Ziddiyyət qanunu nədir?

Post date:

Author:

Category:

Ziddiyyət (yaxud Ziddiyyətsizlik) qanunu

İstənilən predmetdə eyni vaxtda müəyyən bir əlamətin olduğunu və ya olmadığını söyləmək mümkün deyildir. Belə ki, formal məntiqi baxımdan fikrin ziddiyyətliliyi yol verilməzdir, o, idrak prosesində dolaşıqlıq yaradır. Predmet və hadisələrin inkişaf prosesini dərk etmək hər cür hərəkət və inkişafın mənbəyi olan daxili ziddiyyətlərin mübarizəsini aşkara çıxarmaq deməkdir. Biz inkişaf prosesində köhnə ilə yeni, müsbət və mənfi arasındakı ziddiyyətlərin mübarizəsini anlamaqla təfəkkürdə real ziddiyyətləri aşkara çıxarırıq, fikirdə ziddiyyətlərə yol verməməyə çalışırıq.

Ziddiyyət qanununun mahiyyəti belədir: Bir-biri ilə müqayisə olunmayan iki hökm (eyni vaxtda, eyni mənada və münasibətdə bir-birinə zidd olan) eyni zamanda həqiqi ola bilməz, son nəticədə bunlardan biri yalan olmalıdır.

Doğrudan da, əgər A obyektinə hər hansı bir əlamət məxsusdursa, insan da öz mühakiməsində bunu iqrar etməlidir. İnsan eyni bir şeyi iqrar və eyni zamanda inkar etdikdə, o məntiqi ziddiyyətə yol vermiş olur.

Qanunu formula ilə belə yazmaq olur:

M – qeyri – M deyildir.

Aşağıdakı hökmləri nəzərdən keçirək: “Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə gedir.”  “Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getmir”. Bunlardan biri doğru, digəri yalandır. Burada fikrin yalanlığını bu qanun yox, praktika və konkret tədqiqat prosesi müəyyənləşdirir. Fikrin ardıcıllığı düzgün təfəkkürün əsas xassəsi olmaqla, ziddiyyət qanununda ifadə olunur. Konkret bir hökmdə müəyyən xassə, əlamət iqrar olunursa, başqa bir cəhətdən onlar edilirsə, onda bunlar bir-birilə zidd hökmlərdir.

Ziddiyyət qanununun tələbi odur ki, əşyaların özlərinin obyektiv xassələrini fikirdə düzgün əks etdirsin. Deyildiyi kimi, hər cür predmet keyfiyyətcə müəyyəndir, bu, o deməkdir ki, hər bir predmetin özünəməxsus xassələri vardır. İnsanlar öz fəaliyyətləri prosesində bu qanunauyğunluğu üzə çıxarmış və onu düzgün təfəkkürün struktur xüsusiyyətlərinin formalaşmasında ifadə etmişlər.

Məntiqi ziddiyyətlər

Ziddiyyət qanununun tələblərinin pozulmasından irəli gələn səhvlər cürbəcürdür, lakin onların ümumi adı – “məntiqi ziddiyyətlərdir”. Doğrudur, bəzən elə vəziyyət olur ki, bir adam həmişə digərinin ziddinə gedir, əks əhval-ruhiyyə ilə başqasının əksinə çıxış edir. Məsələn, M. Lermontovun qəhrəmanlarından Peçorin özü haqqında deyirdi: “Məndə anadangəlmə ziddiyyət təşkil edən ehtiras (şövq, maraq) vardır”. Bu cür adamlar ola bilər ki, ya haqlıdırlar, ya da haqsız, ya dahidirlər, yaxud da psixikasında pozğunluq baş vermişdir, lakin burada məntiqi ziddiyyət yoxdur. Başqa cür desək, burada mübahisə aparmaq mümkün deyildir. Məntiqi ziddiyyətə belə hallarda da yol verilir ki, eyni adam bir-birini istisna edən iki mülahizənin ikisini də həqiqət kimi qəbul edir. İ. Turgenyevin “Rudin” romanında deyildiyi kimi, “Əqidə yoxdur” və “Əqidə vardır” mülahizəsinin bu və ya digərinin eyni zamanda bir adam tərəfindən qəbul olunmasının özü məntiqi ziddiyyətdir.

