Şüur və onun təkamülü

Post date:

Author:

Category:

Qısaca ifadə etsək, insanın özünə, yaşayışına, ətrafına, digər şəxslərə, bir bütün olaraq içində yaşadığı dünyaya bağlı fərqindəliyi, yaşanan təcrübələrdən yaranan özünün fərqində olma hissinə şüur demək mümkündür. İnsan davranışlarının təməli şüur ilə birbaşa bağlıdır. Amma onu da qeyd etmək lazımdır ki, insan davranışlarının hamısını şüur idarə etmir, burada psixoanalizin banisi Sigmund Freydin sturuktural modelinə nəzər yetirsək, məncə, yerinə düşərdi. Freydin, psixik aparatın 3 əsas hissəsi adlandırdığı id, eqo və supereqo əslində tam da şüur, şüur öncəsi və şüuraltı adlandırdığımız hissələrin birləşməsi ilə əmələ gəlir. (Sigmund Freud, New Introductory Lectures on Psychoanalysis [1933] (Penguin Freud Library 2))

İd – qısaca desək, hərbir insanda doğuşdan var olan instinktləri, yəni yemək, hərhansı həzz verici bir şeyi arzulamaq, cinsi istəklər kimi bir çox təməl instinktiv hissi ifadə edir və şüuraltının bir hissəsi hesab edilir.

Eqo– qısaca desək, hal hazırki reallığı, icra olunan hərəkətləri, verilən qərarları ifadə edir və şüur öncəsinin bir hissəsi hesab edilir.

Supereqo – isə qısaca bütün qanunları, insanın həyatındaki vacib prinsipləri, yaşadığı ölkənin konstitusiyasını, inandığı dinin qanunlarını, ailəsinin ənənələrini, yaşadığı mühitin ənənələrini ifadə edir və şüuraltının bir hissəsi hesab edilir. (Pederson, Trevor (2015). The Economics of Libido: Psychic Bisexuality, the Superego, and the Centrality of the Oedipus Complex. Karnac.)

Bu buz dağı metaforası bir çox elmi meqalədə Freyd strukturunun izahı üçün istifadə edilmişdir.

Freydin bu strukturuna görə, insan çox vaxt id ilə arzulayır və supereqo ilə bu arzularına qarşı çıxmağa çalışır və nəticədə ortaq yol tapan eqo ilə bir hərəkət icra edir. Bu savaş isə çox vaxt şüuraltında meydana gəldiyi üçün insan sadəcə hərəkəti icra edir, bu savaş isə özünü onda sadəcə baş ağrısı və ya qayğı (anxiety) olaraq büruzə verir. Məsələn, bəzi insanlar yanlarından keçən bir xanımın qısa ətəyinə diqqətlə baxır, bəziləri isə yox. Bunu bu struktura görə izah etməyə çalışsaq, baxmayan şəxsin instinktlərinə qarşı dirənən hansısa şüuraltı qanunlarının üstün gəldiyini, həmçinin əks halda isə instinktlərinin üstün gəldiyini deyə bilərik. Əslində, hər sadə hərəkətinin arxasında bu id-supeqo savaşı dayanan insanların xarakteri də böyük ölçüdə bununla müəyyənləşir. Ailənin sosial-psixoloji vəziyyəti, yetişdirilmə tərzi, inancları və ənənələri, böyüdüyü mühit və o mühitin qanunları, məktəb dövrü və bir çox amillər uşaqlarımızın xarakterinin və hərəkətlərinin formalaşmasında məhz bu səbəblərə görə böyük rol oynayır.

Həyatımız üçün bu qədər dəyərli bir mövzunu araşdırmaq və daha da anlamağa çalışmaq uzun illərdir elm adamlarının diqqətindədir. Şüuru araşdırarkən qarşımıza çıxan ilk sual isə onun mexanizmidir ki, bu da onu araşdıranlar arasında fərqli fikirlərin meydana gəlməsinə səbəb olub.

