Yerdən uzaqda həyat ola bilərmi? – Kosmik arayışda tək səs

Post date:

Author:

Category:

Yerdən uzaqlarda bir yerdə həyat vardırmı deyə bütün həyatım boyu maraqlanmışam. Varsa, görəsən, necədir? Bu həyat hansı meyarlardan yaranmışdır? Planetimizdəki bütün canlılar həyat (üzvi) molekullardan ibarətdir. Həyat molekulları karbon atomunun başlıca rol oynadığı mürəkkəb və mikroskopda görünən quruluşdadır. Həyatın başlamasından əvvəl Yer kürəsinin çöl kimi tənha və gildən ibarət olduğu bir dövr olub. İndi Yer kürəsində həyat qaynayır. Bu necə oldu, görəsən? Həyatın olmadığı vəziyyətdə karbon təməlinə əsaslanan həyat molekulları necə yarandı? İlk canlı varlıqlar necə yarandı? Həyat necə bir təkamül göstərdi ki, biz insanlar kimi mürəkkəb varlıqlar ortaya çıxdı? Öz kökünü araşdıra bilən varlıqlara necə çevrildik?

Karl Saqan

Və digər günəşlərin ətrafında dönən planetlərdə də həyat vardırmı? Kosmosun bir küncündə həyat varsa, bu Yer kürəsindəki kimi eyni həyat molekullarınamı əsaslanır? Digər dünyalardakı həyat Yer kürəsindəki kimidirmi? Yoxsa, başqa mühitlərə uyğunlaşdıqları üçün təəccüblü şəkildə dəyişiklikmi göstərirlər? Başqa nə düşünülə bilər bu mövzuda? Yer kürəsindəki həyatın xüsusiyyəti ilə digər dünyalarda həyat axtarışı eyni problemin iki üzünü təşkil edir. Biz elə bu axtarışın izindəyik.

Ulduzlar arasındakı olduqca geniş qaranlıq kosmosda qaz və toz buludları ilə üzvi maddə buludları yer tutur. Radioteleskop vasitəsilə buralarda sayı bir neçə dəstə üzvi  molekulunun varlığı müəyyən edilmişdir. Bu molekulların bolluğu həyat maddəsinin hər yerdə yayılmış olduğunu göstərir. Kifayət qədər bir zamanda həyatın başlaması və inkişafı, bəlkə də, qaçınılmaz bir kosmik hadisədir. Süd yolu qalaktikasındakı milyardlarla planetlərdən bəzilərində həyat, bəlkə, heç başlamayacaq. Bəzilərində başlaya və bitə bilər və ya heç bir zaman ən sadə şəklini belə keçə bilməz. Və bu dünyaların bir kiçik hissəsində isə bizdən daha ağıllı varlıqlar və inkişaf etmiş sivilizasiyalar inkişaf edə bilər.

Yer kürəsinin uyğun temperatur və su, atmosfer, oksigen və s.-ə sahib olmasının həyat üçün çox əlverişli mühit yaratması ilə bağlı şərhlərə zaman-zaman rast gəlirik. Belə düşüncə bəzən səbəblərlə nəticələri qarışdırmağa yol açır. Biz dünyalılar Yer kürəsinin mühit şərtlərinə uyğunlaşırıq, çünki burada təkamül etmişik. Daha əvvəlki həyat formaları (nəsli kəsilən canlılar) ətraf mühitə uyğunlaşa bilmədikləri üçün yox olub getdilər. Biz şərtlərə yaxşı uyğunlaşan orqanizmlərin varisləriyik. Ətraf mühit şəraiti daha fərqli olan bir dünyada təkamül edən orqanizmlər, heç şübhəsiz, həmin dünyanın avazına uyğun oxuyacaqlar.

Yer kürəsində yaşayan hər şey bir-biri ilə sıx əlaqədədir. Ortaq biokimyəvi quruluşa və ortaq bir təkamül mirasına sahibik. Bunun nəticəsi olaraq bioloqlarımızın araşdırma sahəsi çox məhduddur. Tək bir bioloji növü – həyat musiqisinin yalnızca bir hissəsini araşdırırlar. Minlərlə işıq ilinin içində var olan tək musiqi səsi bizimkidirmi? Yoxsa qalaktikanın həyat musiqisini təşkil edən milyardlarla fərqli səs harmoniyası varmı?

