XIX əsr Rus mədəniyyəti – Puşkin, Dostoyevski, Tolstoy, Nekrasov, Turgenyev, Çexov

Post date:

Author:

Category:

XIX əsr Rus mədəniyyəti

Rus mədəniyyəti tarixində XIX əsr xüsusi yer tutur. Bu əsr rus mədəniyyətində indiyədək görünməmiş sıçrayış edərək, elm, təhsil, incəsənət, maarif, fəlsəfə, ədəbiyyat sahəsində qüdrətli sənətkarlar yetirmişdir. Artıq ötən əsrlərdən təşəkkül tapmağa başlamış rus ədəbi dilinin formalaşması milli mədəniyyətin təşəkkülündə ən dəyərli amillərdən biri idi. Rus mədəniyyətində yaranmış yüksəliş XIX əsri rus mədəniyyətinin qızıl dövrü kimi dünyaya tanıtdı. Buna təsir edən amillərdən biri 1812-ci ildəki Vətən müharibəsi və bunun nəticəsində insanlardakı vətənpərvərlik ruhunun, rus milli şüurunun güclənməsi idi.

İctimai-siyasi hadisələr cəmiyyətdə yeni sosial təbəqə və zümrələrin formalaşmasını zəruri etdi – mütləqiyyət, pravoslavçılıq, xalqçılıq – mədəniyyətdə üstünlüyü qazanmağa cəhd edən başlıca qüvvələr idi.

Təhkimçilik quruluşu xalqın maariflənməsinə ciddi əngəl olub, bütün əhali və kütlənin savadlanmasına mane olurdu. Dvoryanların mədəni tələbatları isə tamamilə əksinə idi, onlar mədəni irsə yiyələnir, təhsil və tədris işində çox fəallıq göstərirdilər. Lakin mütləqiyyət təhsil sistemini genişləndirməyə məcbur idi. Buna görə də 1802-ci ildə maarif müəssisələrinin təsisi üzrə xalq maarifi nazirliyi təşkil olundu. Peterburq, Derpt, Vilno, Kazan, Xarkovda bu qərardan sonra universitetlər, Tsarskoye Selo, Yaroslavl, Nejində isə, imtiyazlı tədris müəssisələri təşkil olundu. 1829-cu ildə gimnaziya və universitetlər üçün müəllim kadrları hazırlayan Ali Pedaqoji İnstitut açıldı.

Maariflə yanaşı, elmdə də çox böyük irəliləyişlər əldə olundu. Böyük elmi kəşflərin tarixi, məhz bu əsrlə bağlı idi. Görkəmli rus riyaziyyatçısı N.İ.Lobaçevski (1793-1856) dünya alimlərinin iki min il ərzində faydasız çalışmalarından fərqli olaraq qeyri-evklid həndəsi nəzəriyyəsini yaratdı. O, klassik evklid nəzəriyyəsindən fərqli olaraq yeni bir həndəsənin əsasını qoydu.

