Vergi nədir?

Post date:

Author:

Category:

Vergi haqqında ümumi  anlayış. Vergi nədir?

Vergi – dövlət və ya dövlət qurumlarının dövlət xərcləri üçün real və hüquqi şəxslərdən qanuni olaraq yığılan pul məbləğidir. Vergi dövlətin və digər ictimai qurumların dövlət xidmətlərinin maliyyələşdirilməsini əhatə etmək üçün insanlardan alınan pullardır. İqtisadiyyatın əsas dayaqları olan vergilər dövlətin ən vacib gəlir mənbəyidir və dövlət gəlirlərinin böyük bir qismini qarşılayır.

Verginin məcburi alınmasının səbəbi bunun  konstitusiyaya daxil olması və ölkə vətəndaşı olduğu üçün fərdin üzərinə düşən öhdəlikdir. Buna görə də heç kəs vergi ödəməməyi və yaxud ödəməyə qarşı çıxmağı seçə bilmir.

Verginin obyekti, verginin tutulduğu və buna görə birbaşa və ya dolayı yolla vergi mənbəyini təşkil edən iqtisadi elementdir. Vergi borcunun meydana gəlməsinə səbəb olan iqtisadi ünsürlər verginin obyektini, mövzusunu təşkil edir. Vergi mövzusu ümumi və mücərrəd bir anlayışdır. Vergi qanunları ümumilikdə vergi ilə bağlı anlayışları müəyyənləşdirir. Lakin verginin obyektini, mövzusunu  ifadə edən ümumi bir tərif yoxdur. Qanunverici hakimiyyət hər bir vergi üçün məsələnin izah edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, hər vergi qanununun ilk maddələrində həmin verginin predmeti qeyd olunur. Verginin obyekti verginin əsas elementlərindəndir. Mövzusu bəlli olmayan bir vergini tətbiq etmək və almaq mümkün deyil. Verginin qanuniliyi prinsipinə uyğun olaraq, verginin obyekti göstərilməlidir.

Verginin qədim dünyada inkişafı və qədim vergilər

Vergi anlayışı ilk dəfə insanlar əkinçilik fəaliyyətinə və məskunlaşma həyatına başlayanda, məbədlər ətrafında dini ayinlər zamanı tanrılara hədiyyələr təqdim edərkən ortaya çıxmışdır.İlk vergilər xalqın məhsullarını tanrı adına toplamaq və xalqdan  xərac almaq üçün məbədin rəhbərləri hakimiyyətə gəldikdə yaranmışdır. Getdikcə güclənən hökmdarların qəbul etdiyi qanunlarla vergi institutu  bu günkü vergi sisteminin əsasını təşkil etmişdir. Məhz bu səbəbdən insanlar tədricən siyasi icmalarda yaşamağa başladıqları üçün ehtiyaclarının qarşılanmasına görə vergi ödəməli oldular.

Antik dövrdə, ümumiyyətlə, müharibə vəziyyətində xalqdan vergi alırdılar, yəni, bu dövrdə vergilərin alınması nizamlı deyildi. Mütləqiyyətçi idarələrdə dövlətin xərcləri hökmdarın əmlakı hesabına ödənilirdi, çünki xalqa təqdim olunan xidmət demək olar ki, yox idi. Dövlət xərcləri və əhaliyə göstərilən xidmətlər artdıqca qurumlar, idarələr buna cavab verə bilmədilər və əhalidən vergi almağa başladılar. Məsələn, antik dövrlərdə Misir və Babil kimi mütləqiyyətçi hakimiyyətli dövlətlərdə dövlət xərcləri saray xərclərindən ibarət idi. Bu xərclər idarəçilərin əmlakı hesabına ödənilə bilərdi. Amma müharibə xərclərinin artırılması və piramida-məbəd tikilməsi kimi dövlət xərcləri üçün yeni gəlir əldə etmək məqsədilə vergi toplanmağa başlanıldı. Başqa bir misal olaraq; Qədim Yunanıstanda və Romada da vergi ilə eyni zamanda, əmlak gəlirləri, inhisarlar, müharibədən əldə olunan qənimətlər və hökumətlərin öz millətlərindən aldıqları rüsumlar da tutulurdu.

