Şüuraltını əks etdirən avanqard cərəyan – Sürrealizm

Post date:

Author:

Category:

1920-ci illərdə Qərbi Avropa ədəbiyyatı və rəssamlığında bir dövrün sonu idi. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranan, Fransa və Almaniyada geniş yayılan, dövrünün incəsənətinə belə müxalif olan modernist cərəyan – dadaizm artıq son illərini yaşayırdı. Dada Dünya müharibəsindəki vandalizmə, sənət sahəsində və gündəlik həyatdakı intellektual qatılığa qarşı reaksiya idi. Nəhayət, dadaizm, öz deyimi ilə, yox olaraq yerini sürrealizmə (gerçək fövqü) verir.

Qərbdə “Sürrealizmin Papası” olaraq bilinən Fransız yazıçı Andre Breton (André Breton) XX əsrin bədii mədəniyyətində önəmli yer tutan bu cərəyanı Fransada ortaya çıxardı. Tibb təhsili alan Breton I Dünya Müharibəsinin başlaması ilə hərbi xidmətə çağırıldı və öz istəyi ilə II Ordunun Psixiatrik Klinikasına təyin edildi. Burada o, həmin vaxtlar çox az tanınan Ziqmund Freydin (Sigmund Freud) üsullarını kliniki olaraq istifadə etmə imkanı tapdı. Müharibədən sonra Fransaya qayıdan Andre Breton 1924-cü ildə “Sürrealizm manifesti”ni hazırlayaraq dünyaya təqdim edir və incəsənətdə yeni bir dövrün təməllərini atır. Manifestdə Bretonun sürrealist sənətçilər üçün təklif etdiyi ifadə şəkli – “Ruhi avtomatizm” – psixoanalitik müalicədə istifadə olunan sərbəst birləşmə metodunun təsirini daşıyır. Andre Breton sürrealizmi heç bir xarici faktora bağlı olmayan, tamamilə təbii bir cərəyan olaraq təsvir edirdi. Manifestin yazıldığı il Bretonun yönləndirdiyi “La Revolution Surrealiste” jurnalının ilk nəşri gerçəkləşir. Sürrealist sənətçilərin əsərlərinin yer aldığı jurnal 1930-1933 illərdə yayımlanır.

“Ruhi xəstələr əsil sürrealistlərdir”

Psixoanalizin əsasını qoyan Ziqmund Freyddən yararlanan sürrealistlər, bu cərəyanı onun tezisləri zəminində yaratmışdı. Sürrealistlərin Freydə olan marağı onun psixoanaliz və şüuraltı kimi görüşlərinin tanınmasında böyük rol oynadı.

Həmçinin, sürrealistlər incəsənəti siyasət olmadan təsəvvür edə bilmirdi. Psixoanalizə olduğu qədər, marksizmə də olan maraqları onları cəmiyyəti və fərdləri tarixi yalanlardan azad etmək missiyasına doğru aparırdı. Bu səbəbdən, bir müddət Kommunist Partiyasının ideyalarını müdafiə etdilər. Daha sonra, Andre Breton sürrealizmin azad hərəkat olması qənaətinə gəldi və 1938-də getdiyi Meksikada Lev Trotski (Leon Trotsky) ilə birlikdə Azad İnqilabçı Sənət Federasiyasını qurdu.

Sürrealistlərə görə, dünya daima qarma-qarışıqlıq içində idi. XX əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə uğramışdı, Luis Araqon (Louis Aragon) və Pol Elüar (Paul Éluard) kimi şairlər ondan uzaqlaşmışdılar. 1940-cı ildə sürrealizmin mərkəzi ABŞ oldu, Andre Breton, Salvador Dali, İ.Tanki və başqa sürrealistlər buraya köçdülər.