M.V.Ostroqradski (1801-1861) riyaziyyat, fizika, analitik mexanika, say nəzəriyyəsi, ehtimal nəzəriyyəsinə dair bir çox dəyərli əsərlərin müəllifidir.
Fizik B.S.Yakobi (1801-1874) elektrotexnika sahəsində bir çox yeniliklərin müəllifidir. O, bir çox elektrik mühərriklərinin quraşdırıcısı olmuşdur. O, E.X.Lentsl ilə birgə elektromaqnit hadisəsini tədqiq etdi. Bu dövrdə
ilk rus elektrotexnika mütəxəssislərindən biri də V.V.Petrov (1761-1834) hesab edilir. O, fizikaya dair bir çox vəsaitlərin müəllifidir. Mühəndis P.D.Şellinq (1786-1837) 1832-ci ildə amerikalı ixtiraçı S.Morzedən (1791-1872) əvvəl elektromaqint teleqrafın yazılışını ixtira etmişdi.
Dəqiq elmlərlə yanaşı, XIX əsrdə coğrafiya və tarix elmlərinin inkişafı da müşahidə olunur. Rus səyyahlarının səfərləri coğrafiya elminə çox böyük nailiyyətlər gətirmişdir. N.F.Kruzenştern (1770-1846) və Y.F.Lisyanski (1773-1834) 1803-1806-cı illərdə Kronştadtdan Kamçatka və Alyaskaya qədər səfər etmiş, Sakit okean adalarının şəkillərini, Çin sahillərini, Saxalin adası, Kamçatka yarımadasını öyrənmişlər.
1819-1821-ci illərdə F.F.Bellinshauzen (1778-1852) və M.P.Lazerev (1788-1851) yer kurəsini öyrənən ekspedisiyaya rəhbərlik edərək Antarktida və çoxlu sayda adaları kəşf etmişlər. Q.İ.Nevelski, Y.V.Putyatin (1804-1883), .M.Qolovnina (1776-1831), O.E.Kotsebu (1788-1846), F.P.Litke (1799 -1882) səyahətləri nəticəsində Sakit okean, Alyaska, Saxalin, Buzlu okean adaları, Koreya sahilləri və s. yerlər haqqında Rus coğrafiya cəmiyyətinə çox dəyərli elmi biliklər vermişlər.
Moskva Universitetində rus tarixi cəmiyyəti yaradılır. cəmiyyətin başlıca vəzifəsi qədim rus mənəvi sərvətlərinin toplanması idi. 1800-cü ildə XII əsrin yadigarı olan «İqor polku haqqında dastan» tapılaraq nəşr olundu. 1818-ci ildə 3 min nüsxə tirajla N.M.Karamzinin (1766-1826) «Rus dövləti tarixi» arxiv materialları əsasında nəşr olunur. Karamzinin tarixi konsepsiyasını bu əsərdə Rus Dövlət idarəetmə formasında mütləqiyyətin başlıca yer tutması haqqındakı ideyası aparıcı yer tuturdu ki, bu, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müxtəlif əks-sədaya səbəb oldu. Bu fikri dəstəkləyənlər də, onu rədd edənlər də oldu. Ümumiyyətlə, Karamzinin bu fikri qədim rus tarixi haqqında mənbə rolunu oynayırdı. A.S.Puşkin onun haqqında belə bir ifadə işlətmişdi ki, Kolumb Amerikanı kəşf etdiyi kimi, Karamzin də Rusiyanı kəşf etmişdi.

XIX əsrdəki ictimai həyat, reallıqlar bu dövrün ədəbiyyatında da əks etdirilirdi. Ədəbiyyatda başlıca istiqamətlər klassisizm, sentimentalizm, romantizm idi. Realizm bunların içərisində daha qabarıq təzahür edirdi. Sentimentalizmin görkəmli nümayəndəsi yazıçı və tarixçi haqqında yuxarıda söhbət açdığımız N.M.Karamzin idi.
1812-ci il müharibəsinin qəhrəmanlıq hadisələri romantizmin təşəkkülü üçün başlıca meyar oldu. Onun yaradıcısı V.A.Jukovski (1783-1852) hesab edilir. Onun poeziyası melanxolik arzularla, romantik duyğularla ifadə olunur. Bu səpkidə müəllifin «Lyudmila», «Svetlana» balladalarını göstərmək olar.
Romantizmin digər istiqamətini – ictimai-vətəndaş inqilabi romantizm təşkil edirdi ki, bunun da nümayəndəsi K.F.Rıleyev (1795-1826) idi. Onun lirikası siyasi assosiasiyalar ilə zəngindir. Onun «Duma», «Voynarovski», «Nalivayko» əsərlərində bunu aydın hiss etmək olur.

K.Küxelbekerin (1797-1846) oda və poemalarında isə, mütləqiyyətçi, təhkimçi qaydalarına güclü etiraz hiss olunur.
Rus realizminin banisi dahi A.S.Puşkin (1799-1837) hesab edilir. Rus ədəbiyyatının qızıl əsri, məhz onun adı ilə bağlıdır. O, rus ədəbiyyatında yeni istiqamətin, abı-havanın müəllifidir. Rus mədəniyyəti dünya sivilizasiyasına məhz Puşkinin adı ilə daxil olmuşdur. O, həm də müasir rus ədəbi dilinin müəllifi hesab edilir.
Puşkin yaradıcılığı elə bir fenomendir ki, məhz onun təsiri ilə incəsənətin digər sahələri – təsviri sənət, musiqi, teatr inkişaf edərək təkmilləşmiş, yeni-yeni sənətkarların meydana gəlməsinə şərait yaratmışdır. Bu fikrin təsdiqi kimi digər rus yazıçısı Qoqolun İtaliyada olarkən şairin ölümü xəbərindən sarsılaraq ifadə etdiyi cümləni sübut kimi qeyd etmək olar. Qoqol yazırdı: «… Həyatımın bütün zövqü-səfası, ən ali hisslərim onunla birgə itdi.