Molla Nəsrəddin haqqında aşağıdakı söyləyəcəyimiz hekayənin özü də məntiqi ziddiyyətin bariz nümunəsidir:

Bir dəfə Molla Nəsrəddin varlı və simic qonşusundan qazan istəyir. Qonşusu həvəssiz və çətinliklə qazanı verir. Molla Nəsrəddin isə qazanı qonşusuna qaytararkən yanına bir balaca qazan da qoyub qaytarır və belə deyir ki, qonşu, qazan doğdu. Qonşu buna ürəkdən şad olaraq, heç bir söz demədən qazanları məmnuniyyətlə aparır. O biri dəfə Molla Nəsrəddin yenə də qonşusundan qazan götürün, lakin qaytarmır. Qonşusu qazanı istədikdə molla təəssüflə bildirir ki, məmnuniyyətlə qazanı qaytarardım, lakin qazan öldü. Qonşu narazılıqla bildirir ki, nə boş-boşuna danışırsan, məgər qazan da ölə bilərmi? Molla cavab verir ki, qazan ölə bilməz, məgər doğa bilər? Doğan ölər də.

Məntiqi ziddiyyətlərdən şüurlu şəkildə istifadə olunmasına biz lətifələrdə də rast gəlirik. Qabrovalıların “Reklam” adından dövrümüzlə səsləşən lətifəsində deyilir:

“ – deməli, bu yeni parçadır?

  • Ancaq dünən birbaşa fabrikdən alınmışdır!
  • Bu parça rəngi solmayandırmı?
  • Siz nə danışırsınız? Bir aydan çoxdur ki, mağazada sərgidən asılıb və ona heç nə olmayıb”.

                              Contradictio in adjecto

Çox zaman elmi idrakın özündə də məntiqi ziddiyyətlərə yol verilir və bunlar cürbəcür xarakter daşıyır. Bu ziddiyyətə sözlərin özünün birləşməsində də yol verilə bilər və buna “contradictio in adjecto” deyilir. Belə hallarda deyilir: “Qızdırılmış buz”, “Dairəvi kvadrat”, “İti bucaqlı dairəvi stol”,  “Otaqda qulaqları kar edici bir səssizlik var idi” və i. a. Ayrı-ayrı müddəlar, bütöv nəzəriyyələr, təbii-elmi (yaxud ictimai-siyasi) və fəlsəfi mövqelər arasında bu cür ziddiyyətlərə rast gəlmək mümkündür; hətta bütöv fəlsəfi sistemlər və onun hissələri hüdudunda da belə ziddiyyətlərə təsadüf edirik.

Məhkəmə praktikasında da ziddiyyətsizlik qanununun vacib əhəmiyyəti vardır. Bu qanunun fəaliyyəti günahsızlığa əsaslanır. Onun sübutu belə aparılır ki, həmin adam cinayət vaxtı başqa yerdə idi. Əgər bu fikir həqiqidirsə, bunun əksi olan fikir (o cinayət yerində idi) eyni zamanda doğru ola bilməz.

Mənbələr:

M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001

Z.C. Hacıyev – “Məntiq”. Bakı, “Təhsil” NPM, 2011

 

Redaktə etdi:  Fatimə Əliyeva

STAY CONNECTED

19,112FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...

Böyük Partlayış nəzəriyyəsi: Bütün zamanların ən böyük partlayışını necə sübut etdilər?

Müəllif: Naycl Henbest (ing. Nigel Henbest) – “Cambridge” Universitetinin doktoru, astronom, “The History of Astronomy” kimi 50-dən çox...