Gottfried Wilhelm Leibniz – (Monadology and other Philosophical Essays.- Monadologiya və fəlsəfənin əsasları) kitabında verdiyi bir örnək ilə şüurun sadələşdirilə bilməyəcəyini və bir bütün olaraq araşdırılmalı olan bir mövzu olduğunu bu ifadələrlə dilə gətirib: “Düşünən və şüuru olan bir robot düzəltdiyimizi fərz edək və bu robotu o qədər böyük düzəltdiyimizi düşünək ki, içində rahatlıqla gəzinə bilək. Bu halda, biz sadəcə bir birini hərəkətə gətirən dəmir parçalarını, təməl maddələri görəcəyik və bu maddələrin necə düşündüyünü anlaya bilməyəcəyik. Bu isə o deməkdir ki, şüuru nə robotda, nə də dəmir hissəciklərində axtarmamalıyıq”

Bu sadələşdirilməzlik teoriyası mənim düşüncəmə görə, şüurun qapısını neyro elminə (neuro science) də, təkamülə də bağlayır. Neyro elmə ona görə bağlanır ki, özü maddi bir təbiətin parçası olan neyronlardan maddədən üstün bir şeyin yaranmasını iddia etmək mənasız olar. Təkamülə ona görə bağlanır ki, bu cür sadələşdirilməyən qavramın növün həyatını və soyunu davam etdirməsinə yararlarını araşdıra bilmərik.

Bu çıxılmazlıqda düşünərkən köməyimizə Churchland, P.S.-nin (“Can Neurobiology Teach Us Anything About Consciousness”) əsəri gəlir. O yazılarında, özünün sadələşdirməçi fikirlərinə gələn etirazların bir çoxunun, “ bilgisizlik hər hansı teoriyaya müsbət sübut ola bilməz” qanununu pozduğunu iddia edib. Churchlanda görə,  “Neyrobiologiya şüuru açıqlaya bilməz” deyənlərin əsas problemi şüurun bir çox özəlliklərinin açıqlanması üçün neyronların funksiyalarının çeşidləndirilməsinin mümkün olmadığını düşünmələridir və onun iddiasına görə,  bir şeyi xəyal edə bilmirsizsə, bu onun mümkün olmadığını göstərməz. Churchlandın bu fikirləri isə yenidən şüur araşdırmalarını neyrobiologiya və təkamülə açır.

Şüurun təkamülündən danışırıqsa, qısaca, insanın ən son təkamül prosesindəki yerini gözdən keçirməliyik və şüurun insan həyatına və növün davamlılığına necə müsbət təsir etməsinə baxmalıyıq. Çox dərininə enməyəcəyim bu mövzuya primatlar ilə başlayaq. Primatlar, məməlilərin bir alt qrupudur və təxminən 200 növü əhatə edən bir sinifdir. Biz, yəni insanlar bu sinfin içində köhnə dünya meymunları qrupuna üzvük. Bu qrupun içində bizə ən yaxın olan növlər, insanabənzər meymunlar da adlandırılan oranqutanlar, şimpanzelər, qorillalar və bonobolardır. İlk primatların dünya üzərində 65 milyon il əvvəl ortaya çıxdıqları düşünülür. İnsanın ataları da içində olmaqla, insanabənzər meymunlar ilə köhnə dünya meymunları arasındakı ayrılmanın 30 milyon il əvvəl olduğu təxmin edilməkdədir. (Roth, G. “The Evolution and Ontogeny of Consciousness”, T. Metzinger (ed.) Neural correlates of consciousness: empirical and conceptual questions (Cambridge, Mass. : MIT Press, 2000)). Təxminən 6 milyon il əvvəl bir qrup insanabənzər meymunun şimpanze və bonobolar meydana gətirəcək təkamül xəttindən uzaqlaşdığını və 5,5 milyon il əvvəl də Afrikada Australopithecus adı verilən, iki ayağı üzərində gəzən, lakin əllərindən kömək alan, beyin böyüklüyü meymunlarınkinə yaxın olan bir cinsin ortaya çıxdığını bilirik (Sedikides, C. ve Skowronski, J.J.“Evolution of the Symbolic Self: Issues and Prospects”, M. R. Leary, J. P. Tangney – Handbook of self and identity (New York : Guilford Press, 2003)). Sonra yaşanan iqlim dəyişiklikləri, dünyanın soyuması və ağaclıq bölgələrin azalması ilə düzlüklərdə (savanna) yaşayan Homo cinsi ortaya çıxır. Bu cinsin ən məşhur növlərindən Homo erectus, ot yeyən Australopithecus’dan fərqli olaraq həm ət, həm də ot ilə qidalanaraq müasir insana olduqca bənzəyir. Ət ilə qidalanması bu növə beyin inkişafı baxımından ciddi bir üstünlük təmin edir. Bizim cinsimizin, yəni Homo sapiensin ortaya çıxış tarixi və yeri mövzusunda müxtəlif təxminlər var. Bunlardan ilkinə görə, Homo sapiens ilk olaraq Afrikada 200 – 300 min il əvvəl ortaya çıxdı və köç dalğalarıyla yer üzünə yayıldı. Bu nəzəriyyə, yəni Afrikadan çıxış teoriyası genetik məlumatlarla daha uyğun görünür. Mitokondriyal DNT sekansındaki bənzərlik və fərqliliklər əsas alınaraq edilən bir araşdırmaya görə (Cann RL, Stoneking M,WilsonAC. 1987. “Mitochondrial DNA and human evolution.” Nature 325) , Afrikada yaşayan soydaşlarımızdakı genetik fərqliləşmə digər qitələrə yayılanlar aralarındakı fərqliləşmədən daha çoxdur, yəni Homo sapiens Afrikada digər qitələrə nəzərən daha uzun bir müddətdir yaşayır.