Ondan məsləhətsiz mən heç bir qərar qəbul etmirdim. Onu təxəyyülümdə hiss etməyincə bir sətir belə yaza bilmirdim…» Puşkini qüdrətli sənətkar kimi yetişdirən ətrafı, yaşadığı ictimai-tarixi şərait idi. O, həm nəsr, həm də poeziyada rus həqiqət və reallıqlarını çox gözəl yaratmışdır: «Yevgeni Onegin» şer-romanı, «Boris Qodunov» tarixi dramı, klassik nəsrdə «Belkinin povestləri», «Tarixi povest» «Kapitan qızı», «Motsart və Salyeri faciəsi», «Tunc atlı» poeması və s. Bütün bunlar Puşkinin təkcə rus ədəbiyyatına deyil, dünya mədəniyyətinə bəxş etdiyi nadir sənət inciləridir.
Puşkinin sələfləri ondan sonra rus ədəbiyyatını qoruyub saxlayaraq, daha da zəngişləşdirdilər. Belələrindən biri M.Y.Lermontov (1814-1841) idi. Onun fitri istedadı 16 yaşında ikən özünü göstərə bilmişdi. 1837-ci ildə o, «Şairin ölümünə» adlı şerində zəmanəsinə qarşı cəsarətlə etiraz edə bilmişdir. Onun yaradıcılığına daha çox romantizm aid idi. Erkən yaradıcılıq nümunələrinə azadlıq, mübarizə ruhu xas idi.

«Mtsıri», «Demon» poemalarında bu ruhu açıqcasına hiss etmək mümkündür. XIX əsrin 30-cu illərinin II yarısında şairin yaradıcılığında realist elementlər qabardılır: «Saşka», «Tambov xəzinədarı» əsərləri buna aiddir. «Zəmanəmizin qəhrəmanı» romanında şair inadla realizmə daxil olur.

Lermontov yaradıcığına fatalizm ruhu da hakimdir.

Bu dövrün digər böyük ədəbi nümayəndəsi N.V.Qoqoldur (1809-1852). Onun «Dikanka yaxınlığında xutor axşamları» əsərində lirik romantizm özünü təzahür etdirir. Sonrakı povestlərində – «Portret», «Nevski prospekti», «Mirqorod»da lirik romantizmdən realizmə keçid qabarıq şəkildə özünü göstərir. Onu məşhurlaşdıran

«Müfəttiş» komediyasında dramaturgiyanın novator xarakteri rus cəmiyyətinin ümumiləşdirilmiş simasının əksində özünü göstərir. «Ölü canlar» isə, Qoqolun yaradıcılığında xüsusi yer tutur. Bu roman-poema rus ədəbiyyatında tənqidi realizmin təsdiqini müəyyənləşdirdi. Bu əsərə ədib özü yüksək qiymət verərək həyatının ən ali işi hesab edirdi. «Bütün Rusiya buradan hay verəcək» – deyə əsər haqqında fikrini bildirirdi.
Digər məşhur povest isə «Şinel» idi. Burada o, başlıca məsələ kimi sosial problemə üz tutur, rus adamının ağır, mənasız həyatını bütün reallıqları ilə əks etdirir. O, əsərində mütləqiyyət-təhkimçi sistemini ciddi tənqid atəşinə tutur.
XIX əsr rus ədəbiyyatının qızıl dövrünün digər əzəmətli nümayəndələri İ.S.Turgenev (1818-1883), İ.A.Qonçarov (1812-1891), M.E.Saltıkov-Şedrin (1826-1889), A.N.Ostrovski (1823-1886), şairlər N.A.Nekrasov (1821-1878), F.İ.Tyutçev (1803-1873), A.A.Fet (1820-1892) və b. hesab edilir. A.N.Ostrovski öz əsərlərində Qoqolun «natural məktəbi»ni davam etdirir. Onun «Gəlirli yer», «Tufan», «canavar və qoyunlar», «cehizsiz qız» və d. povestlərində ticarət aləminin incəlikləri tədqiq olunur. Ostrovski dramaturgiyası rus realist teatrının təşəkkülündə əhəmiyyətli rol oynamışdır.

