“Yuxugörmənin açıq məzmunu”

Post date:

Author:

Category:

Biz bilirik ki, yuxu beyinin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bunun ümumi anlamda yuxunun tərifi olduğunu bilirik və bu məlumat bizə yuxu nədir sualına cavab verə bilər lakin, yuxugörmə nədir sualına cavab axtarsaq cavabımızı bu məzmun ilə almaqda çətinlik çəkəcəyik. Biz bu yazıda yuxugörmənin psixolojik və daha çox şüuraltı tərəfinə toxunacayıq daha doğrusu yuxu görmənin açıq məzmununu Freyd texnikası vasitəsi ilə, Freydin anlatımından araşdıracayıq.

Yuxugörmənin məzmununu yozmaq üçün tapdığımız texnikaya gəlincə, biz onun
yardımı ilə yuxugörən kimsənin öz duyğularına sərbəstlik verməyə yönəltməklə, onu
baxdığımız yuxugörmə elementi ilə əlaqəli əvəzedicilər sırası tapmağa gətirib
çıxarırıq və bu əvəzedicilərin yardımı ilə yuxugörmənin gizlin qalan məzmununu
aydınlaşdırmağa çalışırıq.

Gəlin yuxugörmənin “gizli, əlçatmaz, gerçək məzmunu” yerinə yuxugörənin şüurunun çata bilmədiyi, yaxud da şüurdan kənar (şüuraltı -unbewubt) terminini işlətməyə başlayaq.Bu terminlə biz (unudulmuş sözlərlə və ya yanlış davranışlardakı pozucu niyyətlərdə olduğu kimi) baxılan andakı şüuraltını göz önündə tuturuq. Dediyimiz bu “şüuraltındakı” termininə qarşı isə yuxugörmənin araşdırdığımız elementi, habelə onun əvəzediciləri dayanır, bunlar isə sərbəst və əlaqələndirici duyğuların yardımı ilə şüurlu olaraq yaranırlar. Ortaya çıxardığımız bu yeni termin hansısa yeni nəzəriyyə qurulması üçün deyildir.

Biz “şüuraltındakı” termini ilə danışıqdıqlarımızı daha anlaşılır etməyə çalışırıq və düşünürəm ki, bu hər hansısa çaşqınlıqlara və həmin terminə qarşı qarşıdurmalara gətirib çıxarmayacaqdır. Biz yuxugörmənin ayrıca götürülmüş elementi ilə bağlı anladıqlarımıza arxalanıb yuxugörməni bütövlükdə anlamağa çalışsaq, onda yuxugörmələrin şüuraltındakı nələrinsə korlanmış əvəzedicisi olduğu düşüncəsinə gəlib çıxacağıq və yuxugörmənin yozumu da bu, şüuraltındakı nələrisə tapmaq demək olacaqdır.

Burada üç önəmli qayda yaranır və biz gərək yuxugörmələri yozanda onlardan kənara çıxmayaq:

  1. yuxugörmənin aydın yoxsa qarmaqarışıq olduğuna önəm verməyə gərək yoxdur, onsuz da o bütün durumlarda şüuraltındakı gerçəyin özü deyil, onun əvəzedicisidir (bu qaydanın təsir çevrəsi öz-özlüyündə aydındır);
  2. yuxugörmənin hər bir elementi üçün əvəzedicilərin tapılması üzərində var gücü ilə çalışmaq və bu zaman tapılan əvəzedicilərin yuxugörmənin baxılan elementi ilə məzmunca uyğun gəlib-gəlmədiyini tutuşdurmaqdan qaçmaq, onu bu meyar ilə saf-çürük eləməyə çalışmamaq, yoxlamamaq gərəkdir;
  3. gizli qalan, şüuraltındakı gerçək məzmun özü yavaş-yavaş gəlib üzə çıxana kimi dözmək və gözləmək gərəkdir.

