Üçüncünü istisna qanunu nədir?

Post date:

Author:

Category:

Üçüncünü istisna qanunu

Bu qanun ziddiyyətsizlik qanunu ilə sıx bağlıdır. Əvvəlki məqalədə də deyildiyi kimi eyni vaxtda və münasibətdə bir-birinə əks söylənilmiş iki fikrin ikisi də həqiqi ola bilməz, bunlardan biri yalan olmalıdır. “Bunların hər ikisi yalan ola bilərmi?” sualına isə ziddiyyət qanunu cavab vermir. Bu suala üçüncünü istisna qanunu cavab verir. Bu mənada onu ziddiyyət və eyniyyət qanununun tamamlanması adlandırmaq olar. Bu qanunda da məntiqi təfəkkürün əsas xassələri (müəyyənlik, ardıcıllıq, ziddiyyətsizlik, sübutluluq) ifadə olunur. Lakin bu qanun nisbi müstəqilliyə malikdir və özünün fəaliyyət sahəsi vardır. Aristotelin “metafizika”sında bu qanun belə ifadə olunur ki, bir-birilə ziddiyyət təşkil edən iki hökm arasında heç bir şey ola bilməz, lakin bir subyekt haqqında hər cür ayrıca predikat ya iqrar, ya da inkar oluna bilər.

Aristotelin xidməti ondadır ki, təfəkkür qanunlarının ontoloji aspektini müəyyənləşdirmiş, onların şüurda inikasına xüsusi diqqət yetirmişdir. Bəzi məntiq kitablarında belə bir fikir xüsusi vurğulanır ki, bu qanuna görə, bir-birini inkar edən iki hökmdən biri mütləq doğru olmalıdır. Bu mülahizəni real hesab etmək olmaz, çünki hökmlərin ikisi də yalan ola bilər, digər tərəfdən bu tərif üçüncünü istisna qanununun tələblərinə cavab vermir.

Üçüncünü istisna qanununun düzgün  ifadəsi belədir:

Eyni predmet, hadisə haqqında eyni vaxtda, məna və münasibətdə deyilmiş iki zidd fikrin ikisi də yalan ola bilməz, bunlardan biri həqiqi, digəri isə yalan olur, üçüncü fikir istisna olunur.

Məsələn, “Millət insanların tarixi birlik formasıdır” “Millət insanların tarixi birlik forması deyildir”. İlk baxışdan belə görünür ki, bu qanun ziddiyyət qanunu ilə eyniyyət təşkil edir, onun təkrarıdır. Lakin məsələnin mahiyyəti başqa cürdür. Bunlar arasındakı sıx əlaqəni heç kim inkar edə bilməz, hər ikisinin ümumi cəhətləri çoxdur, hər iki qanunda təfəkkür prosesində meydana gələn məntiqi ziddiyyətlərdən söhbət getsə də, onların spesifik cəhətlərini unutmaq olmaz.

Əvvəla ziddiyyət qanununda əks hökmlərdən, üçüncünü istisnada zidd fikirlərdən söhbət gedir.

İkincisi, ziddiyyət qanununda fikirlərin ikisi də yalan ola bilər, lakin üçüncünü istisnada buna yol verilmir, bunların arasında orta bir hədd yoxdur, hökmlərdən biri həqiqi, digəri isə yalan olur. Buna çox vaxt latınca “tertium non datur” da deyilir. Yəni üçüncü verilməyib. Məsələn, “ictimai münasibətlərin hər bir sahəsi müəyyən hüquq normaları ilə nizama salınır” “ictimai münasibətlərin bəzi sahələri müəyyən hüquq normaları ilə nizamlanmır”.

Lakin üçüncünü istisna qanunu bu zidd hökmlərdən hansının məzmunca həqiqi olduğunu göstərmir. Hökmlərin obyektiv gerçəkliyə uyğun gəlib-gəlməməsi məsələsi praktika ilə həll olunur. Bu qanunda qarşılıqlı surətdə bir-birini istisna edən alternativlərdən biri götürülür. Belə halda, ümumi iqrari hökmü təkzib etmək üçün həqiqi xüsusi inkari hökmü gətirmək kafi əsas hesab olunur və problemin həlli üçün düzgün yol tapılır. Bu qanunu da formula ilə belə ifadə etmək olar: M və yaxud qeyri-M.