Yerdəki həyat musiqisinin kiçik bir hissəsinə bağlı hekayə danışmaq istəyirəm. 1185-ci ildə Yaponiya imperatoru (An Toku) 7 yaşında bir uşaq idi. O, Genki samurayları qəbiləsi ilə çiyin-çiyinə müharibəyə girən Hayke samurayları qəbiləsinin lider namizədi idi. Hər iki  qrup imperatorluq taxtında əcdadlarının üstünlüyü səbəbiylə haqq iddia edirdi. Son döyüş 24 aprel 1185-ci il  tarixində imperatorun da baş komandan gəmisində olduğu Yaponiyanın daxili dənizi Dan-no-urada baş verdi. Haykelər məğlub oldu və çoxu öldürüldü. Geriyə qalanlar da özlərini dənizə ataraq boğuldular. İmperatorun nənəsi sultan Nii, An Toku ilə birlikdə düşmənin əlinə keçməməyə qərar verdi. Başlarına nə gəldiyini Hayke hekayəsindən izləyək.

O il imperator 7 yaşında idi, lakin daha böyük görünürdü. O qədər sevimli idi ki, belinə qədər enən uzun və qapqara saçlarının örtdüyü üzündən işıq parıltısı saçılırdı. Təəccüblü bir ifadə ilə sultan Niidən soruşdu:”Məni hara aparırsan?”

Gözlərindən yaşlar axan sultan Nii gənc hökmdara dönərək onu təsəlli etdi və uzun saçlarını göyərçin rəngli şala doladı. Gözləri dolan kiçik hökmdar əllərini birləşdirdi. Əvvəlcə, başını şərqə çevirib Tanrı İse ilə vidalaşdı, sonra da qərbə dönərək Nembutsusunu (Buddhaya edilən dua) söylədi. Sultan Nii uşağı sinəsinə basıb “okeanın diblərindədir bizim sarayımız” deyə mırıldandı. Beləcə, dalğalar arasından birlikdə dənizin dibinə yollandılar.

Haykelərin bütün heyəti məhv oldu. Yalnız 43 qadın sağ qaldı. İmperatorluq sarayında xidmətçilik etmiş olan bu qadınlar dəniz döyüşünün aparıldığı yerin ətrafında balıqçılara çiçək satmağa və onlara yaxınlıq göstərməyə məcbur edildilər. Haykelər tarix səhnəsindən itib getdi. Yeri gəlmişkən, saray xidmətçilərinin balıqçılardan dünyaya gətirdiyi uşaqlar döyüş gününü anma festivalı təşkil etdilər. Bu günədək hər 24 aprel günü festival təkrarlanır. Haykelərin nəvələri olan dənizçilər boğulan imperatorun xatirə qəbrinin olduğu Akama məbədinə gedirlər. Orada Dan-no-ura dəniz döyüşünün təsvir edildiyi bir oyunu izləyirlər. Aradan əsrlər keçdikdən sonra belə insanlar burada samuray ordusunun ruhlarını qandan və məğlubiyyətdən təmizləmək üçün dənizə doğru qaçdıqlarını görmüş kimi olurlar.

Balıqçılar Hayke samuraylarının dənizin dərinliklərində xərçəng formasında üzdüklərini deyirlər. Həqiqətən də, burada bellərindəki girintili-çıxıntılı formaları ilə samuray üzünü xatırladan xərçənglər vardır. Bunları tutan balıqçılar təkrar dənizə atırlar. Yenidən dənizə atmalarının səbəbi Dan-no-ura hadisələrinin acısını yad etmələridir.

Bu əfsanə maraqlı bir problemə yol açır. Necə olur ki, bir döyüşçünün üzü bir xərçəngin qabığına həkk ola bilir? Bunun cavabı o üz şəklini xərçəng qabığına insanların köçürməsidir, yəni əlavə məna yükləmişik . Xərçəngin qabığındakı formalar irsən ötürülüb. Lakin insanlarda olduğu kimi, xərçənglərdə də bir çox irsi müxtəlilik vardır. Deyək ki, təsadüf nəticəsində bu xərçəngin çox qədim növləri arasından biri az da olsa, insan üzünə bənzər bir halda təkamül edib. O zaman balıqçıların Dan-no-ura döyüşü mövzusu olmadan da insan üzünü xatırladan bir xərçəngi yemək istəməyəcəyini deyə bilərik. Balıqçılar tutduqları xərçəngləri yenidən dənizə atmaqla təkamül nəzəriyyəsinin bir hissəsini həyata keçirmiş olurlar. O da budur: əgər bir xərçəng adi bir qabığa sahibdirsə, insanlar onu yeyirlər və o xərçəngin nəslindən gələnlərin sayı azalır. Əgər qabığı insan üzünü xatırladırsa, xərçəng yenidən dənizə atılacağı üçün o xərçəngin nəslindən olanlar daha yüksək saylara çıxacaqlar. Xərçənglər belə qabıqlara sahib olmaqla mühitə uyğunlaşmışdılar. Xərçəng və insan nəsilləri zaman keçdikcə samuray üzünə ən çox bənzərlik göstərən qabıqlıların həyatlarını davam etdirməsinə imkan vermişdir. Bütün bu faktların xərçənglərin istəyi ilə bir əlaqəsi yoxdur. Samuray üzünə bənzədiyiniz an həyatda qalmaq ehtimalınız artır. Sonunda, samuray üzünə bənzər qabıqlıların sayı xeyli çoxalacaqdır.

