onu başqasına anlatmaq olmaz. Çünki, anlatmaq üçün biz sözlərdən istifadə edirik. Söz isə o şeyə tam uyğun gəlmir. Əksinə, biz sözləri şeylərlə izah edirik.


Beləliklə, şeylər haqqında birmənalı heç nə demək olmaz. Onlar haqqında yalnız həqiqətə nisbətən uyğun fikir yürütmək mümkündür. Bu kimi müddəalar aqnostik dünyagörüşünün əsasında durur.
Prodikus (təxminən m. ö. 465 – 395)


Daha bir tanınmış böyük sofist Prodikus (yun. təxminən m. ö. 465 – 395) dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikusa görə bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq
şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur. Beləliklə Prodikus hesab edirdi ki, tanrıların yaranması insan fəaliyyəti və duyğuları ilə bağlıdır. Buna görə də, onlara ibadət edilməsinin heç bir mənası yoxdur.
Bu fikirləri açıqladıqdan sonra Prodikus təqiblərə məruz qalmışdır.

Başqa böyük sofist Hippias (yun.təxminən m. ö. 460 – 400) riyaziyyatçı və natiq kimi tanınmışdır. O, fəlsəfədə daha çox əxlaqi məsələlərə önəm verirdi. Hippias dövlət qanunlarının insana əzab verməsini iddia edir,
onların əhəmiyyətini kiçildir, ata-anaya sayğı kimi ümumbəşəri dəyərlərin tanrılardan gəldiyini iddia edirdi. O, cəmiyyətdə köləliyə son verməklə insanların eyni hüquqlu vətəndaş olmaları fikrin müdafiə etmişdir. Deməli,ehtimal etmək mümkündür ki, Hippias köləliyin əleyhinə çıxırdı.

Kiçik sofistlərin dövrü isə m. ö. IV yüzillikdən başlayır.

Onlar haqqında bilgilər o qədər də çox deyildir. Zamanımıza çatan fraqmentlərə dayanaraq demək olar ki, onlar əxlaqi və ictimai problemlərə diqqət yetirmişdirlər. Məsələn, Likofron (yun.m. ö. IV) və Alkidamas (yun.m. ö. IV yüzillik) ictimai siniflərin imtiyazlarını inkar edirdilər. Likofrona görə əsilzadəlik uydurulmuş və əsassız anlayışdır. Alkidamas isə hesab edirdi ki, insanlar dünyaya azad gəlirlər və ona görə də köləlik təbiətdən deyil, sonradan sosial və iqtisadi səbəblərdən ortaya çıxan bir reallıqdır.


Trasimaxus (yun.təxminən m. ö. 459-400) bilginin nisbi olması ideyasını həm də ictimai və əxlaqi məsələlərə aid edirdi. Onun fikrincə güclü insanın yaratdığı hər şey ədalətlidir.


“Ədalətli” və “ədalətsiz” anlayışlar rəiyyət (Bir dövlətin tabeliyində olan(lar))üçündür. Rəiyyət hökmdarların qanun kimi qoyduqları ədalətli və ədalətsiz saydıqları şeylərə əməl etməlidirlər. Hər bir siyasi quruluş özünə lazım olan qanunları yaradır. Belə ki, demokratik hakimiyyət demokratik, tiranik hakimiyyət tiranik, aristokratik hakimiyyət isə aristokrat təbəqə ilə uzlaşan qanunlar yazır. Hökmdar öz tabeliyində olanlara çobanın qoyunlara qulluq etdiyi kimi qayğı göstərməlidir. Bu qayğı rəiyyətin ədalət kimi saydığı anlayışlarla ölçülməz.

Buna sübut gündəlik həyatda baş verən hadisələrdir. Çünki çox zaman ədalətsizlik ədalətin üzərində üstünlük qazanır. Ədalətsizlik cinayətlərinin sayının çoxalması ilə daha da artır. Beləliklə, hökmdarın əxlaqı və ədaləti olmalıdır, ancaq bu anlayışlar rəiyyətin anladıqlarından fərqlənməlidir. Onun üçün hansısa ehkam halını almış əxlaq qaydaları olmamalıdır, çünki onun məqsədi dövləti və rəiyyəti saxlamaqdan ibarətdir. Bu yolda nə daha uyğundursa, onu da etməlidir.

Sonralar Makiavelli və Nitsşe kimi düşünürlər bu fikirləri təkrarlamış və onları daha da inkişaf etdirmişdirlər.

Mənbə:

AYDIN ƏLİZADƏ – “ANTİK FƏLSƏFƏ TARİXİ” (Ali məktəblərin tələbələri üçün dərs vəsaiti)

Müəllif: Nisə Quluzadə

Redaktor: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...