Sperma transplantasiyası ilə yaradılan ilk meymun

Post date:

Author:

Category:

Meymun üzərində bu üsulun uğurlu tətbiqi xərçəng müalicəsi nəticəsində “sonsuzluq” yaranmış oğlanların gələcək həyatlarında ata ola bilməsinə imkan verəcək.

Beavertonda yerləşən Oregon Milli Primat Araşdırmaları Mərkəzində (Oregon National Primate Research Center) öz növündə yeganə olan Qredi (Grady) adlı Resus meymunu (lat. Rhesus macaque) intensiv nəzarət altında böyüməyə davam edir. Onun yeganəliyi bundadır ki, o, alimlərin onun atasından cavankən aldıqları spermanın həmin atanın bədəninə sonradan transplantasiya olunması nəticəsində yaranıb. Əgər hər şey yaxşı getsə, bu üsul gələcəkdə zərərli xərçəng müalicəsi görmüş oğlanlarda çoxalma qabiliyyətinin bərpa edilməsi üçün istifadə edilə bilər.

Transplantat sperma ilə dünyaya gələn ilk primat Qredinin Martın 21-də 1 yaşı tamam oldu. İctimaiyyətə açıqlanan bu uğur hələ cinsi aktivlik yaşına çatmamış xərçəngdən müalicə görmüş oğlanlarda spermanın öncədən götürülərək dondurulması və sonradan istifadə etməklə atalığın bərpası üçün atılan uzun müddətli addımların uğur qazandığının göstəricisidir. Bu üsulu kəşf etmiş bioloqlar hazırda 1 yaşlı meymunun inkişafının doğru yöndə davam edə bilməsi üçün onu nəzarət altında saxlayırlar.

Pensilvaniyada yerləşən Pittsburg Universitetinin Tibb Məktəbinin professoru, tədqiqat qrupunun rəhbəri Kayl Orviq (en. Kyle Orwig) qeyd edir ki, daha öncə bu üsul siçanlarda və donuzlarda təcrübədən keçirilib. O əlavə edir ki, əgər Qredinin böyüməsində hər hansı problem çıxmasa, onda bu üsul artıq insanlara tətbiq edilməyə hazır hesab edilə bilər.

Orviqin komandası hələ sperma istehsal edəcək yaşda olmayan 5 meymundan sperma nümunəsi götürüb və həmin meymunlar təzəcə yetkinliyə çatmışkən həmin hüceyrələri onların bədəninə geri yerləşdirib.

Bir ildən daha az bir müddət sonra onların bədəni testosteron hormonu ifraz etməyə başlayır və  bədən həmin geriyə yerləşdirilmiş sperma hüceyrələrindən yetkin spermalar istehsal edir. Bundan sonra Orviqin komandası o meymunların birindən yetkin spermanı götürüb və süni mayalandırma (in vitro fertilisation) üsulu ilə embrion formalaşdırıb.

Başqa alimlər bənzər üsulları ferma heyvanlarına tətbiq etmək üzərində işləyirlər. Məqsəd “elit” heyvanlardan sperma yaradan kök hüceyrələri götürərək “daha aşağı” erkəklərə yerləşdirmək və beləcə daha çox sayda “elit” balaların doğulmasını təmin etmək, yəni süni seçmə aparmaqdır.

2012-ci ildə Orviqin komandası fərqli, amma bənzər bir üsul olan kök hüceyrə transplantasiyası (stem cell transplantation) üsulunun meymunlara tətbiqi sahəsində uğur əldə etmişdi. Ancaq həmin vaxtı komanda bu üsulla bala əldə edilməsinə cəhd etməmişdi. Çünki həmin vaxt onlar əmin ola bilməzdi ki, bu sayədə əldə edilmiş bala transplantasiya olunmuş hüceyrənin yaratdığı spermadan törəyəcək, yoxsa sadəcə müəyyən qədər zədələnmiş hüceyrənin bəzi funksiyalarını bərpa etməsi nəticəsində formalaşdırdığı spermadan törəyəcək.

Lakin yenə də bu uğur Orviqi insanların bu üsulla müalicəsindən sadəcə bir və ya bir neçə onillik uzaqda olduğumuza inandırmağa yetmişdi. Beləcə, o sperma istehsal etməyə yenicə başlayan oğlanlardan hüceyrə nümunələri götürməyə başladı. Digər tibb müəssisələrindən də alimlərin köməyi ilə komanda 200-dən çox oğlandan nümunələr götürə bildi. Əgər bunun insanlara da tətbiq oluna bilməsini təmin edə bilsələr, bu hüceyrələr iki üsulun – kök hüceyrə transplantasiyası və ya sperma hüceyrəsi transplantasiyası – hər hansı birində istifadə oluna bilər.

Münster Universitetindən Ştefan Şlatt (alm. Stefan Schlatt) düşünür ki, Orviqin sperma transplantasiyası üsulu klinik təcrübələrin aparılması üçün yolu açmağa qadirdir. O deyir: “Fikrimcə, bu sayədə dünya Etika Komitələri (Ethics Commitees. Insanlar üzərində aparılan kliniki araşdırmaların hümanitar normalara və beynəlxalq hüquqa uyğun aparıldığına nəzarət edən beynəlxalq təşkilatlardır) klinik təcrübələrə imkan verməyə başlayacaq.”

Lakin Brüssel Vrije Universitetindən Ellen Qussens (fl. Ellen Goossens) önəmli bir məsələyə diqqəti çəkir. O qeyd edir ki, xərçəng xəstələrindən götürülən hüceyrə nümunələrinin arasında yeni xərçəng yarada bilən “xəstə” hüceyrələr yer ala bilər. Bununla məşğul olan alimlər götürülən bütün nümunələrin xərçəng riskindən azad hüceyrələr olduğuna əmin olmalıdır.

Qussens deyir ki, hər bir halda meymunlar üzərində aparılan təcrübənin uğurlu olması bu sahədə çox böyük önəm daşıyır. Həmçinin Qussens qeyd edir ki, daha öncələrdə gəmiricilərə olunan sperma transplantasiyasında da uğurlar qazanılmışdır, lakin primatlarda – məsələn, meymunlar və insanlarda – sperma istehsalı gəmiricilərdən çox fərqlənir. Bu üsulun primatlara tətbiq edilə bilməsi bu sahədə çox böyük bir addımdır.

Mənbə: https://www.nature.com/articles/d41586-019-00938-9

 

Tərcümə: Nizami Qasımov

Redaktə: Ziya Mehdiyev

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.