Qədim Romada vergi ödəyiciləri və vergiləri toplayan müfəttiş

Orta əsrlərdə vergilər

Orta əsrlərdə vergilər, əsasən, vətəndaşlardan yığılırdı və onlar hökmdarların məmurları tərəfindən deyil, xalq / şəhər nümayəndələri tərəfindən toplanırdı.Orta əsrlərin əvvəllərində hökmdarın əmlakı dövlət büdcəsi kimi görüldü, lakin bu dövrün sonuna qədər isə dövlət büdcəsindən ayrı olaraq görülməyə başladı. Belə ki,tətbiq olunan müasir vergi sistemi orta əsrlərin sonlarında yaranmağa başlamışdır.Yeni əsrdəki iqtisadi sistem orta əsrlərdəki iqtisadi sistemdən pul iqtisadiyyatına əsaslanması ilə bağlı olaraq çox fərqlidir. Fransa inqilabı və Napoleonun genişləndirmə siyasəti səbəbi ilə Avropa dövlətlərinin maliyyə quruluşu köklü şəkildə dəyişdi. Bu dəyişikliklər nəticəsində yeni vergi sistemi dövlətin təkcə dövlət xərclərini ödəməməsinə, həm də iqtisadi və sosial həyata müdaxiləsinə səbəb ola biləcək şəkildə formalaşmışdır.

Vergi prinsipləri

Vergilərin düzgün tətbiqi və nəticələrinin uğurlu olması üçün təyin olunan meyarlara vergi prinsipləri deyilir.Vergi prinsipləri vergi müraciətlərində tətbiq edilməli olan prinsiplərdir. Prinsiplərə əməl olunarsa, gözlənilən vergi məqsədi daha asan və ən az xərclə əldə edilər.Vergi prinsipləri olaraq hazırlanan və istifadə olunan ən vacib prinsiplər bunlardır:

  1. Vergi tətbiqində ədalət prinsipi: Bu prinsip vergidə ədalətli olmağı ifadə ədir. Ədalətli olmaq, ədalətlilik anlayışı cəmiyyət və həmin cəmiyyətdə yaşayan insanlar, vərdişləri, adətləri, adət-ənənələrinə görə dəyişir. Hər bir cəmiyyət bu anlayışı özünəməxsus şəkildə şərh edir.Vergi ədaləti də cəmiyyətdən cəmiyyətə fərqlilik göstərir.
  2. Vergi tətbiqində qətilik, müəyyənlik prinsipi: Vergi alındıqdan sonra həmin şəxsə bir daha ödənilmir.Lakin vergi güzəştləri üçün bəzi vergi ödəmələri tətbiqetmə prinsipləri bu prinsipi ortadan qaldırmır. Verginin mövzusu dərəcələri, ödəmə yeri, vaxtı və ödəmə forması vergi qanunlarında dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Bu mövzu ilə bağlı müxtəlif anlayışlara səbəb ola biləcək heç bir qeyri-müəyyənlilik və ya  ifadələr yoxdur. Vergi ödəyicilərindən vergiləri qanunda göstərilən qaydada və yerdə ödəmələri tələb olunur və bununla bağlı heç bir şübhə olmamalıdır.
  3. Verginin iqtisadilik prinsipi: Vergi tətbiq olunmasının  və yığımının dəyəri vergi hasilatından (daxilolmalarından) yüksək olmamalıdır. Vergi ödəyicisinin cibindəki pulla, dövlət xəzinəsinə daxil olan pul arasındakı fərq çox az olmalıdır. Vergidən gözlənilən gəlirin müəyyən bir müddət ərzində əldə edilməsi və əldə olunarkən  minimum səviyyədə, ən az xərclə toplanması nəzərdə tutulur. Buradaki vacib məqam odur ki, vergi toplanması verginin tutulması dövrü ərzində edilməsi və vergi dəyəri ən aşağı səviyyədə saxlanılmasıdır.
  4. Vergi uyğunluğu prinsipi: Vergi ödəyicilərdən ən uyğun və dəqiq bir vaxtda, ən uyğun şəkildə alınmalıdır. Vergi cəmiyyətin quruluşuna uyğun olaraq iqtisadiyyatı zorlamayan bir  gəlir növü olmalıdır. Bu, verginin hər bir şəxsə uyğun vaxtda tutulması demək deyil. Vergi tutmanın fərdi şəkildə tək-tək olaraq tətbiq edilməsinin təmin olunması mümkün deyildir. Çünki vergi ödəyiciləri arasında iqtisadi, sosial, maliyyə və psixoloji vəziyyətə görə uyğun vaxt və şərtlər arasında ciddi fərqlər vardır. Burada vacib olan məqam ümumi uyğunluğu müəyyənləşdirməkdir.
  5. Verginin qanunauyğunluq prinsipi: Vergitutma prinsiplərinin formalaşmasında konstitusiyanın vergi müddəaları nəzərə alınmalıdır. Konstitusiyada  cinayət hüququ və cinayət hüququ ilə bağlı cəzaların qanuniliyinin təmin olunması, cinayət və cəzaların öncədən müəyyənləşdirilməsi və s. kimi prinsiplər vergi cinayət hüququnun əsas prinsiplərindən olmalıdır. Qanunun aliliyi və hüquqi təhlükəsizlik və hüquqi sabitlik prinsipləri də vergi hüququnun prinsipləri kimi qəbul edilir.