Yuxu yozmalarını siz öz yuxularınızın da, başqalarının yuxularının da üzərində apara bilərsiniz. Öz yuxugörmələriniz üzrə aparılan araşdırmalar daha güvənli məlumatlar üzrə aparıldığından, buradan daha çox şey öyrənmək olur. Bu işə başlayanda isə öz içində yuxugörməni yozmağa qarşı dirənən duyğuların doğulduğunu anlamağa başlayırsan. Yuxu yozumu ilə bağlı düşüncələr yaransa da, sən onların çoxuna önəm vermək istəmirsən. Yaranan düşüncələri yoxlayıb onların içində seçim aparırsan. Bir düşüncə ilə bağlı özünə deyirsən: yox, bu, bura üçün deyil, bu vəziyyətə uyğun gəlmir. Bir başqası üçün deyirsən: bu, həddən artıq anlamsızdır. Üçüncüsü üçün isə deyirsən: bu lap önəmsizdir. Və çox keçmədən düşüncələrin çoxunu, sonacan aydınlaşdırmadan, danmağa başladığını anlayırsan.

Beləliklə də, bir yandan yuxugörmənin ilk seçdiyin elementinin asılılığına qapılırsan, başqa yandan da apardığın seçim əlaqələndirici düşüncələrin sərbəst olaraq yaranmasının qarşısını almağa başlayır. Birdən öz yuxunu təkbaşına yox, kiminsə yardımı ilə yozursansa, onda düşüncələri özündən uzaqlaşdırmağına da haqq qazandırmağa başlayırsan. Ağlına gələn bir sıra düşüncələrinlə bağlı deyirsən: yox, bu düşüncə çox xoşagəlməzdir, mən bunu başqasının bilməsini istəmirəm (yaxud başqasına deməyi bacarmıram). Belə dirənişlər bizim gördüyümüz işin uğura çatmasının qarşısını açıq-aydın bir şəkildə almağa başlayır.

Yuxunu yozarkən şəxs, sərbəst şəkildə yaranan düşüncələrinin heç birini önəmsiz saymamalı, onların mənasız olduğunu düşünməməli, onların baxılan araşdırmaya yararsız olduğunu saymamalı və onları, xoşagəlməz olduğu üçün açıb deməkdən çəkinməməlidir. Düzdür o sizin bu şərtlərinizi yerinə yetirəcəyinə söz verir, ancaq sonradan onun bu sözünün üstündə heç də yetərincə durmadığını da sezirsiniz.

Öncə onun bu yanlışlarını yuxugörmə ilə bağlı doğulan əlaqələndirici düşüncələrinin necə dəyərli olduğunu özü üçün yaxşı aydınlaşdıra bilmədiyinə yozursan, sonra düşünürsən: yoxsa onun bu mövzu ilə bağlı nəzəri biliklərini artırmaq, ona bununla bağlı elmi ədəbiyyat oxutdurmaq, onu mühazirələrə göndərmək yaxşı olardı? Bununla da o, bizim yuxugörmə ilə bağlı yaranan sərbəst düşüncələrin dəyərli olması ilə bağlı dediklərimizə inanmağa başlayardı. Ancaq bir az düşünüb, bu yoldan əl çəkməli olursan, özünün də yuxugörmənin yozumu ilə bağlı işlənilən texnikaya ürəkdən inandığına baxmayaraq, yuxugörmə ilə bağlı yaranan sərbəst düşüncələrini danmağa yönəlik olduğunu xatırlayırsan və çox vaxt bunları da aradan qaldırmaq üçün başqasının yardımından yararlanmalı olduğunu anıb, belə yanaşmanın uğur qazanmayacağını anlayırsan.

Yuxugörənin bizim sözümüzə yetərincə qulaq asmamağından inciməkdənsə, gəlin onun özünü belə aparmasının səbəbini aydınlaşdıraq və bundan bizim indiyədək önəm vermədiyimiz bir sıra yenilikləri öyrənməyə çalışaq. Göründüyü kimi, yuxuyozma üzrə görülən iş onun yozulmasına qarşı yaranan dirənişləri (Widerstand) adlayaraq aparılır və bu dirənişlərin yaranması da işin gedişində gözdən yayınmamalıdır.