M.E.Saltıkov-Şedrinin parlaq istedadı satirada çox güclü bədii hisslərlə əks olunmuşdur. Onun «Pompadur kişi və qadınları», «Bir şəhərin tarixi» və d. əsərlərində dövrünün bürokratik qayda-qanunları öldürücü satira ilə ifşa edilir, kütbeyin rəislər, müxtəlif rütbələrdən olan məmurlar tənqid atəşinə tutulur. Bu əsərlər dünya satirasının ən nadir nümunələrindəndir.

Xalqın ümid yolunun axtarılması N.A.Nekrasov yaradıcılığına, psixoloji cəhətdən incə və lirik məqamlar isə, A.P.Çexova (1860-1904) xasdır. Rus ədəbiyyatının qızıl dövrünü yekunlaşdıran digər iki nəhəng -L.N.Tolstoy (1828-1910) və F.M.Dostoyevski (1821-1881) mədəniyyətin əlçatmaz zirvəsini təşkil etdi.

Ədəbiyyatın inkişafı teatr sənətinin yeni istiqamət götürməsinə də imkan yaradırdı. Bu dövrdə rus səhnəsindəktyor sənətinin islahatçısı, realizmin əsasını böyük aktyor M.S.Şepkin (1788-1883) qoydu. Əsrin Iarısında teatr bir çox aktyor nəslini (Y.S.Semyonov, V.V.Karatıgin, P.S.Moçalov, M.E.Martınov və b.) yetişdirdi. Bu dövrdə əsas teatr mərkəzləri Malı Teatr (Moskva) və Aleksandrinsk Teatrı (Peterburq) hesab edilirdi. Rusiyanın əyalət şəhərlərində teatr truppaları kəmiyyətcə çoxaldı. Bu isə yeni demokratik tamaşaçının formalaşmasına kömək etdi. Sadə xalq üçün mövcud olan kütləvi teatrlarda da istedadlı aktyorlar iştirak edirdi.
Opera teatrı da bu dövrün başlıca mədəni mərkəzlərindən hesab edilirdi. Bu incəsənətin başlıca mərkəzləri Marinsk (Peterburq) və Bolşoy teatr (Moskva) hesab edilirdi.
Balet sahəsində baletmeystr M.İ.Petina (1818-1910) xüsusi yer tutur.
Bədii yaradıcılıq sahəsində XIX əsrdə Rusiyada aparıcı yerlərdən birini təsviri sənət tuturdu. Əsrin I yarısında rəssamlıqda başlıca istiqaməti klassisizm təşkil edirdi. K.P.Bryullov (1799-1852), O.A.Kiprenski (1782-1836), A.Q.Venetsianov (1780-1847) dövrün görkəmli rəssamları idi. Bryullovun «Pompeyin sonuncu günü» əsəri rus rəngkarlığında akademik məktəbin ən parlaq sənət əsərlərindən hesab edilir. Əsərin ideya məzmunu çox mürəkkəbdir. Müəllif burada despotizmin qəddarlığını göstərməyə çalışaraq insanın böyük imtahan, ölüm qarşısındakı əhval-ruhiyyəsini təbii əks etdirə bilmişdir.

Rəngkarlıqda realizmin əsasını P.A.Fedotov (1815-1852) qoymuşdur. «Mayorun elçiliyi», «Ankor, yenə də ankor!», «Oyunçu» əsərlərində rəssam realizmi yüksək bədii hisslərlə çatdıra bilmişdir.
A.A.İvanov (1806-1856) «İsa peyğəmbərin zühuru» adlı məşhur əsəri üzərində 20 il işləmiş və əsərə 600-ə
yaxın etüd çəkmişdir.
XIX əsrin ilk onilliyi rus memarlığında klassisizmin yekunlaşması və ampir (frans. empire – imperiya, dövlətin qüdrətini təzahür etdirən) üslubunun tətbiqi ilə səciyyələnir. Bu üslübda, klassisizm kimi dekorativliyə, monumentallığa meyl edilirdi. Bu üsluba riayət edənlər A.D.Zaxarov (1761-1811), A.N.Voronixina (1750-1814), K.İ.Rossi (1775-1849), V.P.Stasov (1769-1848) idi.