Vergi ödəmək qabiliyyəti prinsipi

Vergilər insanların iqtisadi vəziyyətlərinə görə alınır. Vergi ödəmək qabiliyyəti də adlanan bu imkan bir insanın gəliri və sərvətinə nisbətdə ödəyə biləcəyi verginin miqdarından ibarətdir.Başqa bir sözlə, vergini ödəmək qabiliyyəti, bir insanın özünü və ailəsini təmin etməyə yetəcək qədər olan gəlirindən əlavə ödəməyə yetəcək gəlirinin olmasıdır.

Verginin obyekti həmin verginin nəyin üstündən  hesablandığı və tutulduğunu  ifadə edir. Vergilərin alındığı yerlərə görə vergi obyekti üç başlıq ilə qarşımıza çıxır:

  • Gəlir,
  • sərvət
  • İstehlak (xərc).

Gəlir-Bir şəxsin işləməsi və bunun xaricində əldə etdiyi hər növ qazancıdır. Bir insanın qazancı, həmin şəxsin vergi ödəmək qabiliyyətinin ən vacib göstəricisidir. Yüksək gəliri olan bir şəxs, gəliri daha az olan digər bir şəxsdən daha çox ödəyə bilər. Gəlir insanların xərcləməsinə və sərvətinə  də təsir göstərir. Gəlir artdıqca insanların xərcləmə imkanı, gücü və sərvətləri də artır. Hər nə qədər gəlir vergi ödəmək qabiliyyətini müəyyənləşdirmək üçün çox vacib bir amil olsa da, bütün gəlirlərə vergi qoymaq mümkün deyil. Gəlir strukturlarının fərqli mənbələri, fərqli şəxslər və ailə quruluşları, müxtəlif növ gəlir elementləri və s. kimi səbəblərlə sadəcə gəlirlərin vergiyə cəlb edilməsi kifayət deyil.

Sərvət– bir insanın gəlirinin qeyri-müəyyən bir hissəsidir. Sərvət vergi ödəmək qabiliyyətinin müəyyən edilməsində vacib bir göstəricidir. Vergini ərsəyə gətirən məsələlərdən biri də sərvətdir. Ümumiyyətlə, sərvət əmlak və mülk şəklində yaradılır. Sərvətin ölçüsünə və çoxluğuna görə bir insanın vergi öhdəliyi müəyyən edilir. Qeyd etmək lazımdır ki, çox sərvətə sahib olan şəxsin vergi borcu, daha az sərvətə sahib olan şəxsdən daha çoxdur. Bir insanın ödəyə biləcəyi verginin miqdarı onun sərvətinə və əlbəttə ki, bir illik qazancına görə hesablanır. İnsanların var-dövlətə, sərvətə sahib olmaq istəyi gələcək bir zəmanət yaratmaq ehtiyacından irəli gəlir. Bu duyğu ilə xərclənməyən gəlir var-dövlət  və sərvət kimi görünsə də, sərvət özü də vergi məsələsi olaraq qəbul edilir.