“Düşüncələrimi müəyyən hüdudlara uyğun olaraq təsvir etməkdən çox qorxuram” – Rene Maqrit (René François Ghislain Magritte)

Sürrealizmin ən önəmli təmsilçilərindən olan Rene Maqrit 1898-ci ildə kiçik Belçika şəhəri olan Lessinesdə dünyaya göz açır. Gənclik illəri ilə bağlı çox az məlumat olan rəssamın atasının tacir, anasının qadın papaqçısı olduğu bilinir. 1910-cu rəsmlə məşğul olmağa başlayan Renenin bundan 2 il sonra 1912-ci ildə anasının özünü çaya atmasından təsirləndiyi deyilir. Çaydan çıxarılan zaman anasının üzünü tutan örtük, Maqritin həyatının sonuna qədər bu hadisədən təsirlənməsinə və rəsmlərində üzü örtülü obrazlardan və çaylardan istifadə etməsinə səbəb olur.

The Lovers (Paris 1928)

Daha sonra Maqrit ailəsi Şarlerua şəhərinə köçür. 1913-cü ildə, 15 yaşında Maqrit gələcək həyatında çox önəmli yerə sahib olan Jorjet Berqerlə (Georgette Berger) tanış olur. Ancaq Maqrit uzun illər Jorjeti bir daha görə bilmir və onu uşaqlıq xatirəsi kimi beyninə həkk edir. 1916-cı ildə Brüssel İncəsənət Akademiyasına daxil olur və burada rəssam kimi yetişməsində çox köməyi olan Pier Lui Floke (Pierre-Louis Flouquet) ilə tanış olur. 1917-1918-ci illərdə Floke ilə eyni atelyeni paylaşan Maqrit bu illər ərzində futurist ve kubik janrlarına xitab edən əsərlər yaradır. Yeni bir rəsm dili axtarışında olan Maqrit bir müddət həndəsi abstraksiyanın onun üçün daha ideal olduğunu düşünür və 1920-ci ildə Floke ilə birlikdə bu yeni tərzdə olan əsərlərini yaradır. Elə bu il yenidən Jorjet Berqerlə qarşılaşır. 1922-ci ildə o, Jorjet ilə evlənir və divar kağızı zavodunda qrafik dizayneri olaraq çalışmağa başlayır və divar kağızı motivləri hazırlayır.

1926-cı ildə Maqrit sürrealistik janrda olan “The Lost Jokey” əsərini yaradır və bu onun ilk uğurlu əsəri olur. 1927-ci ildə o, ilk sərgisini təşkil etdi. Bu sərgi ilə bağlı gələn tənqidləri qəbul edə bilməyən Maqrit uğursuzluğun gətirdiyi depressiya ilə xanımı Jorjet ilə Parisə köçdü. Parisdə Andre Breton ilə tanış olur və sürrealist klubuna daxil oldu. Maqrit burada öz fərdiliyini itirmədi, əksinə, bu kluba qoşulması onun özünəməxsus və unikal stilinin formalaşmasında böyük rol oynadı.

Sürrealist rəssamı ən çox məşhurlaşdıran isə “Obrazların xəyanəti” adlı əsərində olan tənbəki rəsminin altına yazdığı: “Bu bir tənbəki deyil” – cümləsi oldu. Bu cümlə ilk növbədə paradoks təşkil etsə də, Maqritə görə, əslində bu tənbəki yox, tənbəkinin görüntüsü idi. Maqritin burada ələ alıb izləmək istədiyi və izləyicilərinin düşünməsini istədiyi əsas fikir tənbəki obrazında olan bu rəsmin hər nə qədər həqiqi olaraq çəkilib, rəngləndirilmiş olsa da, həqiqətən tənbəki olmamasıdır.

 

Müəllif: Turqut Ağayev

Mənbələr: Britannica.com ,   renemagritte.org

 

İKİNCİ HİSSƏ:  “Sürrealizm mənəm” – Salvador Dali və Sürrealizmdə Feminist ruh: Frida Kalo

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,393FansLike
2,282FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...