Primat təkamülünün əhəmiyyətli fərqləndirici nöqtələrindən biri, heç şübhəsiz ki, beynin böyüməsidir. Beynin böyüməsi, eyni zamanda əvvəldən sahib olunmayan funksiyaların ortaya çıxmasına və ya mövcud funksiyaların fəaliyyətinin artmasına yol açır. İnsanda yüksək həddə çatan bu meyl əslində “inkişaf etmişliyin ölçüsü nədir?” sualını da soruşmağa məcbur edir. İnkişaf etmişlik ölçümüzün beyindəki təzahürünün mütləq böyüklük olmadığı çox açıqdır, çünki əgər bunu qəbul etsək, insan beyninin təxminən 4 qatı böyüklüyündə bir beynə sahib olan Afrika filinin insandan daha inkişaf etmiş idrak funksiyalarına sahib olduğunu iddia etməyimiz lazım idi. Bunun yerinə, nisbi beyin böyüklüyünü, yəni beyin-bədən nisbətini da istifadə edə bilərik. Lakin bu ölçüyə görə də siçanın – 10% -lik nisbi böyüklüklə insandan (% 2) daha inkişaf etmiş olmasını gözləməliydik (Roth, G. “The Evolution and Ontogeny of Consciousness”, T. Metzinger (ed.) Neural correlates of consciousness: empirical and conceptual questions (Cambridge, Mass. : MIT Press, 2000)). Qəribə sayıla biləcək bu nəticələr qarşısında köməyimizə, neyron torlarındakı əlaqə sayı (sinaps) çatır. İnsan beyninin korteks deyilən bölgəsindəki neyronlar arasında təxminən 1015 ilə 5 x 1015 sinaps var. Bu rəqəm siçanınkinin təxminən 10 min qatı qədərdir və məhz bu parametri “inkişaf etmişliyin ölçüsü” olaraq qəbul edə bilərik.