İstehlak (Xərclər) – Xərclər pul və ya bir məqsəd üçün pulla ifadə edilə bilən iqtisadi dəyərlərin səriştəsi olaraq qarşımıza çıxır. Xərclər gəlirin müxtəlif mal və xidmətlər almaq,  ehtiyacları ödəmək, və ya bir sıra fəaliyyətlərdən faydalanmaq üçün ayrılan bir hissəsidir. Xərclər zamanı vergi tutulur. Xərclər bir tərəfdən  istehlak kimi vergi şəklində verilə bilir və eyni zamanda sərvətə çevrilir. Yəni, istehlak və ya xərc, həmçinin,  var-dövlət yarada bilər. Belə ki, xərclər həm istehlak, həm də sərvət vergisi mənbəyi olaraq qəbul edilir. Xərclərin vergiləndirilməsi insanları qənaət etməyə həvəsləndirirvə təşviq edir.

Vergi və Demokratiya arasındakı əlaqə

Demokratiya və vergi arasındakı əlaqələrin olması tarixi və elmi faktlara istinad edilərək ortaya atılmışdır. Belə ki, vergiləndirmə demokratik quruluşların yaranmasına, həmçinin bu  quruluşların və dəyərlərin inkişafına, qorunub saxlanılmasına güclü təsir etmişdir. Ancaq bu əlaqəni “vergiləndirmə sistemi varsa demokratiya da var olmalıdır ” deyə qəti və deterministik formada qiymətləndirmək düzgün olmazdı. Çünki bu asılılıq cəmiyyətin mövcud olduğu siyasi, mədəni və siyasi-iqtisadi vəziyyəti ilə birlikdə araşdırılmalıdır.

Verginin nəzarət edici, tənzimləyici , gəlirlər və xərcləri yenidən bölüşdürüb-paylaması kimi vacib və həlledici funksiyaları var. Odur ki, vergiləndirmə sistemində yaranan hər hansısa bir problem tarix boyu əhalinin baş qaldırışlarına, hakimiyyət çevrilişlərinə gətirib çıxarmışdır. Demokratiya və vergi arasındakı əlaqəni incələməyə başlayarkən demokratiyanın özünü də araşdırmaqda fayda var. 

“Demokratiya” sözü yunan dilində “demos” – “xalq” və “kratos” – “hakimiyyət” mənasını bildirən sözlərin birləşməsindən əmələ gəlmişdir. Müvafiq olaraq, demokratiya çox vaxt “xalq hakimiyyəti”, yəni insanlar tərəfindən müəyyən edilən və onların da tabe olmalı olduğu qaydalar sistemi kimi qəbul edilir.  Linkolnun da söylədiyi kimi “Xalqın xalq üçün xalq tərəfindən idarə olunmasıdır”.

Antik Yunanıstanda xalq nəzəriyyə üzərində (nəzəri olaraq söyləyirik çünki o tarixdə kölələr, qadınlar və gəlmələr səsvermə hüququndan məhrum idilər.) səsvermə və fikirlərini bəyan etmə kimi imkanlardan yararlanır, qərarların qəbulunda iştirak edə bilirdilər.

Demokratiya və verginin pozitiv formada bir-birindən asılı olması və onlar arasında qarşılıqlı bir əlaqənin mövcud olub-olmaması, verginin demokratiyanın inkişafında və davamlılığında rolu, ona nə dərəcədə təsir etməsi daim müzakirə mövzusu olmuşdur.Bəzi tədqiqatçılar demokratiya və iqtisadi yüksəliş arasında birbaşa və bir-birindən ayrılmayan bir asılılıq olduğunu  iddia edir.

