Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Post date:

Author:

Category:

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini.

Müəllif: Stifen Bakster (ing. Stephen Baxter) – “Revolutions in the Earth: James Hutton” (red. Yerdəki inqilablar: Ceyms Hatn) və “True Age of the World” (red. Dünyanın həqiqi yaşı) kimi bestseller kitabların yazarıdır.

Bu gün dünyadakı ən yaşlı şəxs 114 yaşındadır (red. Məqalə yazılarkən ÜST tərəfindən qeydə alınmış ən yaşlı şəxs bu yaşda olub). Tısbağalar 150 ildən çox yaşaya bilirlər. 2007-ci ildə İslandiyada donmuş suların içində tapılan ilbizin 400 yaşdan böyük olduğu təxmin edilir və İsveçdəki bir ağacın təxminən 10000 yaşında olduğu düşünülür. Lakin bütün bunlar Dünyanın yaşı olan 4,5 milyard il kimi inanılmaz bir rəqəmlə müqayisə ediləndə fil və qarışqa nisbətində qalır. Gənc ulduz olan Günəşin ətrafında dönən qaz və toz buludunun toqquşub qatılaşması ilə 10 km-lik bir sahəyə yayılan “planetciklər” yarandı. Bu planetciklər də toqquşaraq daha böyük planetləri meydana gətirdilər və nəticədə, Günəşin orbitinə yerləşdilər. Lakin ən sadə quruluşlu tək hüceyrəli orqanizmlərin 3,8 milyard il əvvəl ortaya çıxmağı üçün yüz milyonlarla il gözləmək lazım idi. Bizim kimi modern insanların təkamülü belə 200.000 il əvvəl başladı. Bu da o deməkdir ki, Yerin keçmişini 24 saata sığışdıra bilsəydik, biz insanlar ancaq son dörd saniyədə varlıq səhnəsinə çıxmış olacaqdıq. Biz belə bu uzun zaman dilimini anlamaqda çətinlik çəkiriksə, bizdən əvvəlkilərin vəziyyətini təsəvvür edin. 1600-cü illərdə irlandiyalı yepiskop Ceyms Aşr (ing. James Ussher) o dönəmlərdə müraciət edə biləcəyi daha yaxşı bir qaynağa sahib olmadığı üçün Dünyanın yaşı haqqında fikir sahibi olmaq məqsədilə İncilə yönəldi. İncildə zikr edilən bütün xalqların tarixlərini bir-birinə əlavə edərək dəqiq tarixə çatdı: e.ə. 23.09.4004. Bu tarix bizə gülməli görünsə də, Dünyanın yaşını minlərlə ifadə edən tək şəxs Aşr deyildi. Dahi bir insan olan Nyuton e.ə. 4000-ci ili irəli sürərkən, astronom Yohan Kepler (ing. Johannes Kepler) Yerin e.ə. 3992-ci ildə yarandığını iddia edirdi.