Yuxarıda deyilənləri ümumiləşdirərək bu qanun əsasında təfəkkürdə baş verə biləcək səhvlərin qarşısını almaq məqsədilə bir sıra şərtlərə riayət etmək lazımdır:

  1. Eyni vaxtda məna və münasibətdə bir fərdi cisim haqqında söylənilən zidd mülahizələrdən ikisi də həqiqi ola bilməz. Məsələn, “X. cinayət törətmişdir” və “X. cinayət törətməmişdir”. Burada üçüncü hökmü tapmaq mümkün deyil. Bu qanun iki variantdan (“ya və yaxud” prinsipi üzrə) birinin seçilməsini tələb edir (tertium non datur (üçüncü verilməyib)). Bu, onu ifadə edir ki, alternativ sualın həllində müəyyən cavabdan yayınmaq olmaz, aralıq, orta, üçüncü bir alternativ axtarmaq mümkünsüz bir işdir. Bu cinsdən olan alternativlərlə insan tez-tez qarşılaşır. Vaxtilə qədim Romada belə bir zərb-məsəl yaranmışdı “Aut Caesar, aut nihil” (hərfi mənada ya Sezar, ya da heç nə”), bəzən də ümumiləşmiş mənayla işlənir: “Hər şey, yaxud heç nə”. Buna oxşar intellektual vəziyyəti U. Şekspir Hamletin dili ilə belə ifadə etmişdir: “Olum, ya ölüm”. Yaxud birisi səni qonaqlığa çağıranda fikirləşirsən ki, ya gedəcəm, ya da getməyəcəm”. Belə hallarda bu variantlardan biri seçilir.

Müasir şəraitdə birmənalı çıxış yolu tələb edən alternativlərə tez-tez rast gəlirik.

Buna aid dövrü mətbuatda gedən bir çox nümunələr gətirmək olar: “Ya hamının gücü ilə bütün aləm azad olacaqdır, yaxud da bütün sivilizasiya məhv olacaqdır”. “Millət öz ərazi bütövlüyü uğrunda ya ardıcıl mübarizə aparmalıdır, ya da biabırçı sülhə razı olmalıdır” və s. və s.

  •  İki zidd fikirdən (birində nə isə iqrar olunan digərində inkar olunursa) ikisi də eyni vaxtda həqiqi ola bilməz. Məsələn, məlumdur ki, məhkəmənin qərarı ya bəraətləndirici, ya da ittihamedici olur. Əgər qərar ittihamedicidirsə, deməli, o bəraətləndirici deyil. Məhkəmə başqa bir qərar – bəraətləndirici – ittihamedici qərar çıxara bilməz.

 

  • İki zidd hökmdən birində bütöv predmetlər, digərində isə predmetlər, hadisələr haqqında nə isə iqrar olunursa, digərində isə predmetlər, hadisələr haqqında eyni xassə, əlamət qismən inkar olunursa, bunların hər ikisi doğru və yalan ola bilməz. Məsələn, “Bütün iqtisadi obyektlər xüsusi mülkiyyətlə əlaqəlidir” və “Bəzi iqtisadi obyektlər xüsusi mülkiyyətlə əlaqəli deyil”. Və yaxud “Bütün cinayət işləri hüquqi qanun pozuntusudur” və “Bəzi cinayət işləri hüquqi qanun pozuntusu deyil”. Əgər bu hökmlərdən biri doğrudursa, digəri hökmən yalan olacaqdır, başqa cür ola bilməz.

 

  • İki zidd mülahizədən bütün predmetlər, hadisələr sinfinə nisbətdə nəsə inkar olunursa, həmin xassə, əlamət eyni sinfin predmet və hadisələrinə qismən aid edilirsə, bunlardan biri həqiqi, digəri yalan olacaqdır. Məsələn, “Heç bir cinayət qanuna uyğun hərəkət deyil” və “Bəzi cinayətlər qanuna uyğun işdir”. Bunlardan biri doğrudur, digəri yalan, üçüncü isə verilməyib. Hüquqşünas işi “ya, və ya” formulu ilə həll edir. Bu fakt ya müəyyən olunub, ya da olunmayıb. Müttəhim ya təqsirkardır, ya təqsirkar deyil.

Ziddiyyət qanunu kimi, bu qanun da predmet və hadisələrin dəyişmə və inkişafını, bir haldan digər hala keçmələrini inkar etmir.

Bu qanun gerçəkliyin dərkində məntiqi ziddiyyətlərə yol verməməyi tələb edir. A və qeyri-A arasındakı (bir mərhələdən digərinə keçdikdə) nəticənin müəyyənliyi məqsədilə onlar arasında şərti sədd çəkməyi ehtiva edir. Bu qanun obyektiv gerçəkliyin ziddiyyətlərini nəzərdən keçirmir, onları inkar da etmir, bir-birinə zidd olan iki hökmün, eyni zamanda həqiqiliyinin, yaxud yalanlığının qəbul olunmasına yol vermir.

 

Mənbələr:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

 

Redaktə etdi:  Fatimə Əliyeva

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...