Bu iddialar “Modernləşmə ” nəzəriyyəsində öz əksini tapır. Modernləşmə anlayışının müxtəlif şərhləri mövcuddur. Ümumi mənada bu cəmiyyəti irəliyə doğru aparan bütün mütərəqqi dəyişikliklərin sinonimi kimi başa düşülür. Bununla yanaşı, modernləşmə nəzəriyyəsinə tətbiq edildikdə anlayışın iki izahı onun mahiyyətini daha yaxşı ifadə edir. Birinci mənada, “modernləşmə” “müasirlik” sözü ilə eyni olub, Qərbdə XVI əsrdə baş verən və XIX-XX əsrlərdə ən yüksək həddinə çatan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyaların kompleksini əks etdirir. Buraya sənayeləşmə, urbanizasiya, bürokratlaşma, rasionallaşma, demokratikləşmə, kapitalizmin hakim meylə çevrilməsi, individualizm və uğur fəlsəfəsi, elmin özünütəsdiqi və s. də daxildir. Bu mənada modernləşmə müasirliyin nailiyyətlərini ifadə edir, “ənənəvi cəmiyyətin transformasiyaya uğrayaraq, texnoloji, rasional və sekulyar münasibətlərin səciyyəvi olduğu cəmiyyətə çevrilməsi, eləcə də çoxtərkibli differensiasiyaya malik sosial strukturların formalaşması prosesidir”.

Buxar maşını. Buxar maşınının ixtirası sənaye inqilabına, sənaye inqilabı isə modernləşməyə böyük təkan vermişdir.

Digər mənada, “modernləşmə” dedikdə, ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid başa düşülür. Bu ənənələrdən köklü surətdə fərqlənən innovasiyalara istiqamətlənmək, sosial həyatın dünyəvi xarakter daşıması, ardıcıl inkişaf, insan fərdinin özünü reallaşdırması yönündə daha fəal olması, əsasən rasional dəyərlərə üstünlük verilməsi, kütləvi təhsil və mədəniyyətin, təşəbbüskarlığın həyat tərzinə çevrilməsidir.

Hər iki halda modernləşmə nəzəriyyələrində əsas kateqoriyalar kimi ən çox “ənənə” (ənənəvi cəmiyyət) və “müasirlik” (müasir cəmiyyət) anlayışları tədqiq edilir. Nəzəriyyənin formalaşdığı ilk vaxtlarda bunlar bir-birinə mütləq əks olan kateqoriyalar kimi şərh edilmişdir. Modernləşmə ənənələrin müasirlik tərəfindən ardıcıl olaraq sıxışdırılması və ya ənənəvi cəmiyyətdən inkar edilərək, müasir cəmiyyətə doğru yüksələn xətt üzrə gedən inkişaf prosesi kimi anlaşılmışdır. Ənənəvi cəmiyyətlərdən müasir cəmiyyətə keçid və dəyişikliklər tərəqqiyə istiqamətlənərək, bəşəriyyəti irəliyə aparır.

Müasir dünyanın inkişaf meyli kimi demokratikləşmə, makroiqtisadi parametrlər və əhalisinin rifah göstəricilərinin qarşılıqlı asılılığına dair təhlillər bu baxımdan maraqlı paralellərin aparılmasına imkan verir.

İqtisadi yüksəliş, konkret olaraq adam-başına düşən Ümumi Daxili Məhsulun (ÜDM) artması-modernləşmə və demokratiyanın təmin edən, möhkəmləndirən mühüm amillərdəndir. İngilis alimi və iqtisadçısı, Çarlz Robertson dünyanın 1959-2009-cu illər arasındakı (60 illik zaman kəsiyində), 150 milyon əhalinin yaşadığı 60 ölkəsinin ÜDM-ni təhlil etmişdir. O, belə nəticəyə gəlmişdir ki, ÜDM-in artması və demokratik inkişaf arasında asılılıq mövcuddur. Demokratiyanın zəngin ölkələrdə təkamülü və xarakteri məhz siyasi sistemlə bərabər, iqtisadi rifahın artması ilə də şərtlənir.