Fosil oğurlayanlar

Kitablarda oxuduqlarını ciddiyə almayıb gözüylə gördüyünə inanan və XVII əsrdə yaşamış danimarkalı bioloq və geoloq Nikolas Steno (ing. Nicholas Steno) bütün Avropanı dolaşdı. Zamanının çoxunu insan bədənini araşdıraraq, əzələlərin işləməsi kimi mövzular haqqında qeydlər apararaq keçirdi. Səyahətləri zamanı bir çox alimlə əlaqə qurdu, hətta, Dekarta və onun göz yaşının haradan gəldiyi ilə bağlı olan nəzəriyyəsinə(red. Nəzəriyyənin adı bizə gülməli gəlsə də, göz yaşının mənbəyi olan qanın tərkibi hələ 20-ci əsrdə öyrənildi) qarşı çıxdı. Yerin yaşına dair araşdırmanı yenidən başladan Stenonun fosillər haqqındakı müşahidələri oldu. 1666-cı ildə iki italyan balıqçı Livorno sahilində böyük bir ov tutdular: bu, böyük bir köpək balığı idi. Toskana şahzadəsi heyvanın başının qoparılıb Stenoya göndərilməsini əmr etdi. Stenonun apardığı araşdırma köpək balığının dişləri ilə o günlərdə “dil daşları” adlanan şeylə bir oxşarlığın olduğunu ortaya çıxardı. Dil daşları qayaların içində təbii yoldan yarandığı düşünülən qəribə izlər idi. Bu “qəribə izlərə” artıq fosil deyirik. Fosillər çeşidli yollarla yarana bilər. Məsələn, dənizdə bir canlı öldükdə dənizin dibinə batır, leşyeyən balıqlar (məs, Corydoras cinsi) canlının ətli-canlı, yəni üzvi hissələrini yeyib qalanını bakteriyalar üçün ayırır. Yerdə qalanlar isə kalsium kimi minerallardan ibarət sərt qeyri-üzvi hissələrdi. Zamanla bu torf təbəqəsi ilə örtülür və mineralları daşıyan su onun içinə sızır, beləliklə, o sərtləşir və içi yapışqanla dolu süngərə bənzəyir. Steno Robert Huk (ing. Robert Hooke) kimi müasirləri ilə birlikdə fosillərin bir zamanlar Yerdə həyat sürən canlıların qalıqları olduğunu anladığı zaman doğru yolda irəliləyirdi. Fərqli qaya təbəqələrinin fərqli zamanlarda çökmüş torfların süxurlaşmasıyla yarandığını və bununla da, ayrı təbəqələrdəki fosillərin fərqli dövrlərdə yaşamış canlılara aid olduğunu ortaya çıxardı.

Modern geologiyanın atası

İnsanlar Yerin düşündüklərindən daha yaşlı ola biləcəyindən şübhələnməyə başladılar. Elə bu zaman Ceyms Hatn (ing. James Hutton) adlı bir şotland üzə çıxdı. Hatn modern geologiyanın əsl atasıdır. Yerin bir neçə min ildən daha yaşlı olduğunu, mövcudluğunun ən azından milyonlarla il əvvələ aid olduğunu sübut etdi. Hatn riyaziyyat və kimyaya maraq göstərirdi və bu istiqamətdə yola başladı, amma özünə Edinburq kənarında bir ferma miras qaldığı zaman geologiya ilə məşğul olmaq fikrinə düşdü. Ərazini gəzən vaxt ayaqlarının altındakı torpağın dağılmış süxurlardan yarandığını anladı. Dünyada eroziyanın dağıdıcı gücü ilə yanaşı yaradıcı gücünün də olduğunun fərqinə vardı. Hatn bu fikirdən yola çıxaraq süxur təbəqələrinin qabarmasının sübutlarını axtarmağa başladı. Hatn qranit girintilərini (red. qədim süxurların içindəki daha gənc süxur təbəqələrini) və daha önəmlisi, uyğunsuzluqları kəşf etdi. Bunlar dik duran bir kitabın üstündə eninə yerləşmiş bir kitab kimi altda uzanan və yeni təbəqələrin üstdə yerləşməsiylə birlikdə yuxarı qaldırılan və parçalanan süxur təbəqələri idi.

Uyğunsuzluqlar Yerin həm mərhələli formada aşınmadığını göstərir, həm də Yer qabığının qabarması və eroziya mərhələlərindən (ing. cycle of erosion) keçdiyini sübut edir, lakin təbəqələr arasına girən süxur kütlələri Yerin içindəki temperaturun sübutu idi. Ərimiş süxur kütləsini (red.yerin daxili istiliyi hesabına ərimiş süxur kütlələri, yəni, maqma nəzərdə tutulur.) Yerin üst qatlarına qaldıran təbii bir motor fikri radikal idi, amma Hatnın ağlına planetin daxilinin isti olmasından başqa bir şey gəlmirdi . “Plutonizm” (red. Yer kürəsinin iç qatlarında baş verən daxili partlayışlar) adlandırılan bu düşüncə “Nuh tufanı”na olan dini inancı dəstəkləyən, bütün süxurların “Böyük tufan”dakı suların çöküntüləri olduğunu iddia edən düşüncənin əsassız olduğunu göstərdi. Buxar maşınını yaradan Ceyms Uott (ing. James Watt) Hatnın yaxın dostu idi. Hatn Yerin böyük, isti bir maşın olduğu fikrini ortaya atdı. Süxurların yuxarı qalxmasını müasir geologiyada süxurlaşma (ing. rock cycle ) dediyimiz hadisənin sübutu olaraq görürdü.