Dövrün memarlığının xarakterik xüsusiyyəti, iri memarlıq ansambllarının yaradılması idi. Bu, xüsusilə, Peterburqda daha çox təzahür olundu. Zaxarovun layihəsi əsasında Admirallıq yaradıldı.

A.N.Voronixinin lahiyəsi əsasında Kazan kilsəsi (1801-11), Dağ kadet korpusu (1806-1811), Qatçina və Pavlovskda saraylar tikildi.

Peterburq birjasının binasını isə, İsveçrəli memarlar Toma de Tomon tikmişlər. Memarlıqda ansambl metodu K.İ.Rossinin yaratdığı Mixaylovsk sarayında (hazırki Rus Dövlət muzeyi), Ali Ştat Binasında, Saray meydanında əyaniləşir. Onlar həm də Aleksandrinsk teatrının müəllifləridirlər.
Peterburqdakı ən nəhəng memarlıq tikililərindən biri də 40 ilə başa gələn İsaak kilsəsidir (1818-1859).
Onu klassisizm üslubunda ilkin olaraq A.Monferrenanın layihəsi əsasında tikmiş, sonradan isə, rus memarlarının bir qrupu – V.N.Stasov, K.İ.Rossi, A.A.Melnikov, A.İ.Melnikov davam etdirmişlər.
Moskvanın şəhər tikintisində başqa məsələlərə də diqqət yetirilirdi. 1812-ci ildəki böyük yanğından sonra şəhərin bərpası üzrə güclü, hərtərəfli tədbirlər aparıldı. Yanğın nəticəsində şəhərin üçdə iki hissəsini yenidən qurmaq,dağılmış memarlıq nümunələrini tikmək başlıca məqsədə çevrildi. Memar O.İ.Bove Qızıl Meydanın rekonsturuksiyasını həyata keçirdi. Rekonstruksiya prosesində kiçik həcmli tikililər təmizlənərək, əvəzində iri
ticarət cərgələri tikildi ki, bu da köhnə rus memarlığının funksiya təyinatları ilə vəhdət təşkil edirdi.
Digər memar D.Jilyardi yanğın zamanı yararsız hala düşmüş Moskva Universitetinin bərpası ilə məşğul oldu.
Memar K.A.Ton (Voronixinin tələbəsi) Böyük Kreml sarayını (1839-1849), Silah Palatasını (1844-1851),
Nikolayevsk vağzalını (1856) inşa etdi. Bu memarların adı ilə bağlı bir çox gözəl sənət əsərləri mövcuddur.
Dövrün ən dəyərli sənət əsərlərindən birini də Moskvada İ.Martosun Minin və Pojarskinin adı ilə bağlı heykəltəraşlıq abidəsidir. Bu əsər Moskvanın, bütün rus dünyasının simvolu kimi dünya mədəniyyəti xəzinəsinin əzəmətli və qürurlu bir incisidir. Bu əsər Moskva, bütünlükdə rus dünyasının rəmzi kimi çox böyük tarixi əhəmiyyət kəsb edir.
Artıq XIX əsrin II yarım illiyində memarlıqda müxtəlif üslublara – intibah, borokko, qədim Bizans, qədim rus sənətinə qayıdış hiss olunur. Artıq ansambl hissi aradan çıxır. Monumental heykəltəraşlığa meyl mühüm yer tutur. Memarlardan A.Opekuşinanın Puşkinin heykəlini (1880), M.M.Antopolskinin «İvan Qroznı» (1870), «IPyotr» (1872), «Yermak» (1891) heykəllərini göstərmək olar.
Bədii mədəniyyətin aparıcı sahəsi sayılan musiqi XIX əsrdə rus incəsənətində xüsusi yer tuturdu. Məhz bu tarixi mərhələ də öz milli köklərinə bağlı olan rus operası, rus simfoniyası, kamera musiqisi yaradıldı. Rus musiqi məktəbi formalaşmağa başladı. Əsrin əvvəllərində rus musiqisində italyanlar xüsusi rol oynayırdılar. Bu, ötən əsrdə buraya dəvət olunan italyan bəstəkar və müğənnilərinin yaradıcılığı ilə bağlı idi.
Rus milli musiqisinin təşəkkülündə M.İ.Qlinkanın (1804-1857) rolu misilsizdir. O, opera sənətində iki böyük istiqamətin əsasını qoymuşdur: xalq musiqili dramı, nağıl-epik opera janrı. Onun üslubu öz məzmun və təbiəti etibarı ilə əsil rus musiqisini əhatə edirdi. O, «İvan Susanin», «Ruslan və Lyudmila» operaları ilə rus tarixinə müraciət edir, rus xalq musiqi ənənələrini klassik musiqi ilə sintez edərək nəhəng əsərlər yaradır.
Onun simfonik əsərləri – «Vals-fantaziya», «Kamarinskaya», «Madriddə gecə» bəstəkarın yüksək istedadını nümayiş etdirir, M.İ.Qlinka rus musiqisinə əzəmətli vokal irsi bəxş etmişdir: A.Puşkin, M.Y.Lermontov, V.Jukovski və digərlərinin sözlərinə yazılmış romanslar dünya musiqi sənətinin gözəl nümunələrindəndir. Bəstəkarın müasiri A.S.Darqomıjski özünün «Esmiralda» adlı operasında romantik cəhətləri əks etdirməklə, yaradıcılığının sonrakı çağlarında rus musiqisində realizmi güclündirərək xalq-məişət musiqi dramı olan «Su pərisi» operasını yaradır.