Özü də yuxugörən kimsədə bu dirənişlərin yaranması onun bizim irəli sürdüyümüz nəzəri baxışlara inamından asılı deyildir. Bu bir yana qalsın. Sınaqların göstərdiyinə görə, bu dirənişlərdə yürüdülən düşüncələr bütün durumlarda yanlış olurlar. Hətta belə sıxışdırılan, yuxunu yozmaqdan uzaqlaşdırılan düşüncələrin hamısı bütünlüklə şüuraltındakı gerçəyi öyrənə bilmək üçün ən önəmli və ən dəyərli düşüncələrdir. Hansısa düşüncə belə dirənişlərlə qarşılaşırsa, bu onun yuxu yozma işinə daha çox yaraya biləcəyinin göstəricisidir.

İrəli sürdüyümüz fərziyyələrdə ona yer ayırmasaq da, ancaq elə bu fərziyyələr üzrə araşdırmalarda üzə çıxan bu dirəniş bizim üçün büsbütün yeni bir fenomendir. İndi biz yürütdüyümüz mühakimələrdə özünün dinamikliyi ilə gözə çarpan dirənişlərlə bağlı anlayışlardan da yararlanmağa başlayırıqsa, onda bu dirənişlərin sayca dəyişkənliyini də gözdən qaçırmamalıyıq. Onlar sayca az, ya da çox ola bilərlər və biz də işimizin gedişində üzə çıxan bu fərqliliklə qarşılaşanda özümüzü itirməməliyik. Ola bilsin, bu dirənişləri öyrənməyimiz bizim yuxuyozma işimizə yarayan daha bir təcrübə qazanmağımıza yarasın.

Bir də görürsən, təkcə bir, yaxud da iki-üç düşüncə yuxugörmənin baxılan elementindən şüuraltındakına keçmək üçün yetərli olur, ancaq başqa durumlarda bu işi görə bilmək üçün çox uzun əlaqələndirici düşüncələr tapmaq və uzun bir sıra dirənişləri adlamaq gərək olur. Biz burada yaranan fərqlərin dirənişlərin sayından asılı olduğunu desək, məncə,
heç də yanılmarıq. Dirəniş gözəçarpacaq deyilsə, onda yuxugörmənin elementi də şüuraltındakı gerçək məzmundan çox az fərqlənəcəkdir; böyük dirənişlər isə şüuraltındakının daha çox korlanmış bir durumda yuxudakı əvəzedicisinə çevrildiyini göstərir və bu əvəzedicidən onun özünə qayıda bilmək üçün də çox uzun və dolanbac bir yol keçmək gərək olur.

Yuxugörməni birbaşa yoxmaqdansa onun ayrı-ayrı elementlərini tapmaq üçün araşdırmalara baxaq.

1) Bir xanımın danışdığına görə o, uşaqlıq çağlarında tez-tez yuxusunda Tanrını başına şiş uclu kağız papaq qoymuş durumda görürmüş. Sizcə, burada yuxugörənin özünün yardımı olmadan nəyisə aydınlaşdırmaq olarmı? Axı bu yuxugörmə büsbütün mənasızdır. Ancaq xanımı danışdırdıqca bu mənasızlıq yoxa çıxır. Sən demə, bu xanım uşaq olanda yemək stolunun arxasında onun başına belə bir şiş uclu kağız papaq qoyurlarmış, bunun isə çox qəribə bir səbəbi varmış: bu xanım uşaq olanda acgözlük eləyərək stol arxasında onunla yanaşı oturmuş qardaş-bacılarının boşqablarına göz qoyar, onlara özündən çox yemək qoyulub-qoyulmamasına nəzər yetirərmiş, böyüklər də onun gözlərini qıraqdan örtən bu papaqla uşağın pis vərdişini aradan qaldırmaq istəyirlərmiş. Ən başlıcası, bu xanım yuxugörməsini yozmaq üçün lazım olan bu bilgini gecikdirmədən açıb demişdi. Yuxugörmənin bu elementini və ona arxalanaraq bütün yuxunu yozmaq çətin deyildir, görünür, bu yuxugörmə uşağın belə bir düşüncəsindən yaranmışdı: “Böyüklərin deməsinə görə, Tanrı hər şeyi bilən və görəndir, indi bu böyüklər nələrisə mənim baxışlarımdan gizlətmək istəyirlər, ancaq onlar bərk yanılırlar, mən də Tanrı kimi hər şeyi bilən və görənəm”. Gətirdiyimiz bu yuxugörmə örnəyi, ola bilsin, sizə çox sadə görünəcəkdir. Gəlin daha çətin görünən başqa bir örnəyə baxaq.