 Hatn Edinburqdakı “Royal Society” ilə arasının yaxşı olmasına baxmayaraq, nəzəriyyələrinin tanınması dərdində olan bir adam deyildi. Uzun illər fikirlərini özündə saxlasa da, daha sonra, onları yazmağa başladı. Lakin 2000 səhifəni keçən 3 cildlik kitabı oxumaq asan deyildi. Hatnın elmə verdiyi töhfələr, əsasən, göz ardı edildi, bunun bir səbəbi uğursuz yazıçı olması, digər bir səbəbi isə nəzəriyyəsini dini terminlərlə ifadə etməsi idi ki, bu, o dönəm üçün dəbdə olmayan bir vəziyyət idi. Yerin dərinliklərinə baxdığı üçün Hatnı sevirəm. Gözlərini açdı, Britaniyanı dolaşdı və Yerin içində gördüklərindən Yer, onun yaşı və geoloji hadisələrə dair təməldə doğru bir görünüş yaratdı…

Bəs Hatn Yerin yaşıyla bağlı nə dedi? Dəniz yataqlarının dağ səviyyəsinə yüksəlməsinin çox yavaş irəliləyən uzun – bir neçə min ildən daha uzun – bir zaman kəsiminə yayılmış olduğu nəticəsinə gəldi. Lakin Uniformizm (ing. Uniformitarianism, Actualism or Doctrine of Uniformity) nəzəriyyəsində yanılırdı.

(red. Aktualizm (Iat.-actualis) və ya uniformizmtəbiət elmlərində istifadə olunan metodik yanaşmalardan biridir. Keçmiş geoloji dövrlərdə baş verən proseslərin müasir geoloji proseslərlə birbaşa əlaqəli olduğu fikrini irəli sürən cərəyandır. Uniformizm və ya aktualizm adlanan “geoloji prinsiplərin saxlanması” ideyasını geologiyaya Ceyms Hatn gətirmişdir. Hatn bu nəzəriyyə üzərində uzun müddət işlədikdən sonra ilk dəfə ikicildlik “Yer nəzəriyyəsi” traktatında bu nəzəriyyəni işıqlandırır. Daha sonra nəzəriyyə Çarlz Layel tərəfindən inkişaf etdirilir. Sözügedən nəzəriyyə bugünədək Yer kürəsini formalaşdıran qüvvələrin sadəcə bizim gördüyümüz qüvvələr olduğunu müdafiə edir, tufan kimi fəlakətləri nəzərə almırdı.)

Hatnın düşüncələrindən ilhamlanan bir başqa şotland Çarlz Layel (ing. Charles Lyell) “Principles of Geology” (red. Geologiyanın əsasları) adlı kitabında modern geologiya düşüncəsinin əsasını qoydu. Bu kitab gənc Çarlz Darvinin təbii seçmə nəzəriyyəsi haqqındakı düşüncələrinə təsir etdi.

Digər tərəfdən, nə Hatn, nə də Layel Yerin yaşına dair konkret bir rəqəm irəli sürdü, amma onların nəzəriyyələri Dünyanın yaşına milyonlarla illik bir perspektivdən baxmağa başlamış olan şəxslər arasında mübahisəni alovlandırdı

Tərcüməçilər: Fəridbəy Həsənli, Nəsrullah Hüseynov

Mənbə: Rezonans Toplusu

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....