Haqqında təhlil apardığımız XIX əsr Rusiya ölkəsi tarixinin mühüm səhifəsini təşkil edir. Bu əsrin icti mai-siyasi, iqtisadi vəziyyətindəki dəyişikliklər onu bir neçə mərhələ üzrə səciyyələndirməyə əsas verir. Artıq əsrin II yarısında baş verən ictimai-demokratik canlanma, təhkimçilik hüququnun ləğvi, 60-70-ci illərdəki liber al islahatlar,sənayedə kapitalın inkişafı rus mədəniyyətinin tərəqqisi üçün də əlverişli şərait yaradırdı.

Kütlələrin maariflənməsi gündəlik ehtiyaca çevrilir. Əsrin ortalarında əhalinin 6%-i savadlı idi. İbtidai məktəblərin sayı 8227, burada təhsil alanların sayı isə, 450 minə çatmışdı. Lakin istər orta, istərsə də ali məktəblərdə oxuyanların 80%-ni dvoryanlar təşkil edirdi. Bu dövrdə tanınmış pedaqoqlar meydana gəlir – alim pedaqoq K.D.Uşninski (1834-1871) Rusiyada xalq məktəbi və elmi pedaqogikanın banisi olur.

Elm və texnikada yeni sıçrayış açıq-aydın hiss olunur – yeni elmi mərkəzlər açılır, alimlər öz kəşfləri ilə dünya elmini zəngişləşdirirlər. Dəqiq elmlər sistemində P.L.Çebışev (1831-1894), D.A.Qrave (1863-1939), D.İ.Mendeleyev (1834-1907), N.N.Zinin, A.M.Butlyarov (1828-1880), A.S.Popov (1859-1905), A.F. Mojayski (1825-1890), .E.Jukovski (1848-1921), K.E. Tsiolkovski (1857-1935) və b. dünyəvi kəşfləri ilə tanınmağa başlayır.

Humanitar elmlər sahəsində V.V.Bervi-Flerovski, İ.İ.Sreznevski, V.İ.Dal, S.M.Solovyov, V.O.Klyuçevski, .İ.Kostomorun adlarını çəkmək olar. Onların hər biri ədəbiyyat, dilçilik, tarix elmlərinin inkişafında çox dəyərli işlər görmüşlər.
Bu dövrün ədəbi nümayəndələrindən isə, dünya nəhəngləri sırasına daxil olan L.N.Tolstoy (1828-1910), F.M.Dostoyevski (1821-1881), N.S.Leskov (1831-1895), A.P.Çexov (1860-1904), V.Q.Korolenko (1853-1921), A.İ.Kuprin (1870-1938) və digərlərinin adlarını çəkmək lazımdır. Görkəmli yazıçı L.Tolstoyun «Uşaqlıq.