2)Bir vasvası xanım uzun bir yuxu görür və yuxusunda bizim ortaq tanışlarımız olan adamlar ona mənim “İtiağıllılıq” kitabımla bağlı danışır, onu bərk tərifləyirlər. Sonra o, dumanlı şəkildə hansısa “Kanal” sözünü xatırlayır və dediyinə görə, deyəsən, bu da hansısa kitabın adı kimi çəkilmişdi, danışığın bu bölümündə hansısa kanaldan, yaxud kanalla bağlı nədənsə söz açılmışdı, ancaq o bu yeri yaxşı xatırlamır… kanalla bağlı nə üçün söz açıldığı da onun üçün aydın deyildir. Siz sözsüz yuxugörmədəki “kanal” elementinin çox anlaşılmaz olduğunu və
buna görə də yuxunun yozula bilməyəcəyini düşünürsünüz. Buradakı çətinliyi düzgün dəyərləndirirsiniz, ancaq yuxunun yozumunu çətinləşdirən bu elementin anlaşılmazlığı deyil, tərsinə, bu elementin anlaşılmazlığını doğuran yuxugörmənin özünün yozulmasındakı çətinliklə bağlıdır: yuxugörənin ağlına bu “kanal” elementi ilə bağlı heç bir düşüncə gəlmədiyi üçün də belə bir durum yaranır; sözsüz, burada mən də heç nə deyə bilmirəm. Bir az sonra, daha doğrusu, ertəsi gün bu xanım “kanal” elementinin onun ağlına necə gələ biləcəyini mənə bildirdi. Daha doğrusu, bu sözü necə eşitdiyini xatırladı. Haçansa ona belə bir gülməcə danışıblarmış: Duvrla Kale arasında üzən paroxodda tanınmış bir yazıçı ilə bir ingilis danışırlar, birdən bu ingilis bəlli olan bu sözü sitat gətirir: “Du sublime au ridicule il n, y a quun pas (Böyüklüklə gülünclüyün arası bir addımlıqdır). Tanınmış yazıçı deyir: Qui, le pas de Calais (Elədir, sizdən Kaleyə bir addım ancaq olar). Bununla yazıçı Fransanın böyük bir
ölkə, İngiltərənin isə gülünc olduğunu demək istəyir. Axı doğrudan da, Pas de Calais İngiltərə ilə Fransanı ayıran Canal la manche (Lamanş boğazı-kanalı) sahilində Fransa tərəfdə yerləşir və bu şəhərin limanından İngiltərənin Duvr şəhərinə bərələr işləyir.