Tədqiqatın nəticələrinə görə, o ölkələrdə ki, adambaşına düşən ÜDM-in səviyyəsi 3000 ABŞ dolları həddindədir, orada demokratiyanın yalnız ayrı-ayrı elementlərinin ilkin formalaşmasından danışmaq olar. Adambaşına düşən ÜDM 6000 dollar təşkil edərsə, həmin ölkədə demokratikləşmə üçün yaxşı imkanlar mövcud olur. Nəhayət, ÜDM adambaşına 10 000 dollar təşkil edirsə belə ölkələrdə demokratik inkişaf dönməz olur. Hazırda YSÖ (Yeni Sənayeləşmiş Ölkələr) ölkələri, məs: Braziliya, Meksika, Argentina, Türkiyə, Avropa Birliyinin bütün ölkələri, CAR, İsrail, Yaponiya və Cənubi Koreya daxil olmaqla 45 ölkə bu tələblərə cavab verir.

Demokratiyanın iqtisadi yüksəlişlə əlaqəsinə toxunduq, bəs vergi sistemi ilə arasında  nə kimi bir əlaqə mövcuddur?  Bu iki sistem arasındakı əlaqəni 4 müstəvidə analiz etmək daha məqəsədə uyğun olacaqdır.

1.Demokratiyanın inşasında rolu

2.Demokratiyanın inkişafındakı rolu

3.Vergiləndirmə (hakimiyyət) və demokratik sistem arasında  münasibət

4.Mükəlləflər ( vergini verən şəxslər) və demokratik sisteminin bir-birilə münasibəti.

Demokratik qurumların inşasındakı rolu.

Verginin bu rolunu tarixdə Boston Çay Qonaqlığı olaraq bilinən hərəkatda ən bariz şəkildə görmək olar. Hansı ki bu hərəkat Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdir. Belə ki, İngilis koloniyasına aid olan Amerikalılar Böyük Britaniyaya vergi verməklərinə baxmayaraq Parlamentdə təmsil olunmurdular. Buna görə 1773- cü ilin 16 dekabrında Boston limanındakı gəmilərə hücum edərək çay qutularını dənizə tulladılar. Bu tarixi hadisənin  ” Demokratiya yoxdursa, vergi də yoxdur”  şüarı verginin demokratiya üzərində olan önəmini çox açıq şəkildə izah edir. Verginin burada yerinə yetirdiyi funksiyası dövlətin yaranaması yalnız hakimiyyət və mükəlləfllər arasında yaranacaq razılıqla ola biləcəyini bir daha göstərmiş oldu.

16 dekabr 1773. Boston çay qonaqlığı

Demokratiyanın inkişafında verginin rolu.

Verginin demokratiyanın yaranmasındakı rolunu tarixidən nümunə göstərərək izah verməyə çalışıdıq. Hakimiyyətin gəlirlərinin vergi xarici mənbələrlə təmin olduğunu yəni verginin az və yaxud heç olmadığı ölkələrdə demokratik təşkilatların tam formalaşmadığını və ya  ümumiyyətlə mövcud olmadığı hal-hazırki dövrümüzün reallığıdır. Bu ölkələrdə verginin az və yaxud da heç olmamasının səbəbi isə dövləti təmin edə biləcək kifayət qədər resursların olması ilə əlaqədardır.

Bu mənbələrin başda gələnləri “resurs lənəti” olaraq adlanan mədən və enerji resursudur. Neft və qazla zəngin olan ölkələrdə aparılan araşdırmalar həmin hakimiyətlərin vergiləndirmə vəzifəsindən azad olduğunu və bunun nəticəsində də hakimiyyətin idaretmə keyifiyyəti, xalq qarşısında məsuliyyəti azalmış  və xalqın dövlətin işlərinə  müdaxilə etməsinin qarşısını alaraq xalqı passivləşdirmişdir.

Vergiləndirmə sistemi (Hakimiyyət) – demokratik sistem arasındakı asılılıq

Əlbəttə ki, vergiləndirmə sisteminin varlığı tam demokratik sistemin var olduğunna işarə etməməlidir. Ancaq vergiləndirmə sistemində yaranan ədalətsizlik, qeyri-qanunilik və  sistemdəki nizamsızlıq ölkənin statusunu dünya bazarında zədələyəcək, inamsızlıq yaradacaq və dünya bazarına inteqrasiyasının qarşısını alacaqdır.