Yeniyetməlik. Gənclik.», «Hacı Murad», «İvan İliçin ölümü» povestləri, «Hərb və sülh», «Anna Karenina»,
«Dirilmə» romanları, «canlı meyit» kimi dram əsərləri, Dostoyevskinin «Alçaldılmışlar və təhqir olunmuşlar»,
«Cinayət və cəza», «İdiot», «Karamazov qardaşları» əsərləri təkcə rus ədəbiyyatı tarixində deyil, ümumiyyətlə,
dünya mədəniyyətində xüsusi yeri və əhəmiyyətli təsiri olan dəyərli sənət nümunələridir.
Bu dövrün musiqisi P.İ.Çaykovski (1840-1893), M.P.Musorqski (1839-1881), N.A.Rimski-Korsakov
(1844-1908), yeni əsrin əvvəllərinə təsadüf edən S.V.Raxmaninov (1873-1943), İ.F.Stravinskinin (1882-1971)
adları ilə bağlı idi. Bu bəstəkarlar dünya musiqi mədəniyyətinin ən oncül simalarıdır.
XIX əsrin II yarısında təsviri sənət sahəsində tənqidi realizmin görkəmli nümayəndələri yetişdi:

İ.N.Kramskoy (1837-1887), Q.Q.Myasoyedov (1834-1911), N.N.Ge (1931-1894), V.Q.Perov (1833-1882). On-
lar öz təşəbbüsü ilə «Səyyar rəssamlar» cəmiyyətini yaradaraq rus rəngkarlarının təbliğini qarşıya məqsəd qoydular. İlk sərgini 1871-ci ildə təşkil edən cəmiyyət rəngkarlıqdakı akademik kanonlardan tənqidi realizmə keçərək rus həqiqətlərinin, reallıqlarının təsviri ideyasının təbliğini gücləndirdilər. Tezliklə, bu cəmiyyətə
İ.E.Repin, V.İ.Surikov, V.E.Makovski, K.A.Savitski, V.D.Dolenov, A.M. və V.M.Vasnetsovlar, İ.İ.Levitan,
V.A.Serov kimi nəhəng rəssamlar daxil oldu.

Rus təsviri sənətində realizm İ.İ.Levitan, İ.E.Repin, V.İ.Surikov, V.A.Serov və heykəltəraşlar S.T.Konenkova, A.S.Qolubkinanın yaradıcılığında təzahür olundu.
İncə peyzajçı olan İ.İ.Levitanın (1860-1900) «Volqa axşamları», «Payız. Dəyirman», «İlk yaşıllıq. May», «Çinarlıq», «Qızıl payız», «Mart» tabloları dərin məzmun, mövzu sadəliyi, əşyaların maddiliyi, zahiri ciddiyyəti ilə dünya təsviri sənətində özünəməxsus yer tutmaqdadır.
İ.E.Repin (1844-1930) daha çox portret, məişət, peyzaj, tarixi janrlarda işləmişdir. Onun inqilabçı qəhrəman obrazlar qalereyası dövrünün yeniliklərindən idi: «Gözləmirdilər», «Təbliğatçının həbsi» tablolarında bu mövzunun şahidi olmaq mümkündür. Dövrünün müasirləri olan M.P.Musorqski, N.İ.Piroqov, M.İ. Qlinka, L.N.Tolstoy və digər məşhur şəxsiyyətlərin portretlərini çəkən Renin onların hər birinin daxili aləminin üzə çıxarılmasına çalışmışdı.
Beləliklə, rus mədəniyyəti tarixində qızıl dövr kimi səciyyələndirilən XIX əsr, həm də dünya sivilizasiyasına məhsuldar bir mərhələ kimi daxil olmuşdur.

Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010.

STAY CONNECTED

20,176FansLike
2,248FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...