 

Primat təkamülündə bir digər əhəmiyyətli inkişaf da əllərdə, gözlərdə və üz əzələlərində yaşanır. Gomez’in fikrinə görə, “Əlin vəziyyəti primat sinifinin əhəmiyyətli bir xüsusiyyətini göstərir: “primatlar lazım olduğundan daha çox professionallaşmamaq mövzusunda professionallaşmışdır!” (Gomez, J. C. Apes, Monkey, Children and the Growth of Mind (Cambridge, Mass: Harvard University Press, 2004)). Yəni primatların müxtəlif orqanları, xüsusilə beyin, əl və gözləri birdən çox funksiyası yerinə gətirə biləcək şəkildə təkamül keçirmiş görünürlər. Primatların ən maraqlı xüsusiyyətlərindən biri də önə doğru baxan gözləridir. Bunun sayəsində iki gözdən gələn məlumatı birləşdirib dünyanın üç ölçülü prizmasına sahib ola bilirlər. Rəngli görməklə birləşdirsək, bu qabiliyyət, heç şübhəsiz, böyük üstünlüklər təmin edir.

Dərinlik hissi sayəsində ağaclar üzərində rahatlıqla yollarını tapan primatlar rəngli görmə sayəsində yetkinləşmiş meyvələri yarpaqların arasında rahatlıqla seçə bilir və onları əldə edə bilirdilər. (Gray, J. Consciousness: Creeping Up On The Hard Problem (Oxford; New York: Oxford. University Press. 2004)). Primatların əlləri də bu funksional zənginlikdən payını alır. Dərinliyinə görə obyektlər bir çox fərqli şəkildə manipulyasiya edilə bilir. Bu da primatlara ətrafları haqqında fərqli növlərdə (vizual və toxunma) məlumat təmin edir, mümkün qədər obyektiv və əhatəli bir dünya dizaynına sahib olmalarına imkan verir. Yaxşı, şüur faktı yalnız dünya haqqında məlumat sahibi olmağa sadələşdirilə bilərmi? Biz insanlar özümüzə “mən” deyə xitab edə bilən yeganə varlıqlarıq. Hər düşüncəmizə “mən” düşüncəsinin yoldaşlıq etməsini, bizi bütün dünyadan ayırd edən bir xüsusiyyət kimi görməyə meyilliyik. Görəsən, yaxın qohumumuz olan, ya da ağıllı olduqları fərz edilən heyvanların özləri haqqında nə düşündüklərini bilə bilərikmi?

Aynada özünü tanıma, aynaya baxaraq əylənmə və özünü araşdırma şimpanzelərin təcrübi olaraq göstərilmiş bir qabiliyyətdir (James L. Gould, Carol Grant Gould The Animal Mind Scientific American Library, 1994 – Science). Bu qabiliyyətin varlığını sübut etmək üçün anesteziya verilərək yatırdılan şimpanzelərin alınlarına boya çəkilmiş, sonra oyanan şimpanzelər ayna qarşısına oturdulmuşdur. Bu şimpanzelər alınlarındaki boyanı dərhal fərq edib silməyə başlamışdılar. Bu qabiliyyətin fillərdə, delfinlərdə və oranqutanlarda da müşahidə olunduğu bildirilir. Əslində, böyük ölçüdə ictimai olan bu canlılarda belə bir qabiliyyəti görməyimiz çox da təəccüblü görünmür, amma özünü tanıma mövzusu mənlik və şüurun təkamülündə xüsusi yeri olan bir mövzudur. Primatların əhəmiyyətli fiziki xüsusiyyətlərindən biri də üz əzələlərinin inkişafıdır. Quşlarda və sürünənlərdə boynun kənarını keçməyən üz əzələləri primat üzünün hamısını örtür. Bu əzələlər vasitəsilə primat şəxsiyyətini, duyğularını və fokuslandığı obyektləri digər primatlara ifadə edə bilir. Bu qabiliyyətin ortaya çıxması və indiyə qədər davam etdirilmiş olması primatların ictimai həyatının gətirdiyi ehtiyaclar haqqında bilgilər verir.

Qrup halında yaşayan bir primat üçün ən əhəmiyyətli qabiliyyətlərdən biri qrup üzvlərini tanımaqdır. Bu tanıma fiziki gücü, yaşı hesablayaraq ünsiyyət qurmağı, bununla yanaşı ictimai iyerarxiyanı başa düşməyi də tələb edir. Bir primat yemək tapmağın çətin olduğunu və tapdığını qrupdakı üst rütbəli üzvlərlə paylaşmaq lazım olduğunu bilərək bəzən həmin üst rütbəliləri aldatmağın yollarını da tapmalıdır.

