Sufizm (Təsəvvüf) nədir?

0
48
VIII-IX əsrlərdə meydana gələn sufizm müsəlman Şərqində ən çox yayılmış dini-fəlsəfi, mistik dünyagörüşüdür. Təsəvvüfün həm Şərq, həm də Qərb tədqiqatçılarının çoxu bu fikirdədir ki, bu təlim islam dini zəminində meydana gəlib və onun iki əsas mənbəyi var: Quran və sünnət. Başqa kənar təsirlərin o qədər də əhəmiyyəti yoxdur. Sufizm təmsilçiləri hesab edirdilər ki, şəxsi ruhi-psixoloji təcrübə vasitəsilə insanın Allah ilə bilavasitə mənəvi ünsiyyəti heç olmasa hələlik kənardan seyr etməsi, sonra isə tamamilə qovuşması mümkündür. Bu ünsiyyət ürəyində dərin ilahi məhəbbət olan insanın miraslı vəcd (ekstaz) və mənəvi işıqlanma vasitəsilə yaranır.

Orta əsrlərdə belə cərəyanlar nadir hadisə deyildi. Mistika bəşəriyyətdə mövcud olan bütün böyük dini sistemlərdə (buddizmdə, hinduizmdə, iudaizmdə, xristianlıqda) müəyyən yer tutur. Lakin sufizm özəllikləri ilə onlardan kəskin surətdə fərqlənir.

Amerika tədqiqatçısı Annemari Şimmel yazır:

Mistisizmə mütləq məhəbbət kimi tərif vermək olar, belə ki, əsl mistisizmi asketizmdən fərqləndirən qüvvə məhəbbətdir. İlahi məhəbbət sınaq və qəlbin təmizlənməsi üçün göndərilən çətinliklərə dözmək və hətta buna sevinmək qabiliyyətini axtaranlara güc verir.”

Sufilərə görə həqiqi bilik ilahi nurlanma yolu ilə, mistik məhəbbətlə, Allaha yaxınlaşmaq və nəhayət, ona qovuşmaqla əldə edilir. Ona görə də sufilər intuitiv idraka can atırlar.

Onlar hesab edirlər ki, Allah yeganə substansiyadır və dünya bu yeganə bütöv substansiyanın təzahürləridir: bütün cisimlər, təbiət hadisələri müvəqqəti olaraq öz başlanğıcından ayrılırlar, darıxırlar, qayıtmaq istəyirlər və nəhayət, qayıdırlar (vəhdəti Vücud). Dünyanın vəhdəti, insanın Allaha qovuşmasının yalnız bir yolu var-məhəbbət. Burada ağıl gücsüzdür.

Sufizmin üç mərhələdən keçdiyi qeyd edilir:

  • Şəriət-islamın bütün hüquq qaydalarının yerinə yetirilməsi;
  • Təriqət-hörmətli, tanınmış şeyxin, pirin yanında şagirdlik (müridlik) dövrü; arası kəsilməyən dualar və gərgin düşüncələr, rəqslə müşayiət edilən dini ayinlər vasitəsilə şəxsi iradəni məhv etmək;
  • Mərifət-Allahı ağılla yox qəlblə dərk etmək.
Səma və ya Sama rəqsi- sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır.

Yeni platonçuluq ilə təsəvvüf arasındakı əsas fərq  sufizm hər şeydən əvvəl dini mistisizmdir, yeni platonçuluq isə fəlsəfi mistizimdir; yeni platonçuluğun əsasında ağıl təsəvvüfün əsasında isə inam dayanır.

Həqiqəti dərk etməyin əsas yolu ilahi eşqdir. Sufizm aşağıdakı prinsiplərə inanmağı tələb edir:

  • Günaha görə peşmançılıq;
  • Sufinin yeganə qoruyucusu Allahdır;
  • Allah hər şeyi görür və ondan heç nəyi gizlətmək olmaz;
  • Sufi yalnız Allahın köməyinə arxalanır;
  • Sufi daim Allaha yaxınlaşır, onu ağıl ilə deyil, qəlbi ilə görür, daim hiss edir, sevir və nəhayət, ona qovuşur. Bu çox uzun və məşəqqətli yoldur.

Sufistlərin fikrincə, yalnız bir mütləq Varlıq var. O təkdir, şəriksizdir, əbədidir:Bu Allahdır. Bütün Kainat-canlı və cansız təbiət, tək-tək əşyalar, cəmiyyət o cümlədən imamlar şərti olaraq «varlıq» adlandırılsa da onlar fanidir,keçicidir, əvvəli və axırı var.

Beləliklə, yalnızca Varlıq və yoxluq var, mövcud olan hər şey sözün həqiqi mənasında Varlıq deyil,yoxluqdur.

Yoxluq Varlığa çevrilə bilər, bunun şərtləri var. Bu yalnız insana aiddir. Hər bir insan çalışmalıdır ki, öz mənliyini yox etsin, varlığını atsın, maddi dünyaya aludə olmasın, mənəvi cəhətdən saflaşsın, nəticədə İlahi məhəbbət yolu ilə özünü yox edərək Allaha qovuşsun. Mütləq Varlıqda əriyib əbədiyyətə çatsın: yəni əsl Varlığa çevrilsin.

Məsələn, böyük Mövlana Cəlaləddin Rumi (1207-1273) soruşur ki, insan öz varlığını harada axtarmalıdır və cavab verir ki. öz varlığını tərketmədə. Əks halda insan ölümsüzlüyə çata bilməz.

«Varlıqdan imtina edənlərə və mənlik qorxusundan azad olanlara fələk də, günəş də, ay da xidmət və təzim edir. Yəni insan öz varlığından imtina edərək, onu Allahın varlığına qovuşdura biləndə müqəddəsləşir və bütün Kainat ona baş əyir. Çünki, «dünya sənin nəzərində böyük və nəhayətsiz görünsə də, bil ki, qüdrəti · İlahiyyə qarşısında bir zərrə də deyil».

Əl-Ərəbi fənanın yeddi mərhələsini göstərirdi:

  • Allaha zidd hərəkətlərdən imtina;
  • İnsan fəaliyyətinin xəyali sərbəstliyindən imtina və onun Allahdan gəldiyini başa düşmək;
  • Yaradılanların bütün xassələrindən imtina və dünyaya Allahın gözü ilə baxmaq;
  • Allahın böyüklüyünü seyr edərək öz şəxsi mövcudluğundan imtina;
  • Allahı seyr edərək ətraf mühitdən imtina;
  • Allahdan başqa hər şeydən, hətta Onun maddi dünyadakı predmetlərdə gizlənən fəaliyyətinin təzahürlərindən təcrid olunma;
  • İlahi atributlardan təcrid olunma və dünya ilə heç bir əlaqə yaratmadan Allahı seyr etmək.

Mənbə:

Yusif Rəhimov – “Fəlsəfənin əsasları” (mühazirə kursu)

Müəllif: Nisə Qulizadə

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here