Bilirəm, siz indi soruşmaq istərdiniz: mən bu düşüncələrin baxdığımız yuxugörmə ilə
bağlı olduğunu düşünürəmmi? Elədir, mənim düşüncəmə görə bu söz yuxugörmənin
yozumunda qarşılaşdığımız anlaşılmazlığı aydınlaşdırmaq üçün işimizə yarayacaqdır. Yoxsa siz bu gülməcənin baş verən yuxugörməyədək bilindiyinə və buradakı “kanal” elementinin şüurdışında özünə yer elədiyinə inanmır, xanımın bununla bağlı düşüncəsinin sonradan yarandığını düşünürsünüz? Xanımın yuxugörmə ilə bağlı ağlına gələn bu düşüncə onun özünün də şübhə ilə yanaşdığı və şüuraltındakı gizlənən həzləri ilə bağlıdır. Onun bu düşüncəsini üzə çıxmağa qoymayan dirənişi isə yuxugörmənin belə anlaşılmaz olmasının başlıca səbəbidir. Bu durumda yuxugörmənin elementi ilə onun şüuraltındakı gerçək məzmununun asılılığını düşünsəniz, elə bilirəm, özünüz üçün çox şeyləri aydınlaşdıra bilərsiniz… Bu element şüuraltındakı məzmunun bir qırıntısıdır, onun varlığından soraq verir. Biz yuxugörmə
ilə bağlı yarımçıq bilgi aldığımızdan, onu yuxugörmənin bütövlüyündən ayırdığımızdan, o bizim üçün belə, büsbütün anlaşılmaz qalmışdı.

3) Yuxugörən tanışı olan bir xanımı çarpayının altından tapıb çıxarır. O özü bu yuxugörməsinin nə demək olduğunu elə ilk düşüncəsi ilə açıqlayır: sən demə, o bu xanıma çox böyük sayğı bəsləyirmiş və həmişə onu öz gözündə ucaltmağa çalışırmış.

4) Başqa birisi yuxusunda qardaşının yeşiyin içində ilişib oradan çıxa bilmədiyini görür. Yozum zamanı onun ağlına gələn ilk düşüncə yeşiyi şkafla əvəzləmək olur, sonra o bu ikinci, əvəzedici sözə görə yuxusunu özü yozur: doğrudan da, onun qardaşı özünə qapılan, başqaları ilə ünsiyyətdən qaçan birisidir.

5) Yuxugörən dağın təpəsinə qalxır, oradan onun gözləri qarşısında ənginlərədək uzanıb gedən gözəl bir görünüş açılır. Göründüyü kimi, bu yuxu çox ağılabatan görünür və eləbil, burada yozmalı bir nəsnə də yoxdur, ancaq bu yuxugörmənin hansı xatirələrdən doğulduğunu öyrənəndə bunun heç də belə olmadığı bəlli olur, sən demə, bu yuxugörmənin yozulmasına başqalarından daha çox gərək varmış. Yuxugörməni yozmağa başlayanda yuxugörənin ağlına özünün haçansa dağa qalxması ilə bağlı düşüncələr gəlmir, o burada, ilk olaraq, çox yaxın bir tanışının uzaq ölkələrlə öz ölkəsinin münasibətlərindən danışan “Baxış” adlı jurnal buraxdığını xatırlayır. Beləliklə də, yuxugörmənin gizli mənası bəlli olur: o, yuxusunda özünü “Baxış” dərgisini buraxan tanışı ilə eyniləşdirmişdi. Burada siz yuxugörmənin açıq və gizli elementləri arasında büsbütün yeni tipli ilişkiləri görürsünüz. Yuxugörmənin elementi şüuraltındakı məzmunun korlanmasından yox, onun təsvirindən, obrazlaşdırılmasından yaranmış və buradakı ”baxış” sözünün səslənməsi də yuxugörmənin yaranmasına öz təsirini göstərmişdir.

Yuxugörmənin daşıdığı məna ilə yuxugörənin ona yanaşmasına gəlincə, bununla bağlı da çoxlu təəccüblü sözlər danışmaq olar. Düzdür, yuxugörən səmimidirsə, o, yuxusunun yozumunun doğru olduğunu boynuna alır, ancaq bununla yanaşı olaraq, yeni öyrəndiklərindən kədərlənə də bilər.

Mənbələr:

Ziqmund Freyd — “Psixoanalizlə ilkin tanışlıq”

https://az.m.wikipedia.org/wiki/Yuxu

Redaktə etdi:Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.