Şimpanzelərdə və babunlarda bu növdən aldatma davranışları müşahidə edilmişdir (Through Our Eyes Only? The Search for Animal Consciousness, Marian Stamp Dawkins, Oxford University Press 1998). Əslində, şüurun və şüur kimi yüksək səviyyədəki idrak imkanlarının ictimailəşmə ilə əlaqədar olduğunu göstərən başqa məlumatlar da vardır. Əks edilmiş düşünmə (Reflexive thinking: öz düşüncələrimiz üzərinə düşünmə) qabiliyyətinin maddi vasitə istifadə etməkdən çox digər fərdləri vasitə olaraq istifadə etmək nəticəsində yarandığını müdafiə edən Radu Bogdan, delfinlərdə vasitə istifadə etmə olmamasına baxmayaraq inkişaf etmiş bir ünsiyyət və aynada özünü tanıma qabiliyyəti olmasının tezisini dəstəklədiyini iddia edir (Bogdan, R. Minding Minds: Evolving a Reflexive Mind by Interpreting Others (Cambridge Mass: The MIT Press, 2000))

Bütün bu araşdırmaların nəticələrini incələdikdə heç də şüurun insanlara bəxş edilmiş ilahi bir güc və ya ruh ilə dəstəklənən açıqlana bilməyən mövhum olmadığını, əksinə tam da elə canlıların təkamülü ilə şüurun da təkamülünün paralel gedərək bugünkü müasir insan əqlinə çevrildiyini görürük.

Mən də Churchlandın “bir şeyi xəyal edə bilmirsizsə, bu onun mümkün olmadığını göstərməz” fikrinə tam qoşularaq onu əlavə etmək istəyirəm ki, insan oğlunun bu xəyalpərəstliyi sadəcə və sadəcə elm ilə dəstəkləndiyi zaman yararlı olacaqdır, çünki əgər elm ilə özümüzü inkişaf etdirməsək,  xəyallarımız miflərin, dinlərin, mənbəyi olmayan inancların iddia etdiyi fantastik fikirlərdən heç də fərqlənməz. Həmişə elm ilə qalın ki, aydınlığa çıxasınız…

 

Mənbələr:

Sigmund Freud, New Introductory Lectures on Psychoanalysis [1933] (Penguin Freud Library 2)

Pederson, Trevor (2015). The Economics of Libido: Psychic Bisexuality, the Superego, and the Centrality of the Oedipus Complex. Karnac.

Gottfried Wilhelm Leibniz – (Monadology and other Philosophical Essays

Churchland, P.S.-nin (“Can Neurobiology Teach Us Anything About Consciousness”)

Roth, G. “The Evolution and Ontogeny of Consciousness”, T. Metzinger (ed.) Neural correlates of consciousness: empirical and conceptual questions (Cambridge, Mass. : MIT Press, 2000)

Sedikides, C. ve Skowronski, J.J.“Evolution of the Symbolic Self: Issues and Prospects”, M. R. Leary, J. P. Tangney – Handbook of self and identity (New York : Guilford Press, 2003)

Cann RL, Stoneking M,WilsonAC. 1987. “Mitochondrial DNA and human evolution.” Nature 325

Gomez, J. C. Apes, Monkey, Children and the Growth of Mind (Cambridge, Mass: Harvard University Press, 2004)

Gray, J. Consciousness: Creeping Up On The Hard Problem (Oxford; New York: Oxford. University Press. 2004)

James L. Gould, Carol Grant Gould The Animal Mind Scientific American Library, 1994 – Science

Through Our Eyes Only? The Search for Animal Consciousness, Marian Stamp Dawkins, Oxford University Press 1998

Bogdan, R. Minding Minds: Evolving a Reflexive Mind by Interpreting Others (Cambridge Mass: The MIT Press, 2000)

 

Müəllif: Tural Alekberli  (Şüur və onun təkamülü)

Redaktə etdi: Şəfiqə Babayeva

 

STAY CONNECTED

19,105FansLike
2,049FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...