Bu müddətə süni yox, təbii seçmə deyilir. Hayke xərçəngi faktı balıqçıların şüursuzca davranışları nəticəsində ortaya çıxmışdır. İnsanların hansı bitkilərin və ya heyvanların həyatlarını minlərlə il davam etdirmələri və ya etdirməmələri məsələsində seçim etdikləri hallar da var. Özümüzü tanıdığımız gündən etibarən ətrafımızda ferma heyvanları və  müəyyən əhliləşmiş heyvanlarla qarşı-qarşıya gəlirik. Ətrafımızdakı meyvələr, tərəvəzlər və ağaclar da bu qəbildəndir. Bəs bunların yaranması necə baş verib? Bu mərhələyə haradan gəliblər? Görəsən, bir zamanlar vəhşi heyvan və ya yabanı bitki olan bu canlılar fermanın həyat şərtlərinə öz istəkləriləmi öyrəşdirildilər? Xeyr, həqiqət tamamilə başqadır. Bunların çoxunu bugünkü vəziyyətə gətirən bizlərik.

On minlərlə il əvvəl ferma inəyi, tazı (uzun ayaqlı,incə bədənli, sürətli qaçan it cinsi) və ya qarğıdalı sütülü yox idi. Bu heyvanların və bitkilərin nəsillərini əhliləşdirərkən istehsalını da yönləndirdik. İstehsal gücünü idarə etdiyimiz bu canlıların qədim nəsilləri başqa görünüşdə idilər. Çünki bizlər bu canlılarda öz məqsədimizə uyğun olan əlamətləri seçib, ancaq o əlamətləri daşıyan nəsilləri saxladıq. Qoyunlarımızın mühafizəsi üçün istifadə edəcəyimiz iti yetişdirmək üçün oyanıq, itaətkar və sürü otarmağa uyğun olan növlərini seçdik. Ferma inəklərinin böyük və enli məmələri insan övladının südə və pendirə olan ehtiyacının nəticəsidir. Bizim bu gün yediyimiz qarğıdalı çəlimsiz olan ilk növündən bugünkü dadını və yüksək kalori dəyərini qazana bilməsi üçün on minlərlə il yetişdirilmişdir. Nəticədə, ilk halından elə uzaqlaşdı ki, indi artıq insan övladının müdaxiləsi olmadan öz-özünə yetişmir.

İstər Hayke xərçəngi, istərsə də bir it, mal-qara və ya qarğıdalı üçün olsun ümumilikdə süni seçmənin prinsipi budur: bitkilərin və heyvanların çoxunun fiziki və davranış xüsusiyyətləri irsidir. Onlar buna uyğun yetişirlər. İnsanlar bu və ya digər səbəblə bəzi növlərin yetişməsinə kömək edir, bəzi növlərin yetişməsini isə istəmirlər. Yetişməsi istənilən növ çoxalır, istənməyən növ isə azalır, hətta, növün tükəndiyi də olur.

Bəs əgər insanlar yeni bitki və heyvan növləri yetişdirə bilirsə, təbiət də eyni şeyi etməli deyilmi? Bu prosesə təbii seçmə deyilir. Həyatın çox uzun zaman aralıqları boyunca dəyişməyə məruz qalmış olduğu, insan övladının Yerdəki qısa iqaməti müddətində heyvanlar və bitkilər üzərində apardığı dəyişikliklər fosillərdən (qalıqlar) açıqca görünür. Fosillər bizlərə bir zamanlar Yer kürəsində var olan, amma artıq nəsli kəsilən canlılara aid məlumatlar verir. Halhazırda var olan növlər qədər, bəlkə də, daha çox növ yox olmuşdur, çünki onlar təkamülün həyat təcrübələrinə tab gətirməmişdir.

Əgər süni seçmə qısa bir müddətdə bu qədər böyük dəyişikliklərə yol aça bilirsə, milyardlarla ildən bəri işləyən təbii seçmə nələr edə bilər? Bunun cavabı bioloji dünyanın gözəlliyi və müxtəlifliyində yatır. Təkamül bir nəzəriyyə deyil, bir faktdır.

