Tomoqrafiya nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

TOMOQRAFİYA

Tomoqrafiya üsulu ( tomos – qat, qraphen – yazmaq) – müayinə olunan obyektin ayrı-ayrı qatlarının rentgenoloji şəklinin alınmasına deyilir. Bu üsulu ilk dəfə 1921-ci ildə fransız həkimi Bokans (Bokade), 1930-cu ildə isə italiyalı rentgenoloq Vallebona (Vallebona) tətbiq etmişlər.

Tomoqrafiya üsulunun mahiyyəti ondan ibarətdir ki, tomoqramda yalnız müayinə olunan seçilmiş qatın rentgenoloji şəkli alınır. Həmin qat, öndə və arxada yerləşən qatların elementləri “silindiyindən” rentgen plyonkasında dəqiq əks olunur. Tomoqram aşağıdakı üç üsuldan birinin tətbiq edilməsi şəraitində alına bilər.

  1. Rentgenoqrafiya zamanı müayinə olunan obyekt hərəkətsiz qaldığı halda rentgen borusu və içərisində rentgen plyonkası yerləşdirilmiş kaset bir-birinə əks istiqamətdə hərəkətə gətirilsin.
  2. Rentgen borusu hərəkətsiz olduğu halda müayinə olunan obyekt və içərisində rentgen plyonkası olan kaset hərəkətə gətirilsin.
  3. İçərisində rentgen plyonkası olan kaset hərəkətsiz olduğu halda, rentgen borusu və obyekt hərəkətə gətirilsin (V.İ.Feoktistov).

Praktikada tomoqrafiya müayinəsi üçün istifadə olunan aparatlar (tomoqraflar) əsas etibarilə birinci üsul prinsipi əsasında hazırlanır. Həndəsi hesablamalara əsaslanaraq rentgen borusu və kasetin bir-birinə müvafiq əks istiqamətdə hərəkəti zamanı, rentgen plyonkası üzərində obyektin yalnız kəsiyinin əksi dəqiq alınır ki, həmin qat tomoqafin hərəkət edən qolunun fırlanma oxu müstəvisinə uyğun gəlir. Bu səthdən altda və üstdə yerləşən qatlar isə “silinərək” plyonkada əks olunmur.

Adi rentgenoloji şəkil müxtəlif üzvlərin və toxumaların verdiyi kölgəliklərin cəmi olduğu halda, tomoqram bədənin və ya üzvün yalnız müəyyən (seçilmiş) kəsiyinin rentgenoloji şəklidir.

Tomoqrafiyada məqsəd, müayinə olunan üzvün verdiyi kölgəliklər cəmi içərisində gizlənmiş bəzi prosesləri aşkara çıxarmaqdır.

Tomoqrafik müayinə – tomoqraf adlanan xüsusi rentgenoloji aparatla aparılır. Bizim ölkədə V.İ.Feoktistovun (1935), V.A.Novikovun (1936), S.P.Yaşinskinin (1937), M.S.Ovoşnikovun (1946) irəli sürdükləri konstruksiya əsasında hazırlanmış tomoqrafdan istifadə olunur.

Hazırda tomoqrafiyadan xüsusi müayinə üsulu kimi çox geniş istifadə olunur. Bu üsulla adi rentgenoloji müayinə zamanı görünməyən bir sıra dəyişikliklər aşkara çıxarılır və ya dəqiqləşdirilir.

Tomoqrafik müayinə döş qəfəsi və qarın boşluğu üzvlərinin sümük sisteminin, qırtlağın və başqa üzvlərin müayinəsində tətbiq olunur. Bu müayinənin ağciyərin xəstəliklərindən vərəmin, şişlərin, onun irinli proseslərinin, bronxoektaziyaların və s. diaqnostikasında böyük əhəmiyyəti vardır.

Adi müayinədə çətin görünən vərəm kavernalarının və müxtəlif patoloji səbəblərdən əmələ gəlmiş boşluqların, eləcə də, ağciyərlərin birincili və metastatik şişlərinin konturlarının araşdırılmasında bu üsul daha səmərəli hesab edilir.

Tomoqrafik müayinə xəstənin üfüqi və ya şaquli vəziyyətində aparılır.

Tomoqrafik müayinədən qabaq, müayinə olunacaq qatın təxmini dərinliyi müəyyənləşdirilir.

Tomoqrafiya müayinəsini flyuoroqrafik müayinə ilə birləşdirmək olur. Belə tomoqrafik müayinə xüsusi aparatda – tomoflyuoroqrafda aparılır. Bu üsul qənaətçil olub, hər 1-2 sm məsafədən aparılmaqla 8-12 ədəd flyuoroqramın alınmasına imkan verir. Lakin onu da qeyd etmək lazımdır ki, adi tomoqramlar keyfiyyətcə tomoflyuoroqramlardan daha üstündür.

Ağciyər xəstəliklərində tomoqrafiya metodu geniş tətbiq edilir. Bu üsulla ağciyərlərdə mövcud olan çətin və mürəkkəb patoloji proseslərin aydın təsvirini almaq olur.

Tomoqrafiya metodu vasitəsilə traxeya, bronxlar, ağciyər kökləri və iri damarların rentgenoloji şəkli çəkilir. Bu metod patoloji prosesin lokalizasiyasını, onun quruluşunu və ağciyər toxumasında baş verən dəyişiklikləri öyrənməyə imkan verir.

Tomoqrafiya metodundan görünməyən kavernaları aşkar etmək məqsədilə, sirrozlarda, massiv infiltratlarda, plevra səhfələrinin qalınlaşmasında, divararalığı, köklətrafı limfa düyünlərinin vəziyyətinin öyrənilməsində istifadə edilir.

Mənbə: Radiodiaqnostika, Həkim və tələbələr üçün dərslik. ( Bahadur Baxşiyev)

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

 

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...