Bununla bərabər vergiləndirmə sistemində olan reformasiyalara da toxunmaq da fayda var.  Vergiləndirmə sistemin quruluşunda əsaslı və köklü dəyişikliklər edilməsi vergi reformasiyası adlanır.

Ancaq vergiləndirmə sisteminin skelet quruluşuna toxunmadan da dəyişikliklər etmək mümkündür. Bu dəyişiklikləri təftiş və ya kiçik miqyaslı yoxlamalar adlandırmaq olar. Vergiləndirmə sistemində reformasiyaların çox tez-tez edilməsi ya da ümumiyyətlə edilməməsi də özlüyündə çox böyük risk faktorudur. Belə ki, sistemdə heç reformasiya edilməməsi mövcud sistemin əksiklliklərinə və nöqsanlarını qəbul edərək yaşamaq və yenilikləri açıq olmamaq kimi problemler yarada bilər. Və tam əksi tez-tez edilən reformasiyalar isə sistemdə nizamsızlıq və qarışıqlıq yarada bilər.

Vergi və demokratiya arasındakı əlaqənin bu müstəvidə(vergiləndirmə) olan asılılığı birbaşa hakimiyyət və siyasi şəxslərlə əlaqəlidir. Odur ki,  sistemdə olan ədalətsizliklər, haqqsızlıqlar həm cəmiyyətin, həm də ölkənin rihafını təhlükə altına atır . Tarixi hadisləri baxsaq  görərik ki  bu yönümlü inqilablar, üsyanlar hakimiyyət çevrilişləri heç də az  deyildir. Çox sərt vergiləndirmə sistemi də, həmçinin elastik olan vergiləndirmə sistemi də insanları üsyana və baş qaldırışa təşviq edə bilir.

Bütün bunlar göstərir ki, ədalətli, tərəfsiz bir vergiləndirmə sistemi demokratiyanı inkişaf etdirməklə qalmır, həmçinin ölkənin rifahına və cəmiyyətin sülh içində yaşamasına da təsir göstərir.

Mükəlləflər ( vergini verən şəxslər) və demokratik sisteminin bir-birilə münasibəti.

Vergiləndirmə sistemi nə qədər mükəmməl hazırlanmış olsa da, insanların vergiləri vaxtı vaxtında vermək istəməməsi və yaxud da bundan boyun qaçırması sistemin tam formalaşmağına əngəl olur.Vergiləndirmənin məqsədi vergini insanlardan vaxtında və müəyyən edilmiş miqdarda alaraq  onu dövlətin xərcləri üzrə ədalətli səkildə paylaşdırmaqdır. Ümumiyyətlə mükəlləflərin demokratik sistemdəki bu rolu (vergiləri vaxti-vaxtında ödəmək) rolu passivdir və onların  birincil funksiyasıdır.Lakin ikincil və əsas rolu isə mükəlləflərin dövlətdə olan nöqsanları və əksikləri görərək bu problemləri bildirməsi, yəni tələbkar olması, şikayətlərini və təkliflərini irəli sürməsidir. Çünki demokratiya ancaq şüurlu insanlarla birlikdə mövcud ola bilər.

Mənbələr :

Siyasi modernləşmə: beynəlxalq nəzəriyyə və milli təcrübə
Elnur Aslanov – siyasi elmlər üzrə fəlsəfə doktoru

ULUSLARARASI VERGİLEME İLKELERİ ve ULUSLARARASI
VERGİLEMENİN AMAÇLARI ÜZERİNE BİR DEĞERLENDİRME – Ekonomik ve Sosyal Araştırmalar Dergisi, Cilt 10, Yıl 10, Sayı 1, 2014

Demokrasinin Gelişmesinde Verginin Rolü, Vergi Müfettişleri Derneği Genel Merkezi , Eylül 2014

Müəllif: Tofiq Cəfərov

Redaktə etdi: Nisə Qulizadə

Tərcümə etdi: Nisə Qulizadə, Tofiq Cəfərov

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tofiq Cəfərovhttp://rezonanss.com
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN, İQTİSADİYYAT VƏ COĞRAFİYA ÜZRƏ MƏQALƏLƏR YAZIR.

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.