Təkamülün təbii seçmə kimi bir mexanizmlə işlədiyini deyən Çarlz Darvin  və Alfred Rasl Uolles (ing. Alfred Russel Wallace) oldu. Təxminən yüz il əvvəl bu iki şəxs hamısı bir arada yaşaya bilməyəcək qədər çox sayda heyvan və bitkinin yetişdiyini və beləliklə, mühitin ehtimalən həyatda qalmağa daha uyğun olan növləri seçdiyini vurğuladılar. İrsiyyətdə ani dəyişmələr olan mutasiyalar təkamülün xam maddəsini təşkil edir. Bəzi fərdlərdə olan mutasiyalar onların lehinə işləyərək onları mühitə uyğunlaşdırır və bunun nəticəsi olaraq mühitdə bir həyat formasından başqa bir həyat formasına doğru yavaş şəkildə bir keçid baş verir ki, bu da yeni növlərin var olmasına yol açır.

Darvin “Növlərin mənşəyi” adlı kitabında belə yazır:

“İnsan yeni bir növ yarada bilməz. Etdiyi şey sadəcə üzvi varlığını bilmədən yeni mühit amillərinə məruz qoymaqdır. Bunun nizamlanması üçün çalışan təbiət müxtəlifliyə gətirib çıxarır. İnsan özünə təbiət tərəfindən təqdim olunan müxtəlif əlamətləri öz məqsədi üçün seçə bilər və  seçir də. Beləliklə, seçdiyi bu əlamətlərə istədiyi kimi sahib olmağa çalışır. Misal üçün öz faydası, yaxud zövqü üçün heyvan və ya bitkiləri müxtəlif formaya salmasını demək olar. Bunu halhazırda müəyyən bir üsul tətbiq edərək istədiyi əlaməti seçdiyi kimi, özünə ən yararlı gördüyünü qoruyaraq həm kortəbii əhilləşdirməklə, həm də nəsillərini dəyişdirmədən də edə bilər… Hamısı da həyatda qala bilməyəcək qədər çox fərd dünyaya gətirir. Bir-birilə rəqabətə girən varlıqların yaş və ya mövsümi üstünlüyü, yaxud mühitin fiziki şərtlərinə uyğunlaşması onların varlığını müəyyən edir.”

Təkamülün XIX əsrdə ən təsirli müdafiəçisi və onu xalqa təqdim edən Huksli (T.H. Huxley) Darvinlə Valasın yayımladıqları yazıların “özünü gecənin qaranlığında itirmiş insana birdən yolunu aydınladan bir işıq saçdığını, bu işığın insanı əsl hədəfinə çatdırmasa belə, bu hədəf istiqamətində ona yol göstərdiyini” söyləyir. Daha sonra Huksli (Huxley) belə deyir:

“Növlərin mənşəyi yazısındakı fikrin özünü qavradığım an “bunu daha əvvəl düşünməmək necə də axmaqlıqdır!” dedim. Məncə, Xristofor Kolumbun dostları da buna bənzər şeylər demişdilər. Metamorfoz faktı, var olmaq mübarizəsi və şərtlərə uyğunlaşmaq onsuz da məlum şeylər idi. Lakin növlər probleminin kökünə enən yolun bunlardan keçdiyini Darvin və Valas qaranlığa işıq tutanadək heç birimiz dərk edə bilmədik.”

Təkamül və təbii seçmə fikirləri qarşısında çox insan heyrətə düşdü. Hələ də düşənlər var. Əcdadlarımız Yerdəki həyat mexanizminin nizamına, orqanizmlərin quruluşlarının iş prinsipinə baxaraq bunda bir Böyük İxtiraçı gördülər. Ən sadə quruluşlu təkhüceyrəli orqanizm belə ən mükəmməl cib saatından daha mürəkkəb mexanizmdir. Saatların parçaları özbaşına bir araya gəlmədiyi kimi, əcdadlarımızın saatları da kiçik mərhələlərlə öz-özlərinə bu günki saatlara çevrilə bilməzlər. Saatın bir yaradıcısı vardır. Atomlarla molekulların bu cür heyrətverici mürəkkəblikdə və düzgün iş prinsipi olan orqanizmlər yaratmaq üzrə necəsə bir araya gəlmələrinə ehtimal verilmirdi. Hər canlının xüsusi olaraq həmin halıyla yaradıldığı bir növün başqa bir növə təkamül edə bilməyəcəyi düşüncəsi əcdadlarımızın həyat haqqındakı məhdud məlumatları ilə üst-üstə düşürdü.  Hər orqanizmin bir böyük yaradıcı tərəfindən ehmalla yaradıldığı düşüncəsi təbiətə bir məna və nizam yaratmaqdan başqa insanların üzərində hələ də həssaslıq göstərdikəri bir məna qazandırmışdı. İxtiraçı və ya Yaradıcı düşüncəsi, təbii və bioloji dünyanın insan tərəfindən izah edilməsini təmin edən düşüncədir. Lakin Darvinlə Valasın göstərdiyi kimi eynilə diqqətçəkici, humanist və daha çox inandırıcı bir düşüncə yolu daha var; o da uzun zaman aralıqlarının keçməsi ilə həyat musiqisini daha gözəl edən təbii seçmədir.

Fosillərin verdiyi sübutlar bir Böyük İxtiraçı düşüncəsinə uyğun gələ bilər. Deyək ki, Yaradıcı yaratdığı bəzi növlərdən məmnun qalmayıb o növləri yox edib, daha yaxşıları üçün təcrübələrə girişir. Belə bir anlayış sağlam olmaz. Çünki hər bitki və heyvan üzərində dəqiqliklə çalışılaraq meydana gətirilmişdir. Hər şeyə qadir Böyük Yaradıcının yaratdığı bir sonrakı növü əvvəlcədən yaratmış olması gərəkməzdimi?

1950-ci illərin əvvəlində hələ universitet tələbəsi olarkən genetik mütəxəssis Müllerin (H.J.Muller) laboratiyasında da işləmə imkanına nail olmuşdum. Müller radiasiyanın mutasiyalara yol açdığını tapan məşhur elm adamıdır. Müller süni seçmə nümunəsi olaraq diqqətimi ilk dəfə Hayke xərçənglərinə çəkən ilk şəxsdir.

Darvin-Valasın fikirlərinə qarşı çıxılmasının səbəbi minlərlə illik zamanın keçməsi faktının göz önündə tutulmamasıdır. 70 milyon il bunun ancaq milyonda birini yaşayan insan üçün nə ifadə edir? Yalnızca bir günlük və günü sonsuzmuş kimi anlayan kəpənəklərə bənzəyirik. Yer kürəsində olub bitənlər digər bir çox dünyada həyat təkamülünə bağlı hadisələrin az-çox eynisidir, bəlkə də. Ancaq zülal quruluşu və ya beyin nevrologiyası kimi detallar baxımından Yer kürəmiz üzərindəki həyat tarixi bütün qalaktikada yeganə ola bilər. Üzərində yaşadığımız Yer kürəsi 4 milyard 600 milyon il əvvəl ulduzlararası qaz və tozun qatılaşmasından yarandı. Fosillərin verdikləri məlumatlardan öyrənirik ki, həyatın başlanğıcı bundan az sonra ilkin su toplusunda və okeanlarda ortaya çıxdı. Həyat nümunəsi daşıyan ilk şeylər təkhüceyrəli orqanizmin mürəkkəbliyindən çox uzaq idi. Çünki təkhüceyrəli orqanizm olduqca təkmilləşmiş bir həyat forması sayılır. İlk həyat titrəşimləri çox təvazökar idi. Yer kürəsinin o ilk günlərində şimşək və Günəşdən gələn ultrabənövşəyi şüalar ilkin atmosferin hidrogen tərəfindən zəngin, sadə molekullarını ayırır, ayrılan parçalar isə qısa zamanda mürəkkəbləşən molekullara çevrilirdi. Və bir gün tamamilə təsadüf nəticəsində bir molekul digər molekulları struktur daşları olaraq istifadə edərək kobud surətlərini çıxara bildi.

Tərcüməçi: Fəridbəy Həsənli

Redaktor: Turqut Ağayev

Məqalə “Rezonans Toplusu 1” kitabı üçün tərcümə edilmişdir.

STAY CONNECTED

19,697FansLike
2,179FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Turqut Ağayevhttp://rezonanss.com
Xəzər Univerisitetində təhsil alır. Maraq dairəsində olan sahələr: Astronomiya, İnformasiya Texnologiyaları, Fəlsəfə

Mühəndis sözünün etimologiyası və formalaşması (Ensiklopedik bilgi)

Mühəndis sözünün ingilis dilində hərfi mənasını daşıyan “engineer” sözü “to engine” felindən yaranmışdır. “Engine” və “ingeniouse” sözləri “yaratmaq” mənasını daşıyan (to create) latın sözü olan “ingenerate” sözündən yaranmışdır....

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...